Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:15

Hakimiyyət pencək kimidir, başqasının əynində görəndə, sənə elə gəlir ki, böyükdür. Öz əynində olanda isə fikirləşirsən ki, dardır.

Vaxtilə Rusiyanın ilk prezidenti Boris Yeltsin hakimiyətə gələndən sonra siyasi düşüncələrinin kəskin şəkildə dəyişməsini belə izah edirdi.Seneqalın prezidenti Abdoulaye Vade, sanki Rusiya prezidentinin səmimi düsturunu isbat etmək fikrinə düşüb.

Hər halda 84 yaşlı prezident Vade ilə 2000-ci ildə ilk dəfə bu vəzifəyə seçilən Vade arasında böyük fərq var.
Turistlər üçün nəzərdə tutulan bu abidənin bilet satışından əldə olunan gəlirin 35 faizi Vadenin özünün yaratdığı fonda gedəcək. Fondun rəhbərliyi isə prezidentin qızına həvalə olunub...

TOTALİTARIZM ƏLAMƏTLƏRİ


Uzun illər özünü sosialist ölkəsi adlandıran Seneqal 2000-ci ildə keçirilən demokratik seçkilərlə özünə həm yeni prezident, həm də yeni pluralistik cəmiyyət xətti seçdi. Lakin bu ölkədə getdikcə daha çox totalitarizm əlamətləri tapmaq olur.
- Ölkədə korrupsiya artır
- Vade 2012-ci ildə yenidən prezident seçilmək arzusunda olduğunu deyir
- Seneqal Konstitusiyasında müvafiq dəyişikliklər edilib
- Vade Dakar şəhərinin meri uğrunda seçkiləri uduzan və siyasətdə heç bir təcrübəsi olmayan oğlu Kərimi nazir vəzifəsinə təyin edib

VƏ BİR DƏ HEYKƏL MƏSƏLƏSİ


Aprel ayında Seneqalın paytaxtında nəhəng bir abidənin açılışı nəzərdə tutulub. Hündürlüyü 50 metr olan bu abidə, məsələn Nyu Yorkdakı Azadlıq ilahəsindən də böyükdür.
İlk baxışdan abidənin ideyasında elə bir qəbahət yoxdur. Kişi, qadın və uşaq heykəllərindən ibarət “Afrika renessansı” adlanan bürünc monumentdir. Abidə əsrlərlə məruz qaldığı ədalətsizlik və irqi ayrıseçkiliyə baxmayaraq dirçəlib ayağa qalxan Afrikalı ailəsinin rəmzi kimi nəzərdə tutulub.
Amma yerli ağzıgöyçəklər daha çox başqa detallara diqqət yetirirlər. Məsələn, abidə Şimali Koreya memarları tərəfindən hazırlanıb.
Və ya, onun qiyməti 23 milyon dollardır. Halbuki, ölkədə baş verən təbii fəlakətdən, daşqından sonra minlərlə insan hələ də evsiz-eşiksizdir, kasıbların sayı isə milyonlarla hesablanır.
Və ya, turistlər üçün nəzərdə tutulan bu abidənin bilet satışından əldə olunan gəlirin 35 faizi Vadenin özünün yaratdığı fonda gedəcək. Fondun rəhbərliyi isə prezidentin qızına həvalə olunub.

DİNDARLARIN ETİRAZI


Abidənin yarıçılpaq personajları yerli dindarların narazılığına səbəb olub. “The Ekonomist” jurnalı ümumiyyətlə qadının pozasına diqqət yetirərək yazır ki, onun qaməti erotik jurnallara çəkilən fotomodellərin duruşunu xatırladır. Əhalisi əsasən müsəlmanlardan ibarət olan Seneqalın imamları abidəni islama təhqir kimi qiymətləndiriblər.

Belə tənqidlərə cavab verən Prezident abidənin personajlarını kilsələrdəki İsa peyğəmbərin heykəlləri ilə müqayisə edib. Bu da öz növbəsində Seneqalın aparıcı dini icmalarından biri olan katolikləri qəzəbləndirib.

BƏS MÜXALİFƏT HARA BAXIR?


Son illər Afrika və müsəlman demokratiyasına nümunə göstərilən Seneqalın müxalifəti hara baxır? Axı demokratik ölkələrdə hakimiyyətin avtokratiyaya tərəf sapınmasının qarşısında məhz müxalifət durur. 13 milyon əhalisi olan Seneqalda 150 siyasi partiya mövcuddur. Son seçkilərdə müxalif siyasi qüvvələr səsverməni boykot etdilər.
Odur ki, parlament prezident tərəfdarlarının əlindədir və ona görə də Konstitusiyanı istədikləri kimi biçib-kəsirlər.
Lakin 2012-ci il prezident seçkilərində kimin qələbə çalacağı müxalifətin birliyindən asılı olacaq. 7 aparıcı siyasi partiyanın koalisiyası artıq yaranıb. Əgər onlar vahid namizəd ətrafında razılığa gələ bilsələr Seneqal sakinləri öz seçimlərini edə biləcəklər. Müxalifətin birliyi pozulsa, ölkə 86 yaşlı Abdoulaye Vadenin və onun ildən ilə özünə dar hiss etdiyi "Yeltsin pencəyinin" öhdəsində qala bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG