Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:05

Hakimlər niyə cazalandırılıb?


Ali Məhkəmənin sədri Ramiz Rzayev
Ali Məhkəmənin sədri Ramiz Rzayev
«O vaxt belə bir məsələ oldu ki, müəyyən miqdarda girov pul qoyulsun və məhkəmə prosesinə qədər Qənimət azadlıqda qalsın. Buraxmağı məsləhət bilmədilər. Amma mən hesab eləmirəm ki, Qənimət cəmiyyət üçün təhlükəli bir adamdır. Məncə, onu buraxmaq olardı».

«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva belə deyir. O düşünür ki, Azərbaycan məhkəmələrində çıxarılan qərarlar dahı çox sifarişə uyğunlaşdırılır.

Ali Məhkəmənin sədri Ramiz Rzayev isə martın 2-də keçirdiyi mətbuat konfransında bildirib ki, araşdırmalar Azərbaycan məhkəmələrinin daha çox həbs-qətimkan tədbirinə meyl etdiklərini təsdiqləyir. Əslində isə həbs qərarı o zaman verilə bilər ki, təqsirləndirilən şəxs cəmiyyət üçün çox böyük təhlükə yaratsın. Özü də bu təhlükənin mövcudluğu mülahizə əsasında olmamalıdır. Bununla bağlı məhkəmənin əlində konkret səbəblər cəmləşməlidir.

Cənab Rzayevun sözlərinə görə, rəhbərlik etdiyi qurumdakı müzakirələrdən sonra işində ciddi səhvlərə yol vermiş 15 hakimlə bağlı Məhkəmə Hüquq Şurasına müraciət edilib. Məhkəmə Hüquq Şurası müraciət edilən hakimlərdən 3-nün səlahiyyətinə vaxtından əvvəl xitam verib. Digər hakimlərə isə töhmət verilib. Onlardan bəziləri aşağı vəzifələrə keçirilib.

Ali Məhkəmənin sədri bu addımlardan sonra qeyd olunan məsələ ilə bağlı irəliləyişlərin müşahidə edildiyini deyib.

MƏHKƏMƏ HÜQUQ ŞURASININ BU ADDIMI TƏQDİRƏLAYİQDİR, AMMA…


Səidə Qocamanlı
Hakimlərin cəzalandırılmasının məhkəmə sistemində müsbət dəyişikliklər yarada biləcəyini düşünən hüquq müdafiəçiləri də var. Ancaq onlar hesab edirlər ki, bundan ötrü müəyyən addımlar atılmalıdır. Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, Məhkəmə Hüquq Şurasının bu addımı təqdirəlayiqdir. Amma bu işi ictimailəşdirmək lazımdır. Qoy heç olmasa səlahiyyətinə xitam verilmiş hakimlərdən zərər görmüş vətəndaşlar bundan xəbərdar olsunlar:

«Həmin hakimlərin əlindən əziyyət çəkən insanlar bundan xəbər tutub müəyyən orqanlara müraciət etsinlər ədalətin bərpası üçün».

Səidə Qocamanlı hesab edir ki, bu işin ictimailəşməsi həm də ona görə vacibdir ki, vətəndaşlar görsünlər ki, öz məsuliyyətini anlamayan hakimləri də cəza gözləyir. Onun fikrincə, hazırda Azərbaycanda məhkəmə sistemi kifayət qədər korrupsiyalaşıb və bunun qarşısını almaq üçün də ciddi islahatlara ehtiyac var.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev isə hakimlərin məhz həbs-qətimkan tədbirinə meylli olduqları üçün cəzalandırıldıqlarına inanmır. Deyir ki, əgər belə olsaydı, onda yalnız rayon məhkəmələrinin yox, apelyasiya məhkəməsinin, hətta Ali Məhkəmənin hakimlərinin də bu cəzadan kənarda qalmaları qaçılmaz olardı. Çünki apelyasiya məhkəməsinin aşağı instansiya məhkəmənin belə qərarlarını qüvvədə saxlaması halı kifayət qədərdir.
İntiqam Əliyev
Bu kimi qanunsuz qərarlarla bağlı vətəndaşların müraciətləri Ali Məhkəməyə də az ünvanlanmayıb:

HAKİMLƏR YAZILMAMIŞ QAYDALARA ƏMƏL ETMƏDİKLƏRİNƏ GÖRƏ CƏZALANDIRILIBLAR

«Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilən, töhmət alan, aşağı işə keçirilən hakimlər hansısa yazılmamış qaydalara əməl etmədiklərinə görə cəzalandırılıblar. Və belə cəzaların məhkəmə hüquq sistemində hansısa müsbət dəyişikliklərə səbəb olacağı inandırıcı deyil. Çünki fəaliyyətini davam etdirən hakimlər yaxşı bilirlər ki, həmkarları çıxardıqları qərarlarda obyektiv olmadıqlarına görə cəzalanmayıblar».

İntiqam Əliyevin sözlərinə görə, Ali Məhkəmə sədrinin hakimlərin nəyə cörə cəzalandırılmasını detallı şəkildə izah etməməsi, eləcə də Məhkəmə Hüquq Şurasının internet saytında bu məlumatların yerləşdirilməməsi də onun dediklərini təsdiqləyir. Hüquqşünas deyir ki, bundan sonra hakimlərin rüşvət almaqdan ehtiyatlanacaqlarını düşünənlər də yanılırlar. Çünki hakimlər bu sistemlə idarə olunurlar.

İntiqam Əliyev bildirir ki, indiyədək Azərbaycanda heç bir hakim korrupsiya əməlinə yol verdiyinə görə cəzalandırılmayıb. Halbuki, Azərbaycan məhkəmələrində işlərin pulla həll olunması barədə kifayət qədər məlumatlar var və bu barədə Məhkəmə Hüquq Şurasına da yetərincə müraciətlər olur. Elə məhkəmələrdə 15 dəqiqə müşahidə aparmaq da yetərlidir ki, vəkillərlə hakimlərin necə sövdələşdiyinin şahidi olasan.
XS
SM
MD
LG