Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:32

Bakı şəhəri Şəmsi Bədəlbəyli küçəsi sakinlərinin müraciəti


Hörmətli QHT və KİV nümayəndələri, biz, Ş.Bədəlbəyli küçəsinin yüzlərlə sakini son vaxtlar bəlkə də əsrin ən faciəli günlərindən birini yaşayırıq. Bakı Şəhər İcra Hakimiyyəti, Nəsimi və Yasamal rayon icra hakimiyyətinin nümayəndələri həmin ərazidə «Qış bağı» və ya İstirahət parkının salınacağını əsas gətirərək bizi illər boyu yaşadığımız mənzillərdən çıxarırlar. Bunun əvəzində isə bizə nə mənzil, nə də o mənzillərin alınması üçün gərəkli olan uyğun məbləğli vermək niyyətində deyillər. Dövlət adından danışdıqlarını deyən bu məmurlar ilkin olaraq bizə ödəniləcək kompensasiyanın 1500 dollar, bizim ciddi etirazlarımızdan sonra isə həmin məbləğin 1500 manata qaldırıldığını bəyan edərək bundan başqa bir qəpik də verilməyəcəyini bildirirlər.

Hörmətli QHT və KİV təmsilçiləri, bu ərazidə yaşayan insanların böyük əksəriyyətinin mənzillərin yaşayış sahəsinin çox kiçik olduğunu nəzərə alsaq ev bazarındakı hazırkı fantastik qiymətlərin müqabilində bizə verilən bu pullarla heç nə almağın mümkün olmadığı tam aydın olur. Məmurların sakinlərə Ş. Bədəlbəyli küçəsinə yaxın ərazilərdə təklif etdiyi mənzillər isə olduqca bərbad vəziyyətdədir və orada yaşamaq demək olar ki mümkün deyil.

Hazırda Ş.Bədəlbəyli küçəsi faşist Almaniyasının ikinci dünya müharibəsi zamanı əsirlər üçün yaratdığı qettonu xatırladır. Sakinlərlə heç bir razılaşdırıcı danışıq aparmadan, onların müvafiq mənzillərlə təmin olunması məsələsi həll edilmədən küçənin hər iki tərəfindən taxta hasarlar çəkilmiş, bəzi evlərin hətta rabitə və kommunikasiya xətləri kəsilmişdir. Halbuki sivil dünyada, hətta indi bəyənmədiyimiz sovet dövründə belə bu cür iri miqyaslı layihələr həyata keçirilməzdən öncə insanlara bu barədə bildirişlər təqdim edilir, onlara bazar qiymətlərinə uyğun kompensasiyalar verilir, ya da ki, adamlar artıq təmirli müvafiq evlərlə təmin olunurdular. Hətta insan haqlarının səviyyəsinə görə beynəlxalq təşkilatların siyahlarında son yerlərin birində qərar tutan Türkmənistanda belə insanların dövlət layihələrinin həyata keçirilməsi səbəbindən bir yerdən digərinə köçürülmə məsələsi çox sivil qaydada öz həllini tapır. Azərbaycanda isə hazırda bunların heç biri yoxdur. Məmurlar insanlarla olduqca kobud davranır, sakinlərin etiraz səslərinin polis dəyənəkləri hesabına yatızdırılmasına çalışırlar. Onlar polis bölmələrinə aparılır və bir daha heç nəyə etiraz etməyəcəyinə dair izahat yazandan sonra bölmədən buraxılırlar.

Hörmətli QHT və KİV nümayəndələri, bütün bunları nəzərə alaraq sizlərdən bizim pozulan hüquqlarımızın qorunmasında bizlərə yardım etməyinizi, bu dar gündə sıravi vətəndaşların yanında olmalarınızı xahiş edirik. (camel70@mail.ru)
XS
SM
MD
LG