Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26

Tacikistanda islamçılar kommunistləri qabaqladılar


Tacikistan seçkilər, 28 fevral 2010

Tacikistan seçkilər, 28 fevral 2010

Tacikistanda parlament seçkilərini prezident İmomali Rahmonun Xalq Demokratik Partiyası udub.

Bu, gözlənilən idi. Rahmon ölkəni 1992-ci ildən idarə edir. Bütün parlament seçkilərində hakim partiya mütləq qələbəni qazanır.

MÜSTƏQİL TACİKİSTAN TARİXİNDƏ İLK DƏFƏDİR Kİ…

ATƏT isə seçkilərdən sonra bildirib ki, «seçkilər yaxşı atmosferdə keçdi, ancaq əsas demokratik prinsiplərə cavab vermədi».

Bununla belə, seçkilərdə diqqəti çəkən bunlar deyil. İkinci yeri tutan partiyadır. Müstəqil Tacikistan tarixində ilk dəfədir ki, parlament seçkilərində islam partiyası kommunistləri qabaqlaya bilib.

Partiya siyahıları ilə səsvermənin nəticələrinə görə, İslam Dirçəliş Partiyası 7,7 faiz, kommunistlər isə 7,2 faiz səs yığıblar.

İslam partiyasının fikrincə, seçki ədalətli olsaydı, daha çox səs yığardı. İslam Dirçəliş Partiyasının lideri Muhiddin Kəbiri seçki komissiyalarını ittiham edib ki, hakimiyyət lehinə bir adamın bir neçə dəfə səsverməsinə imkan verib, islam partiyasının seçkiləri monitorinq etməsinə isə imkan verməyib.

Muhiddin Kəbiri
İslam partiyası namizədlərinə seçki ərəfəsi təzyiqlər də olub. Ən azı bir namizəd, Aşurali Abdulhayev, gecəyarı evində iki naməlum adamın hücumuna məruz qalandan sonra namizədliyini geri götürüb.

HAMI İSLAM DİRÇƏLİŞ PARTİYASININ UĞURUNU ARAŞDIRIR

Tacikistanda müxalifətin ən böyük partiyası Kommunist Partiyasıdır. Necə olub ki, islam partiyası kommunistləri qabaqlaya bilib?

Kommunistlər ara-sıra hakimiyyəti tənqid etsələr də, Tacikistanda heç kim kommunistləri prezidentə əsl müxalifət hesab etmir.

İslam Dirçəliş Partiyası isə 2005-ci ilin parlament seçkilərində öz mövcudluğunu cəmiyyətə təsdiq etdirəndən sonra, keçən bu 5 ildə öz tərəfinə xeyli gənc cəlb edib. Həmin gənclər işsizlikdən, cəmiyyətdə onlara imkanların yaradılmamasından şikayətlənənlərdir.

İslam Dirçəliş Partiyası seçki kampaniyasında ən fəal partiya olub. İslamçılar hətta hakim partiyanın ənənəvi güclü dəstəyi olduğu yerlərdə də hakim partiyanı udmağa çalışıblar.

Bütün bunlarla yanaşı, Farudin Ali adlı yerli ekspert AzadlıqRadiosuna deyir ki, Tacikistanda hətta seçki demokratik olsa belə, yaxın illərdə İslam Dirçəliş Partiyası seçkiləri udub, islamçı hökumət formalaşdıra bilməyəcək.

O deyir ki, taciklərin hamısı islami dəyərləri bölüşdürsə də, siyasi islama dəstək çox böyük deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG