Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:31

«Sülh prosesi üçün çox da böyük optimizmə əsas yoxdur»


Tomas de Vaal
«Qara bağ» kitabının müəllifi, britaniyalı jurnalist Tomas de Vaal hazırda Bakıdadır. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və başqa ictimai təşkilatların rəhbərləri ilə görüşən jurnalistdən Qarabağ danışıqlarının gedişi, İspaniya Xarici İşlər nazirinin «Qarabağ artıq həll edilmiş münaqişədir» fikirlərini və Bakı ilə Yerevanın mövqelərini şərh etməyi xahiş etdik.

Onunla qısa müsahibəni təqdim edirik:

- Avropa Birliyinə sədrlik edən İspaniyanın Xarici İşlər naziri Migel Moratinos bugünlərdə Bakıda səfərdə olarkən belə bir ifadə işlətdi: «Daglıq Qarabag munaqisəsini bəziləri «dondurulmus», «uzadılmış» adlandırır, biz bunu «həlli tapılmıs munaqisə» kimi dəyərləndiririk». Münaqişənin və onun həlli üçün aparılan danışıqların az qala bütün tarixinə bələd adam kimi bu ifadə sizə nə deyir?

- Mən Bakıdakı müzakirələrimdən, o cümlədən də Xarici İşlər naziri cənab Məmmədyarovla müzakirələrimdən sonra bunu deyə bilərəm ki, hələlik sülh prosesi üçün çox da böyük optimizmə əsas yoxdur. Belə görünür, Ermənistan Türkiyə ilə normallaşma prosesini pozur. Qarabağ münaqişəsinin həllinə dair əsas prinsiplər sənədində də hələ razılaşdırılmayan məqamlar qalır. Ona görə də indiki vəziyyətdə məncə, sülh prosesində o qədər də böyük optimizm yoxdur.

- «Əsas prinsiplər sənədi» deyəndə yəqin ki, «Madrid prinsiplərinin yenilənmiş variantı» deyilən sənədi nəzərdə tutursunuz. Belədirsə, bu sənəd haqqında məlumatlarınızı bizimlə bölüşərsinizmi? Bakıda deyirlər ki, həmin sənəd dövlətlərin ərazi bütövlüyünü əsas götürür. Yerevandan isə eşidirk ki, yox, sənəddə xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasdır…

- Mən Madrid prinsiplərinin yenilənmiş variantı haqqında konkret bir şey deyə bilmərəm. Yalnız onu bilirəm ki, bu prinsiplərdə «ərazi bütövlüyü» ifadələri də yer alıb, «öz müqəddəratını təyin etmə hüququ» ifadəsi də. Orada həmçinin dərhal olmasa da, hansısa mərhələdə Qarabağ ermənilərinin danışıqlar prosesinə qatılmasının mümkünlüyü qeyd edilir. Çünki razılaşmanın işləməsi üçün bu lazımdır.

Məncə, baza prinsiplərində ən əsas ideya aralıq statusdur. Yəni işğal olunmuş torpaqlardan çəkilməyin əvəzinə Dağlıq Qarabağa hansısa formada bir beynəlxalq statusun verilməsi. Yəni o, tam müstəqil dövlət olmur, amma hansısa formada bir beynəlxalq təminat əldə edir.

- Bugünlərdə Türkiyə bildirdi ki, İspaniya da sülh danışıqlarına vasitəçilik edənlərin cərgəsinə qoşula bilər. Bu ideya sizə nə qədər real görünür? Reallaşarsa, Bakı ilə Yerevan Madriddən nə gözləyə bilər?

- Mən İspaniyanın uzun müddət bu prosesdə əsas oyunçu olacağını düşünmürəm. O, indi Avropa Birliyində vacib tərəflərdəndir. Amma Avropa Birliyi də bu işdə böyük rola malik deyil. Bu qurum münaqişənin həllindən sonrakı danışıqlarda vacib olacaq, indiki münaqişənin həlli üçün aparılan danışıqlarda yox.

- Bu yaxınlarda Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Yerevanda keçirdiyi mitinqdə bildirdi ki, «Ermənistanın Azərbaycanın 5 rayonunu qaytarması gündəlikdədir». Sizcə, bu beş rayon münaqişənin həlli üçün həlledicidirmi?

- Ermənistan dəfələrlə sülh planlarının müzakirəsi zamanı Qarabağın qərbində olan bu rayonların qaytarılmasına razı olduğunu bildirib. Sual budur ki, hansı şərtlərlə və hansı mərhələlərlə? Ermənistan tərəfi bunun üçün Qarabağın təhlükəsizliyinə və dövlətçiliyinə təminat almaq istəyir. Təbii ki, Azərbaycanın da qırmızı xətti var. Bu xətt dövlət məsələsindən keçmir. Ona görə hər şey bir-birinə bağlıdır. Deyə bilmərik ki, hansısa məsələ ayrıca həll oluncaq.

- Bakıdan son vaxtlar tez-tez bəyanatlar səslənir ki, daha 15 il gözləyə bilməz, danışıqlar nəticə verməsə, başqa variantlar gündəliyə gələcək və s. Sizcə, indi Bakı bu münaqişəni öz maraqlarına uyğun həll edəcək gücdədirmi?


- Məncə, tərəflərdən heç biri təhdidlərlə qələbə qazana bilməz. Tərəflər güzəştlərə hazır olmalıdırlar. Məncə, Bakı cəmiyyətə güzəştlər lazım olduğunu daha açıq izah edə bilər. Ermənilər də eyni işi görməlidirlər. Bunun üçün də gözləmək yox, daha çox iş görmək lazımdır. Hər iki tərəf sülh razılaşmasına hazırlamaq üçün daha çox işləməlidir. Bu sülh razılaşmasını azərbaycanlılar və ermənilər əldə etməlidirlər, başqaları yox. Onlar da sülhü əldə etmək üçün çalışmalıdırlar.

Mənə elə gəlir ki, indi müzakirə olunan sənəd sülh danışıqlarının 15 illik tarixində əldə edilməsi mümkün olan ən yaxşı sənəddir. Ona görə çalışmaq lazımdır ki, o, həyata keçirilsin. Mən deməzdim ki, «plan B», başqa variantlar var. Belə görnür, bu, tərəflərin razılıq əldə edə biləcəkləri ən yaxşı həll variantıdır.
XS
SM
MD
LG