Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:32

Tomas Hammarberq hüquq müdafiəçiləri ilə görüşdü


Martın 1-də hüquq müdafiəçiləri Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Çingiz Qənizadə Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqlə görüşüblər.

Bu haqda Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin mətbuat katibliyi məlumat yayıb.

Görüş barədə məlumat verən Arzu Abdullayevanın sözlərinə görə, insan haqları ilə bağlı problemlər əsas müzakirə mövzusu olub:

«Bütün sahələrə toxunuldu. Yalnız söz azadlığının boğulmasından, mediaya olan təzyiqlərdən deyil, eyni zamanda vətəndaşların mülkiyyət, sosial hüquqlarının pozulmasından, həbsxanalardakı vəziyyətdən, siyasi məhbuslara edilən təzyiqlərdən də danışdıq. Hətta 14 saylı müəssisənin rəhbəri Ərşad Rüstəmovun məhbuslara qarşı tətbiq etdiyi işgəncə hallarından, alçaldıcı metodlardan söz açdıq. Bildirdik ki, içəridə olarkən keçmiş siyasi məhbus Mirzə Sakitə qarşı da belə təxribatlar hazırlanıb. Eynulla Fətullayevin işi barədə də ətraflı məlumat verdik».

Arzu Abdullayeva bildirib ki, görüşdə Azərbaycan vətəndaşı olan erməni əsilli şəxslərin şəxsiyyət vəsiqəsi ala bilməməsi ilə bağlı yaranmış problemə də toxunulub:

«Söhbət zamanı qeyd olundu ki, bu şəxslərin şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi sülh quruculuğu istiqamətində görülən işlərin tərkib hissəsidir. Yaradılan əngəllər isə bilavasitə Azərbaycanın beynəlxalq aləmdəki imicini zərbə altında qoyur. Bununla kimlərəsə imkan veririk desinlər ki, Dağlıq Qarabağdakı ermənilər Azərbaycanın tərkibində yaşaya bilməz, onlara qarşı pis münasibət var. Hesab etdik ki, bu məsələ mütləq Qarabağ problemi çərçivəsində öz həllini tapmalıdır. Cənab Hammerberq öz çıxışlarında söylədiyimiz faktlara yer ayıracağını bildirdi».
XS
SM
MD
LG