Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:20

Elmlər doktoru 1-ci sinif kitabından baş çıxara bilmir


Yasamal rayonundakı 53 saylı orta məktəb
Yasamal rayonundakı 53 saylı orta məktəb
«Kitablarda çox səhvlərə rast gəlirik. Ötən il biz 1-ci sinif riyaziyyat kitabında 1000-ə yaxın səhv tutmuşduq».

Yasamal rayonundakı 53 saylı orta məktəbin 2A sinfinin müəllimi Rəvanə Babayeva bunu deyir. İş o yerə çatıb ki, kitablardakı səhvlərin bir çoxunu birinci sinif şagirdləri özləri görüb müəllimlərə deyirlər:

-Və o səhvlə birinci sinfi yola vermisiniz?

-Düzəliş edib yola verirdik, özümüz düzəldirdik və ya uşaqlar deyirdilər ki, müəllimə filan məsələ səhvdir, bunu düzəltmək lazımdır.

-Hətta birinci sinif şagirdləri də bilirdilər ki, səhvlər var?

-Bəli, oxuyurduq, yaxşı oxuyan uşaqlar deyirdi ki, müəllim, burda səhv var.

Rəvanə Babayevanın ötən il birincilərlə birgə düzəlişlər etdiyi riyaziyyat dərsliklərini hələ ki, dəyişməyiblər. Elə indiki birincilər riyazi bilikləri səhvlərlə dolu olan həmin kitablardan istifadə edirlər.

53 saylı məktəbin həyətində rastlaşdığım iki müəllimə də kitabların ibtidai sinif şagirdləri üçün anlaşılmaz olmasından gileyləndilər.

«Dili çətindir, uşaqların başa düşüləcəyi səviyyədə deyil. Baxıram ki, bəzən yazılanları müəllimlər anlamır, beş müəllim başa düşürsə, on müəllim başa düşmür».

Rəhim Axundov
53 saylı orta məktəbin ibtidai siniflər üzrə dərs hissə müdiri Rəhim Axundov kitablarda nöqsanların mövcudluğunu inkar eləmir, amma burda ciddi problem də görmür.

«SƏHVLƏR VAR, AMMA MÜƏLLİMLƏR ÖZLƏRİ DÜZƏLDİR»

«Əgər kitabda nöqsan varsa, müəllimlər ali təhsilli müəllimlərdir, onlar həmin səhvləri aradan qaldırılar və dərs davam edir. Yox, müəllim zəif müəllim olsa, o heç səhvləri başa da düşməyəcək və kurrikulumla bağlı bizim qarşımızda qoyulan məsələləri tamamilə məhv eləyəcək».

Fizika-riyaziyyat elmləri doktoru Məmməd Bayramoğlu etiraf edir ki, o birinci sinif üçün yazılan riyaziyyat dərsliyindəki məsələləri nəvəsinə izah etməkdə çətinlik çəkir:

«Mənə misal və məsələləri göstərirlər, amma mən onu nəvəmə anlatmaqda, izah eləməkdə çətinlik çəkirəm. Elə terminlərdən söz açılır ki, onu heç mən özüm bilmirəm».

Dərsliklərdəki səhvlərlə bağlı mətbuatda mütəmadi çıxış edən «Pedaqogika» nəşriyyatının direktoru, fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı da ibtidai sinif dərsliklərində xeyli səhv və anlaşılmazlıqların olduğunu deyir:

Əlövsət Osmanlı
«Siz deyin birinci sinifdə «barqraf», «teleqraf», «piktoqram» nə olan şeydir? Bu kitabları yazanlar orda nə yazdıqlarını özləri də bilmirlər».

«BİR KİTABDA MİN SƏHV? BU BOŞBOĞAZLIQDIR»

Amma Təhsil Nazirliyində dərsliklər və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı dərsliklərdə çoxsaylı səhvlərin olmasıyla bağlı deyilənlərlə razılaşmır:

«Bir kitabda minə yaxın səhv necə ola bilər, heç həmin kitabda min cümlə yoxdur. Bu boşboğazlıqdan başqa bir şey deyil».

Faiq Şahbazlı deyir ki, bir dərslikdə 1000-ə yaxın səhvin olması barədə deyilənlər müəllimlərə yox, öz yazılarında təhsil nazirliyini daimi tənqid edən ekspertlərə məxsusdur.

Əlövsət Osmanlı isə nazirliyə qarşı hər hansı qərəzi olmadığını, sadəcə dərslikləri təhlil edərək faktları üzə çıxardığını deyir. Ekspertin dərsliklərlə bağlı yazılarında təhqirlərə yol verdiyini iddia edən Dərslikləri Qiymətləndirmə Şurasının 11 üzvü isə Əlövsət Osmanlını məhkəməyə verib onun həbs olunmasını istəyirlər. Həmin Şura Təhsil Nazirlinin nəzdindədir. Yasamal Rayon Məhkəməsi martın 1-də iddia üzrə hazırlıq iclası keçirib və məhkəmə baxışı martın 5-nə təyin olunub.
XS
SM
MD
LG