Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09
ƏVVƏLİNİ BURDA OXU

Kəndin ortasındakı mğazanın qarşısı tünlük idi. Kərim cavanlarla əyləşib damino oynayırdı. Mağazanın iki addımlığındakı həyətdə yükləyici traktor dayanmşdı.

Yükləyicinin çömçəsinin qatlanan yeri darvaza divarından xeyli hündürə qalxır, onu olduğundan daha möhtəşəm göstərirdi. Dədəm traktora baxıb dedi: «Bəlkə, gedək yiyəsiynən danışaq».

Darvazanı döydük, içəridən çıxan kişi Kərimin atası idi…

Mən də özümü itirdim, o da! Dədəm Kərimin atasını tanımırdı:

«Salam!»
Kərimin atası qorxa-qorxa:

«Salam!»
«Kişi, bu traktor sənindi?»

«Hə…»
«Biz bu kəndə qaşqın gəlmişik, özümüzə daxma tikmək istiyirik, bizə puluynan palçıq qatarsan?».
Kərimin atası sevindi:

«Niyə eləmirəm, eliyərəm. Gözüm üstə. Pul-zad da istəmirəm. Nə vaxt gəlim?».
Dədəm təəccüblə mənə baxdı… Sonra üzünü Kərimin atasına tutub dedi:
«Günü sabah»

«Gözüm üstə. Çayırlıqdadı yeriniz?»
Dözmədim:

«Dədə, gəl gedək, bu mənnən dalaşan oğlanın atasıdı».
«Nə!!!» - dədəmi ilan vurdu elə bil - «Sənnən dalaşan?!»

Kərimin atası söhbəti yumşaltmaq istədi:
«Əşşi elə-belə bir işdi, uşaqlar balaca savaşıblar».
Dədəm əlini şişib göm-göy olmuş gözümə uzatdı:

«Bu elə-belə işdi, ay Allah evinizi yıxsın!».
Kərimin atası qışqırdı:
«Əşşi çıx get burdan, üzümə qarğış niyə eliyirsən, yekə kişisən!».

Dədəm nəsə deməyə macal tapmamış Kərimin anası da gəldi, səs-küy qopdu, mağazanın qabağındakılar durub bizə yanaşdılar. Kərim əlinə bir ağac alıb dədəmin üstünə süzdü:

«Sənin var-yoxunu… Evimə hücum eləmisən, qaçqın koppayoğlu!».
Dədəm baltanı başının üstündə fırıldadıb ona tərəf addımladı.

Kərim baltadan qorxub dayandı. Mən fürsət tapıb onu vurmaq istədim. Ağacla özünü müdafiə elədi. Hətta ağac bir dəfə əlimin üstünə dəyib «taqqq» elədi. Göyüm-göyüm göynədim.

Camaat tez araya girdi, Kərimi tutdular. Kərimin anasının səsi bütün səsləri batırdı:

«Ə bu küçədə qalmışdara bax e… Necə qudurublar ee… Dayımın qapısında yallandılar-yallandılar, ində də qudurub üstümüzə cumullar!».
Yaşlı bir kişi ona təpindi, dədəmin qoluna girib, kənara çəkdi. Hamının eşidə biləcəyi səslə:

«Ağsaqqal kişisən, baltanı əlinə alıb camaatın qapısına hücum eləyirsən…»
Bu dəfə camaatın əlində balıq kimi partlayan Kərim qışqırdı:

«O ağsaqqaldı ki, Qiyas dayı?! Yalansa onun saqqalını! Oğraşdı o! Sən öl sənin ağsaqqal ağzını….!»

Kərimin anası:
«Biqeyrətlər, rədd olun bu kənddən. Qəhbə törəməsi!

Allah bilir hansı dərədən qovublar sizi. Namussuz köpəyoğlu, ... sənin saqqalına!».

Camaat çox idi. Ancaq nə Kərimi sakitləşdirmək olurdu, nə də anasını. Bircə atası sakit idi. Mübahisə yerinə təzə gələn, davanın səbəbini soruşan adamlara deyirdi: «Nə bilim ə… Əlində balta evimə hücum eləyib».

Bu sözü eşidən cavan, yaraşıqlı bir oğlan (görünür kəndin say-seçmələrindən idi) mənə yaxınlaşıb yavaş səslə dedi:

«Belə şeylərdən ötrü adamın qulağını kəsillər. Get qağanı da götür rədd olun burdan! Yoxsa, o biri gözünü də mən vurub tökəcəm!»

Dinmədim. Kərimin atası xısın-xısın davam eləyirdi: «Kənddə bir başıpapaqlı yoxdu də… Hər yoldan ötən gəlib qapımızı kəsdirir».

Dədəm isə bütün peyğəmbərləri, imamları kəndin ortasına töküb Qiyas kişini – kəndin ağsaqqalını inandırmağa çalışırdı ki, biz davaya gəlməmişik, palçıq qarışdırmaq üçün traktor axtarırıq.

Suya gedən, sudan gələn qızlar-qadınlar ayaq saxlayıb kəndin ortasında qopan mərəkəyə tamaşa edirdilər. Qızların arasında Sonya da gözümə dəydi. Bu dəfə gülmürdü nədənsə…

***

Dədəm heyvanı yerbəyer edib evə gələndən sonra söykəyini atıb çay istədi. Anam kənddə baş verənlərdən qorxmuşdu deyəsən. Odu ki, kişinin bütün dediklərinə anındaca əməl edirdi.

Dədəm çaydan bir qurtum alıb qaşlarını oynatmağa başladı.

Çay soyuyub buza döndü, yemək təkrar isinib süfrəyə gəldi, dədəmdən cınqır çıxmadı. Qaşlar eləcə «axtarış»ını davam etdirir, bir yerdə qərar tutmurdu. Görünür əmin idi ki, beyninin hansı küncündəsə düşdüyümüz vəziyyətdən çıxış yolu var. Sadəcə bu yolu tapmaq, həyata keçirmək gərəkdir.

Nəhayət qaşlar baş-başa gəldi və anındaca dədəmin səsi eşidildi:

«Bala, get Sənəm arvadı çağır».

***
Sənəm arvad tumanını yığıb sobanın yaxınlığında oturdu. Anam çay süzdü. Dədəmlə Sənəm arvadın arasında belə bir dialoq oldu.

«Ay Sənəm arvad, sən haqq adamısan, bu Kərimin atası nə təhər adamdı?»

«Nə təhəri olacaq, adamdı da…»

«Axı onlar niyə belə elədilər, bizim nə günahımız vardı?»

«Qudurğandılar, a kişi!»

«İlyaznan nə təhəri qouhumdular?»
«Kərimin anası İlyazın ögey bacısının qızıdı».
«Mehribandılar?»

«Külü qoyum onnarın mehriban başına. İt-pişik kimidilər. O ili otuz kilo pambığın üstündə Kərimin anası İlyazı itdən alıb itə vermədimi?»
«Bilirsən, Sənəm bacı, biz bu kənddə qəribik, heç kimi tanımırıq.

Kəndin acı var, gici var, alkaşı-avarası var. İndi bu adamların hər birini tanımaq üçün gündə yaxalaşmalıyıq? Kənddə bir ağsaqqal da yoxdu ki, gedib dərdini deyəsən».

«Əşşi onnar ağsaqqal-qarasaqqal sayan döyüllər, özünə əziyyət vermə».

«İndi mən neyləyim, bax gör uşağın sifətini nə günə salıblar? Sabah dərsləri başlayacaq, dayısı xəbər göndərib, necə gedsin indi? Durum gedim şikayət eləyim, camahatnan üz-göz olum?

Böyün o qədər adamın içində mən yaşda adama dişinin dibindən çıxanı dedilər, üstümə dartındılar… Biz də yiyəsiz deyilik, bizim də adamlarımız, qohum-əqrəbamız var».

«…»

«Bəlkə kalxoz sədrinə şikayət eliyim».

«Birin ağına!»

«Birin ağı nədi?»

«Görməmisən, köpəyoğlunun bir gözünə boz gəlib, kordu. O, adamdı ki, dərdini deyəsən. Pul alıb öz oğlunun qanını batıran adamnan nə gözdüyürsən?».
«Oğlunu öldürüblər sədrin?»

«Bıy! Xəbəriniz yoxdu?! Sədrin bacısı oğlu rayonnan qız istiyirdi, vermirdilər. Elçi-elçi üstündən getdi, xeyri olmadı. Onda hələ sədr döyüldü bu oğraş. Bacısına məsləhət görür ki, uşaqlar qızı qaçırsın.

Qızı da evdən çölə buraxmırdılar. Bir gün qız ata-anasıynan bizim kəndə toya gəlir. Bu cavannar da – sədrin oğlu, bacısı oğlu, iki nəfər də dostları, toyda içib keflənillər.

Bacısı oğlu sədrin maşınını götürür, çıxıllar yola. Gözləyillər, qızın atasının maşını gələndə yolu kəsillər. Kişi yerə düşəndə görür ki, bunnardı! Tez əlindəki knopkaynan maşının qapısını bağlayıb harasa zəng eləyir.

Uşaqlar maşını sındırmağa cürət eləmillər, uzaqlaşıllar. Həmin gecə, yalan olmasın, bəlkə iyirmi qara rəhli maşın gəlib vıyıldaya-vıyıldaya kəndi dörd dolandı, getdi.

Hamı sədrin bacısı oğluna dedi ki, a bala, bunnar kimdisə güclü adamlardı, gəl bu söydadan vaz keç. Uşaq dedi keçmənəm. Arada bir dəfə də sədrin maşınıynan gedib rayonda qızgilin məhəlləsində fırlanıllar.

Bu mament o qara maşınnnılar düşüllər uşaqların dalınca, Bərdə yolunda maşını mühasirəyə salıb tutullar. Uşaqların biri kanala tullanıb qaçır, o biri özünü pambıqlığa verir. Sədrin oğluynan bacısı oğlunu tutullar.

Tərs kimi həmin gün qızı istiyən oğlannan sədrin oğlu qoftalarını dəyişifmişlər. Adamlar səhv salıb sədrin oğlunu öldürüllər, qanın baisini də lüt soyundurub, otuzdurullar sədrin maşınına, deyillər arxana baxmadan sür, cəhənnəm ol.

Bu da qorxusundan maşını necə sürürsə, Hüsülüyə çathaçatda avaryaya düşür.
Dedilər sədrin oğlu avaryadan ölüf. Mən özüm meyidi gözlərimnən gördüm, bədəni deşik-deşik idi. Lomnanmı, almaturnanmı kürəyinə o qədər çırpmışdılar ki! Sinəsini də üç yerdən deşmişdilər. Necə avarya idi ki, bibisi oğlunun heç burnu da qanamamışdı.

Dəfinnən iki gün sonra «Birin ağı» bacısı oğlunu urusetə göndərdi, kalan pul alıb oğlunun qanını uddu. Hökuməti də pulnan susdurdular. Onnan sonra parıldadı bu kişi. Tükan aşdı, rayonda ev aldı, kənddə dvares tikdirdi, keçən il də rüşvətini verib gəldi oturdu vəzifədə. İndi qılıncının dalı da kəsir, qabağı da!»

«Mən də deyirdim daxal üçün bir iki ağac istiyim onnan».

«Vallah nə bilim, özünüz məsləhət eliyin. İstiyin, bəlkə də verər. Onun əlində bir daxal tikmək nədi ki!»

«Bə bu Zülfüqar nə təhər adamdı».

«Hansı Zülfüqar? Tıs- tısı deyirsən?»

«Şofir…»

«Hə… Hə… Odu, odu. Bir dəfə maşınıynan rayonnan gəlirmiş, görür ki, yolnan bir təkər yumalanır. Deyir, nə yaxşı oldu. Tez maşını saxlayıb təkəri atır kuzasına. Evə çatanda arvadına deyir ki, büyün yaxşı bir qazanc eləmişəm: təkər tapmışam. Arvadı baxır ki, öz maşınının təkəridi, yolda açılıb, yumalanıb, xəbəri olmuyub.

Bir dəfə də ova gedifmiş. Güllə atmaq istəyəndə tüfəngi pısıldayır. Barıtı islanıfmış. Görür açılmadı, lüləni ovcuna tutur, qırmalar dığıltıynan əlinin içinə tökülür. O gün axşamacan Zülfüqarın ovu belə keçir. Bütün patronları tısıldıyır, bütün qırmalarını ovcuna töküb cibinə yığır. O vaxtdan adı «Tıs-tıs Zülfüqar» qalıb. Amma pis adam döy».

«Səndə söhbətlər varmış…»

***

«Sədr mənə iki ağac verdi» - dədəm sevindiyindən az qalırdı qanad açıb uçsun. Cəld evdən balta, ip götürüb kalxozun parkına yollandıq. Qarovulçunun göstərdiyi ərər ağaclarını kəsib arıtladıq.

Dədəm əvvəlcə addımları ilə, sonra metirlə hər şeyi ölçüb-biçdi, kərənləri lazımı ölçüdə kəsib nizam hala gətirdi. Sonra traktor tutub məhəllə yerinə apardıq. Həmin gün məhəlləmizə ilk lapatkəni vurduq.

İşmizin üstünə birinci gəlib çıxan Sonyanın atası oldu. Onun eynən qızı kimi yaraşıqlı çöhrəsi, ağappaq, arxaya daranmış saçları vardı. Dədəmlə görüşən kimi üz-gözünü tökdü: «Adam yer tutanda bir məsləhət eləməz? Mən buranı dörd ildi ki, behləmişəm. Sədr də bilir, camaat da».

Hətta lapatkə vurduğumuz yerin üç addımlığında basdırdığı daşı da göstərdi. Dədəm uzun sükutdan sonra ərkyana bir təbəssümlə dedi:
«Sənin oğlannarın hələ balacadı.

Onnar böyüyənə kimi bundan da yaxşı yerlər tutarsan. Bizim imkanımız yoxdu, qabaqdan qış gəlir, bir daxma yerindən ötəri kənddən çıxmayacam ki!»

Sonyanın atası sərtləşdi:
«Məni maraqlandırmır. Nə çox yer var, gərək gəlib mənim qapımın ağzında tikiləsən».

Dədəm mümkün qədər yumşaq davaranmağa çalışdı:
«Qapının ağzında niyə? Sənin evin gör hardadı».

Sonyanın atası lapatkəni dartıb dədəmin əlindən aldı və kanala tərəf tolazladı.
«A kişi, çıx get mənim yerimdən. Sən nə təhər adamsan».

Dədəm onun üstünə çəmkindi:

«Sən kimsən ki, mənim lapatkəmi kanala atırsan. Sən öləsən, canın çıxsa da gedən döyüləm. İki dünya bir olsa, mən daxalımı burda tikəcəm».
Səsə-küyə Sonyanın əmiləri, əmisi oğlanları gəldi. Başladılar dədəmlə mübahisə eləməyə. Bir azdan qonum-qonşu da yığışdı. Hamı Sonyanın atasının sözünü deyirdi.

Dədəm isə bir addım belə geri çəkilmir, bütün gücünü səfərbər edib haqlı olduğunu sübuta yetirmək istəyirdi. Axır ki, Sonyanın atası özünü saxlaya bilməyib qışqırdı:

«Kişiliyin çatır get Kərimin cavabını ver. Sənə yazığımız gəlir, a bədbəxt, özümüz xətrinə dəymirik».

Dədəm tutuldu. Traktordan yenicə düşürdüyü kərənin üstündə oturub fikrə getdi.

***

Axşam kişi nə çay içdi, nə də bir loxma çörək yedi. Qapqara qaralmışdı. Məni çağırdı, yanında otuzdurub üzümə baxmadan soruşdu:
«Kərimi döyə bilərsən?»

Çaşdım.

«Sən onu döyməsən, bu kənddə qala bilməyəcəyik. Hamı üstümüzə ayaq alacaq, bizi götübarmaqlı edəcəklər. İcazə verirəm, onu tut, ustaddan gəlmə elə! Heç kimdən qorxma. Bu da olsun üç-dörd qoyun, polisə verib canımızı qurtararıq».

***

Kəndin üstündən qapqara buludlar axışırdı.

Buludlar çox alçaqdan və sürətlə gedirdi. Ya kənd göyün altından qaçır, ya göy bu kəndin üstündən sürüşüb harasa gedir, ya da buludlar kəndi yerli-dibli – tarlalı, evli, ağaclı, insanlı, heyvanlı süpürüb naməlum bir məkana aparırdı. Dünyanın sonu idi deyəsən – eynən müqəddəs kitablarda deyildiyi kimi…

Yerlə-göy biri-birinə qovuşmuş, hər şey başı üstünə çevrilmişdi…

Kəsilib səliqə ilə arıtlanmış ərər ağacları havada fırlana-fırlana uçuşur, daxallar ehmalca çökür, xan çinarları nəriltiylə aşır, başı görünməyən göydələnlər altından boğanaq qalxa-qalxa yerin təkinə gömülürdü. Havada şütüyən qırıcılar ürkmüş sərçələrə bənzəyirdi.

Axan buludların, sürüşən göyün uğultusuna ildırım gurultusu da qarışdı. Hər gurultudan əvvəl şimşək gecənin köksünü bədheybət bir qüvvə ilə qamçılayır, hər qamçı işıq parıltısı ilə gecənin vahiməsini bir anlıq gözə soxur, təzədən geri alırdı.

Qamçının çıxardığı hər işıqla bir tanış mənzərə görünürdü:

Kərimin qəzəbli sifəti, dədəmin kepqası, baltası, sovet sədrinin tüksüz başı, sahə müvəkkilinin paqonları, qoyunlarımız, pambıq tarlası, Teylurun arvadının hədələri, hətta Teylura atılan güllənin səsi, Sənəm arvadın danışığı, qardaşımın hönkürtüsü, mağazanın qarşısındakı mərəkə, sifətimə dəyən yumruqlar, Sonya, anam, Kərimin anasının səsi, atasının titrəyən dodaqları, Şofir Zülfüqarın fısıltısı, kolxoz sədrinin bozarmış gözü…

Mağazanın qarşısındakı mərəkəyə öz kəndimizin adamları, başqa millətlər, hətta ermənilər, qulağı sırğalı zəncilər də qatılmışdı. Kimin kimlə savaşdığı bəlli deyildi.

Qamçının parlatdığı işıqda Sonyanın, bacımın, qardaşımın və anamın sifəti daha çox görünməyə başladı. Basabasda imkan tapıb Sonyanın üzündən öpdüm. Sonya çevrilib bacım oldu.

Bacım əvvəl Sonya kimi, sonra özü kimi danışdı, amma danışan Sonya idi. Kərimin anası anamın sifəti, öz səsi ilə dədəmə söydü. Ardınca səsi də dəyişdi, ancaq o yenə anam idi. Kərim qardaşımın sifətində öz yumruqları ilə vurdu məni. Tutmaq istədim, əlim qalxmadı. Kərim qardaşımın sifəti ilə ağlayır, öz yumruqları ilə döyür, dədəmin səsi ilə danışırdı.

Getdikcə sifəti də, səsi də özünün oldu - əlim-ayağım işə düşdü. Saçlarından yapışıb qarnını yumruqlamağa başladım. İki qatlandı. Sonra dizimlə ağzına…

Başını qaldırdı. Sifəti qanın içində idi. Ancaq qan görünmürdü.

Uğultu, axan buludlar, kəndin üstündən sürüşən göy Kərimi əlimdən alıb aparmaq istədi, yaxasını buraxmadım. Kərimlə birlikdə mən də buludlarla axır, kəndlə birlikdə göyün altından sürüşürdüm.

Təkrar-təkrar Kərimin ağzına yumruqlar vurmağa başladım. Kərim arxası üstə yıxılır, torpaq olmadığından yıxıla bilmir, mən isə döyməkdən yorulurdum. Kərimi bir də yaxalayıb vurmaq istədim - o, qardaşım idi. Ancaq sifəti də səsi də özününküydü.

Hətta səsini açıqca eşidirdim də: «Dur, dur, dur». Bilmirdim mənə deyir, yoxsa sürüşən göyə, axan buluda. Kərim «dur» kəlməsini təkrarladıqca səsi dədəmin səsinə çevrildi: «Dur! Dur! Dur!»

«…Dur, a bala! Məhəlləyə gedirik».

Dədəmin səsi oyatdı məni…

***

Saman-palçıq yoğurmağa başladıq. Təzə qonşulardan heç kim görünmürdü. Yalnız Sonyanın atası kanalın tilinə qalxıb xəbərdarlıq elədi: «A kişi, havayı əziyyət çəkmə, onsuz da o yeri sənə verməyəcəm».

Dədəm dinmədi.

***

Günortadan sonra mən əlimə ağac alıb qardaşımın yanına – örüşə yollandım. Kənddən xeyli aralananda gördüm ki, böyük kanalın kənarındakı torpaq topalarının üstündə kimsə oturub balıq tutur. Siqaret yandırmaq üçün yaxınlaşdım:

«Salam əleyküm».

Çevrildi… Kərim idi.

***

Kərim məni görən kimi ayağa durdu. Burun-buruna dayandıq. İkimiz də çaşıb qalmışdıq. O da udqundu, mən də. Boğazımdan xırçıltı səsi gəldi. Açığı ehtiyat edirdim Kərimdən.

Onun boyu məndən qısa olsa da, işləməkdən bərkiyib yoğunlamış qolları, güclü pəncəsi, sərt baxışları, ciddi sifəti vardı. Kərim mənimlə dalaşmaq istəməzdi təbii…

Çünki o, «öz işini» artıqlaması ilə «görmüş», kim olduğunu bizə «sübut eləmişdi». Qalırdı bizim cavabımız. Həyəcanlıydım: birdən davanı başlayaram, o məni döyər deyə.

Bundan sonra adam içinə çıxmaq bir yana, dədəmin gözünə görünməyəydim gərək. Dədəmə görə Kərimə döyülsəm, üzüsulu köçüb getməliydik bu kənddən.

«Kərim, məni niyə elə vurdun?» - salamsız-kalamsız sözə başladım
«Gəl o söhbətə qayıtmayaq. Oldu getdi, səhvimi başa düşdüm».

Hirsimi, həyəcanımı mümkün qədər gizləməyə çalışdım:
«Bə camaatın içində söydüyün o söyüşləri hara yazaq? Məni vurmağını bağışladım, amma razı olarsanmı sənə, sənin atana o qədər adamın içində sən söydüyün söyüşləri söyüm?».

«Gəl o söhbət qayıtmayaq də… Oldu getdi».
«Necə qayıtmayaq. Heç olmasa təklikdə ye o söyüşlərin cavabını».

Məni başayaq süzdü. Baxışları əlimdəki ağaca ilişib qaldı. Gözlərindəki qorxunu sezcək ürəkləndim. Amma özünü qorxan kimi göstərmirdi:
«Səndən neçə bayram böyüyəm, bir şillə vurmuşam, nə olsun, niyə kin saxlayırsan».

Səsimi qaldırdım:

«Şilləyə görə yox, söyüşə görə cavabını almalısan».

O da səsini qaldırdı:
«Sən məni söyə bilməzsən!»
«Söyərəm, lap bacını da …!»

Qəfil bir addım dala çəkilib bayaqdan əlimdə rahladığım ağacı var gücümlə Kərimin təpəsinə endirdim. Əllərini başına aparıb çökdü, oturacağı yerə gəldi. Barmaqlarının arasından şoşaqlayan qan sifətinə töküldü.

İkinci, üçüncü ağacı vurdum, yıxıldı. Yerdə budalamağa başladım… Ağacların zərbi altında ilan kimi qıvrılıb açılan Kərim dəhşətli bir səslə bağırdı: «Neynirsəəən! Neynirsəəəəəən!!! Ay camahat, qoymuyun, öldürdü məniiiii!!!»

Əl saxladım. Kərim ağır-ağır yerindən qalxdı, ağzına-burnuna dolan qanı toz-torpaq qarışıq fınxırıb üstümə cumdu. Qana batan əlləri ilə boğazımdan yapışdı. Biləkləri güclü idi, heç yuxuda gördüyüm adama oxşamırdı.

Nəyin bahasına olur-olsun dözməli idim. Gec-tez heydən düşəcəkdi Kərim. Bu qədər qan itirmək havayıdırmı. Amma hələ güc-qüvvəsi yerində idi. Arada dizlərimi yerə gətirdi də! Atdığı yumruqları boynumun və başımın arxası ilə dəf edirdim. Yaxalaşdığımızdan ağac bir kənara düşmüşdü.

Az keçməmiş Kərimin əllərinin əsdiyini gördüm. Onu arxaya basıb sifətinə daha bir-iki qapaz vurdum. Kərim məğlubiyyətlə barışa bilmir, hikkəsindən zır-zır ağlayırdı:

«Alçaqlar, gör başınıza nə oyun açacağıq. Sən məni vurursan? Sən mənim başımı dağıdırsan? Hı!».

«Səni vuraram da, o qəhbə ananı …. də!» - daha qorxum yox idi. Ağacı təkrar əlimə almışdım. Çox o yan-bu yan etsə Kərimi təzədən al qanına qəltan edə bilərdim.

Bunu Kərim də hiss edirdi, odur ki, çox dərinə getmədi, «Görərsən, görərsən» - deyib hirsli-hirsli kəndə tərəf addımladı – «Sən hələ məni tanımırsan!».

Kərimin kanalın tilindəki şərit bağlanmış qarğısını dizimdə iki bölüb kanala tolazlayanda hiss elədim ki, hirsim hələ soyumayıb. Ancaq tədricən öfkəm qəribə bir kövrəklik duyğusu ilə əvəz olundu.

O gün axşamacan kənddən gələn yoldan gözümü çəkə bilmədim. Bir qaraltı görən kimi ürəyim tup-tup döyünürdü.

***

Qardaşımla heyvanın yanında ikən kənddə nələr baş verib… Bunu sonralar öyrəndim.

Kərimin atası da, anası da oğlanlarını al qanın içində qabaqlarına salıb aparıblar rayon polis şöbəsinə. Kərimi xəstəxanaya yerləşdirib sahə müvəkkilini iki yekəpər serjantla mənim arxamca göndəriblər. Polislər gəlib ki, dədəm saman-palçıq qatır.

«Oğlun hanı?»

Dədəm işi anındaca başa düşüb. Deyib, nə bilim hanı. Tapsanız, deyin gəlib mənə kömək eləsin. Görürsünüz ki, zığ-batdağın içində əlləşirəm.
«Oğlunu vermirsən, onda səni aparacağıq».

«Elə bu vid-fasonda?».

«Otur maşına, çox uzatma!»

Bu vaxt xoşbəxtlikdən qohumlardan biri bizdə imiş. Tez-tələsik taksiyə oturub, yataxlara xəbər aparıb. Kərimin bacıları isə daş-qaya ilə biz olan evə – Dəli İlyazın qonşuluğuna hücuma keçiblər.

Pəncərələri sındırıb, evin çardağını daşa tutublar. Söyüş-küfür də öz yerində… Anam isə bacımı qucağına sıxıb ağlayırmış evdə: «Yazıq balamı tutacaqlar, instuta gedə bilməyəcək…» (Sonralar anamı bu sözə görə lağa qoyub güləcəkdik). Birdən İlyaz çıxıb öz həyətlərindən. Əlində də yaba:

«Ha sizin körpə əmcəyinizi!!! Qızıxmısız, ləçərlər! Bilmirdiniz ki, söyəni söyəllər, döyəni döyəllər! Lap əcəb eləyib, əlinin içinnən gəlib!»

Sən demə Kərimin məni vurması İlyaza yaman dəyibmiş. Necə olmasa, biz onun adını tutub gəlmişdik bu kəndə, bizə bəslənən münasibət elə İlyaza olan münasibət idi. Bacımın ağlamağını görüb lap əsəbiləşib Kərimin bacılarına:

«O Teylurun goru haqqı, sizi buralarda görsəm bu yabanın sapını soxacam sizə. Rədd olun, qəhbə törəməsi!».

Xüləs, yataqdakı qohumlar xəbər tutar-tutmaz yığışıb məsləhət eləyiblər. Bir-iki nəfər bizim evə gəlib, qalanları dədəmin arxasınca gedib. Tanış-biliş, dostluq-kirvəlik… rəisi razı salıblar ki, ağsaqqal kişini içəridən çıxarsınlar, barışıq olsun. Polislər alaqaranlıq təcridxanaya yaxınlaşıb qapıları şaqqaşaraq açıblar:

«A kişi qalx!»

Dədəmdən səs gəlməyib. Əli zopalı serjantlardan biri yaxınlaşıb ki, dədəm palçığı qurumuş əllərini başının altına qoyub ayaqları döşəməyə bərkidilmiş dəmir oturacağın üstündə yatıb.

«Qalx, a kişi!»
Gözlərini açıb. Əsnəyə-əsnəyə qalxıb oturub.

Polis:
«Deyəsən yerin rahatdı».

«Günün altında o qədər əlləşmişəm ki… Bura çox sərindi, and olsun Allaha çıxmaq istəmirəm».
«Qalx, qalx, səni gözləyirlər».

***

Kərimgilnən barışmağımız uzun çəkdi. Allahtərəfi, kənd camaatı barışıq istəyirdi.

Kərimin atasını birtəhər yola gətirdilər, anası ram olmurdu. Axırda razılaşdılar ki, sahə müvəkkilinin «şirinliyindən» başqa Kərimgilə üç qoyun verək. İki erkək də sahə müvəkkili aldı. Dədəmin köhnə borcu da vardı axı…
Elə bil hər şey Kərimin döyülməyinə bənd imiş…

Kəndin təftiş komissiyasının sədri gəlib dədəmnən görüşdü:
«A kişi, sədrimiz məhəllənin şirinliyini istəyir».

«Bir toğlu verərəm, dostdarıynan kəsib yeyər».
«İki elə» - təftiş dirəşdi - «Bilirsən ki, burdan başqa adamlar da yer istəyir. Camaatın ağzını yummaq olmur. Deyillər, qıraqdan gələnə yer verirsiz, bizə yox».
«İndən sonra başımı ağrıdan olmayacaq ki?!»

«Olmayacaq» - təftiş əminliklə bildirdi.

«Razıyam» - dədəm əlini ona uzatdı.

Təftiş dədəmin əlini sıxıb gülümsədi:
«Bir toğlu da ağaclar üçün istəyir sədr».

«Nə» - dədəm təəccübləndi – «Elə bilirdim ağacları pay verib».
Təftiş çürümüş dişlərini göstərdi:
«Rəhmətliyin oğlu, biz hansı zamanda yaşayırıq».

***

Sonralar öyrəndik ki, sədr Sonyanın atasını qəsdən salıbmış üstümüzə. Deyibmiş ki, qaçqına nə etibar, bir şey verməsə neyləyərik? Sən irəli dur, şirinliyini verməsə yeri əlindən alacağıq.

Bu xəbəri də Sənəm arvad verməli idi bizə.

Amma biz Sonyanın atasını yaxından tanıyanda Sənəm arvad çoxdan rəhmətə getmişdi. Bəlkə elə o yox idi deyin qonşu olduğumuza baxmayaraq Sonyanın atasını yaxşı tanıya bilməmişdik. Bir də ki, Sənəm arvad sədr barədə nə lazımdırsa demişdi.

Sadəcə dədəm qulaqardına vurmuşdu onun sözlərini. Xüsusən ağacları alanda qınamışdı rəhmətlik arvadı. Hətta yarızarafat, yarıciddi demişdi: «Birin ağı pis adam deyilmiş».

***

Çoxdan dədəmi belə xoşbəxt görməmişdim.

Əlləri ilə palçığı taxta qəliblərə doldurur, çılpaq ayağı ilə üstündən basıb bərkidir, sonra qəlibi arxasınca məhəllənin açıq yerinə sürüyüb üzüqoylu çevirirdi. Özü də oxuya-oxuya:

Bu qəlbimin sevinci
Sənin yadigarındı

Mən də sevinirdim:
- Ay dədə, sovet sədrinin yanında yaman karıxdın haaa… - zarafatlaşmaq istədim.

- Karıxmadım. Şeirin ikinci misrası işimizin ziyanına idi. İstəyirsən deyim:
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası hayıf ki, yoxdur.

Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası hayıf ki, yoxdur

***

«Dur, ay oğul, evimizə gedirik».

Hövlank ayağa durdum. Üzümə bir-iki ovuc su vurub dədəmin dalınca düşdüm. Kəndin aralığında Sonya ilə qarşılaşdıq. Sonya ərkyana bir təbəssümlə bizi süzüb başı ilə dədəmə salam verdi. Ardınca da:

«Sabahınız xeyir, dayı» – dedi.
Qulaqlarıma inanmadım. O, gülmürdü, o, ciddi idi!

«Aqibətin xeyir, bala» – dədəm də təəccübləndi deyəsən.
Azca aralanmışdıq ki, mənə baxmadan soruşdu:

«Bu qızı tanıyırsan?»
«Təzə qonşumuzdu» – uçmağa qanad gəzirdim.

Sonyagilin çubuşu yenə darvazanın ağzında idi. Bizə baxdı, səsini çıxarmadı, quyruğunu laqeydcəsinə bulaya-bulaya çəpərin dibinə tərəf yürüdü.
Daxalımızın hər şeyi hazır idi, üstünü də örtmüşdük.

Bircə qapı-pəncərəsini salmamışdıq. Uzaqdaq çox da pis görünmürdü. Çardağını şiferləsəydik evdən seçilməzdi. Pulumuz olmadığından üstünə müşənbə çəkib nazik torpaq tökmüşdük.

Dədəm içəri keçdi. Mən həyətdə Sonyanın qayıtmağını gözlədim. Az sonra içəridən dədəmin qışqırığı eşidildi:

- Bay sənin evini allah yıxsın! Yıxsın Allah sənin evini!!!

İçəri qaçdım. Sədrin verdiyi ağacın ortası qırılacaq həddə əyilmişdi – tavan çökürdü.

Dədəm qaşlarını uzun-uzadı oynadandan sonra bu qərara gəldi:

«Evin ortasına haça qoymasaq mümkün olmayacaq».Azca fasilədən sonra dərindən köks ötürdü: “Ortasına haça qoyulan daxalın isə tövlədən heç bir fərqi yoxdu”.

son

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG