Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:08

Nizami Gəncəviylə razılaşmayan gənc yazar


Şərif Ağayar Azadlıq Radiosunun Bakı bürosunda. 4 mart 2010
Şərif Ağayar Azadlıq Radiosunun Bakı bürosunda. 4 mart 2010
“Oxu zalı”nda Milli Kitab Müsabiqəsinin ilk onluğuna düşən yazarlarla müsahibələrə başlayırıq. İlk həmsöhbətimiz “Kərpickəsən kişinin dastanı” povestinin müəllifi Şərif Ağayardır.

- Müsabiqələrdə iştirak etmək sizə nə verir?

- Bəzən deyirlər ədəbiyyat müsabiqədən kənar yaranır. Bu o qədər həqiqi fikirdir ki, təkrarlamağa ehtiyac yoxdur.

Mən tutaq ki, haqqında bəhs etdiyimiz povesti yazanda təsəvvür etmirdim nə vaxtsa milli mükafat təsis olunacaq və həmin əsəri müsabiqəyə verəcəyəm.
Şübhəsiz ki əsər müsabiqə üçün yazılmır.

Əsər bir düşüncə faktı, məsələlərə yazıçı münasibəti olaraq ortaya çıxır.

Sonra müəllifin ixtiyarı var ki bu əsəri hansısa müsabiqəyə təqdim etsin. Şəxsən mən müsabiqələrə qatılmaqla insanları inandırmaq istəyirəm ki, doğurdan da biz ciddi işlə məşğuluq.

- Şeir kitabınız çap olunmuşdu 2003-cü ildə... “Səhra məsnəvisi”. Esse və hekayələrinizlə əvvəldən tanış olsam da, həmişə mənə elə gəlirdi ki, şeirdə daha çox iddialısınız. Amma müsabiqənin onluğuna povestlə girdiniz. “Kərpickəsən kişinin dastanı” povesti ilə. Sizi onluğa çıxan povesti yazmağa nə vadar etdi?

- Süjet qaçqın düşmüş ailənin tanımadığı bir kəndə adaptasiya prosesindən ibarətdir. Ailə gedib tanımadığı bir kəndə düşür. Şübhəsiz ki, kənddə hər cür insanlar var. Bu ailə o kənddə heç kimi tanımır.

Amma kənd kənardan gələn adamı o saat tanıyır.

Bu kimdir, əsas da maddi vəziyyəti necədir. Təəssüf ki, bizim qəhrəmanımız, o qədər də imkanlı deyil.

Onun kənd sakinlərinə maddi və mənəvi dəstəyə ehtiyacı var. Ancaq insanlar – ən yüksək məmurundan tutmuş, pambıq qoruqçusuna qədər ona qarşı amansız davranırlar...

Bildiyiniz kimi əsərin adı böyük Nizami Gəncəvinin məşhur hekayəsindən götürülüb. Mən Nizami Gəncəvinin həmin əsərini çağdaş dillə desək yenidən dəyərləndirməyə çalışmışam.

Buna nə dərəcədə nail olmuşam oxucular bilər. Söhbət Nizami Gəncəvinin mənzum hekayəsində sırf didaktik xarakterli, hikmətli sözlər deyən zəhməti, halallığı hər şeydən uca tutan obrazdan gedir.

Bu xüsusiyyətlərinə görə cəmiyyətdən qaçır. Tənhalığa çəkilir və onun qarşısına çıxan cavan oğlanın rişxəndlərinə baxmayaraq ona izah edir ki, dünyada zəhmət və halallıq qələbə çalır. Mən povestdə gözlərimlə gördüyüm adekvat həqiqəti qoymuşam qarşıya.

- Nədir sizin həqiqətiniz?

- Povest ondan ibarətdir ki, bəzən belə olmur.

- Bəzən belə olmur, ya heç vaxt?

- Bədii əsərdə birmənalı qənaət düz deyil. Mən Nizamiyə deyirəm: Sizin hikmətli qənaətlərinizə hörmətlə yanaşıram, amma icazə verin həm də şübhə edim.

Nizami Gəncəvinin əsərinin metafizik qatını duymamış deyiləm. Ancaq dahi sənətkarla daha rahat ixtilaf yapmaq üçün onun hekayəsini realist müstəviyə çəkmişəm.

- Şərif bəy, müsabiqə başlayan kimi fərqli yanaşmalar oldu, bunlara münasibətiniz necədir?

- Yaşımın artıq elə dövrüdür ki, kənardan deyilən sözlər mənə o qədər də təsir etmir. Milli Kitab Mükafatı cox ciddi və uğurlu layihədir.

- Mükafatın əvvəlki üç yeri üçün pul nəzərdə tutulur. Sosial vəziyyəti nə qədər çətin olsa da yazar üçün pul əslində vacib şərt olmamalıdır.

- Pul əsas şərt deyil, amma pis şey də deyil.

- Müsabiqə olmasaydı da yazar yazacaqdı. İndi maraqlıdır, Azərbaycan yazarı o pulu alarsa daha çox problemlərini həll etməyə yönəltməyi düşünür, ya belə deyək, hansısa şadyanalığa?

- Mən öz adımdan danışa bilərəm. Ömrüm boyu maaşla, qonorarla yaşamışam. Maaşla yaşayan insanların, təbii ki, maddi ehtiyacları olur.

Şəxsən mən alacağım təqdirdə o pulu ehtiyaclarıma sərf edəcəm. Amma dostlar üçün nə isə yüngülvari şadyanalıq da istisna deyil.

"Kərpickəsən kişinin dastanı" əsərini burda oxu!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG