Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:10
Yazıçı, ssenarist, rejissor, Azərbaycanın Yazıçılar, Kinematoqrafçıar və Jurnalistlər ittifaqlarının üzvü Orxan Fikrətoğlunun Milli.Az xəbər portalına müsahibəsi

- “Gərək qala” adlı yeni layihə başlamısınız. Bu ad, bu ideya haradan gəldi?

- Mənə elə gəlir ki, hər bir kəsin böyüdüyü məkan onun xatirəsidir. Bugünkü dünya düzəni məndə belə bir fikir yaradır ki, artıq tarix bitib. İndi artıq yeni bir tarix yaradırlar.

Və biz bu yeni yaradılan tarixin atributu ola da bilərik, olmaya da. Amma mənim öz yaşantılarım, xatirələrim var. Mən artıq 40 yaşımı keçdim və bu qərara gəldim ki, “Gərək qala” proyektində xatirələrimi, Bakının küçələrini, bu küçələrdə yaşayan tanıdığım, gördüyüm insanları, bütün parametrlərdə mənə təsir edən fərdlərin sözlərini, kəlamlarını, onların başına gələn hadisələri efirə gətirəm.

“Gərək qala” bu ideyadan doğdu. Layihədə ilk olaraq, Bakının 4 ən məşhur küçəsi, sonra Bakının 32 kəndi haqda verilişlər olacaq. Daha sonra düşünürəm ki, Azərbaycanın bəzi rayonlarına, Təbrizə, İstanbula, təhsil aldığım Moskva şəhərinə, ümumiyyətlə, mənim harada xatirələrim varsa, ora gedim, layihə ilə bağlı çəkilişlər aparım.

Bu proyekt heç bir tarixə, tarixi faktlara iddialı deyil. Ola bilsin ki orada tarixi faktlar səsləndirilməsin və ya qeyri-obyektiv yaxud qeyri-subyektiv səsləndirilsin. Çünki bunlar yalnız mənim həyatımdı və mən yalnız öz həyatımı ekrana gətirirəm.

Təbii ki, burada ANS-nin də rolu böyükdür. Bu ideya əslidə ANS-nin vitse-prezidenti Seyfulla Mustafayevlə mənim birgə ideyamızdır, o da Bakı mühitində yaşayıb, eyni xatirələimiz var.

Yeni layihəni tamaşaçılar sevib. İlk buraxılışdan verilişin reytinqinin yüksək olması da bunu sübut edir.

HİSS ELƏDİM Kİ ŞOU MƏNLİK DEYİL

- “Zorxana”nın və cəmi 2 dəfə efir üzü görmüş “Orxanın bazarı” proyektlərinin aqibəti necə oldu; niyə bu verilişlər bağlandı?

- Bilirsiniz, mən artıq 12 ildir efirdəyəm, canlı yayımdayam. İndiyədək “İçxəbər”, “Xəbərdar” və digər layihələri aparmışam. Hər bir layihənin yaranma və bitmə tarixi var. Mənə elə gəlir ki, “Zorxana” vaxtını bitirmiş proyekt idi və bitməli idi.

Yəni danışan eyni sifət – Orxan Fikrətoğlu artıq 7-8 il idi ki, hər gün efirdən günün baş xəbərini, prioritetini özünəməxsus tərzdə çözürdü. İndi mənə elə gəlir ki, artıq əhali siyasətdən kənardır və mənim siyasi şərh verməyim heç əhaliyə lazım da deyildi. Artıq apolitik bir cəmiyyət formalaşır, neotexnoloji yeniliklər baş verir.

Və insanlar daha yüngül formada informasiyalar almağı sevir.

Təbii ki mən jurnalistika fəaliyyətimdə və bədii yaradıcılığımda, ssenarilərimdə bu səviyyəyə enmirəm. Amma televiziya kütləvi sənət olduğundan, televiziyada bu gün “Gərək qala”, “Mozalan” kimi proyektlərə tələbat daha çoxdur.

“Orxanın söz bazarı” proyektinə gəlincə, açığı bu proyekt alınmadı. Hiss elədim ki, şou mənlik deyil. Təbii ki, bunu ANS də, yuxarı təşkilatlar da bilirdilər ki, Orxan Fikrətoğlu “şouluq adam” deyil.

Sadəcə, bir eksperiment eləməyə çalışdıq və bu da çox pis bir dövrə təsadüf elədi. Xatırlayırsınızsa, biz Şəkidən qayıdarkən avtomobil qəzasına düşdük, ANS-nin prezidenti Vahid Mustafayev və ailə üzvlərimiz.

Hadisə gözümün qarşısında baş verdiyi üçün mən şok vəziyyətində idim, qorxmuşdum.

Bu stress, verilişdə də özünü göstərdi və mən orada hətta bir müğənni qızın xətrinə dəydim. Jurnalistikada heç vaxt eləmədiyim bir işi elədim, onun şəxsi həyatına müdaxilə etdim. Və inanıram ki, o xanım da məni başa düşəcək, çünki mən xaraktercə elə insan deyiləm ki, həmin mövzuları işləyəm. Alınmadı da...

ƏGƏR İNSAN HƏYATA BİR DƏFƏ GƏLİRSƏ, O HƏYATI AZAD YAŞAMALIDIR

- Siz həm də “Mozalan”ın dövlət tərəfindən təyin edilmiş baş müdirisiniz, bədii rəhbərisiniz. Burada işlər necədir? Bu gün “Mozalan”ın vızıltısı keçərlidirmi?

- Əvvlcə qeyd edim ki, mən 1983-cü ildən kino sahəsindəyəm, “Mozalan” da sırf mənim sahəmdir. İşlər də ki, pis deyil, çalışırıq daha da yaxşı olsun. Sualınızın ikinci hissəsinə gəlincə, mən ümumiyyətlə, istəməzdim ki, jurnalistika cəllad olsun. İstəməzdim ki, “Mozalan”ın “vızıltısı” keçərli olsun və “neştəri” batsın.

Əslində cəmiyyət özü-özünü formalaşdırmalı və tənzimləməlidir. Bilirsiz, mən həmişə istəmişəm ki, mənim övladım bu cəmiyyətdə qul olmasın. Çünki mən özüm heç vaxt qul olmamışam.

Əgər insan həyata bir dəfə gəlirsə, o həyatı azad yaşamalıdır. Çox istəmişəm ki, hüquqi, azad, sivil bir cəmiyyət formalaşdıra bilək. “Mozalan” da bu yolda dövlətə, xalqa xidmət edən bir idarədir. “Mozalan”ı dirçəltmək də elə bu baxımdan ağlıma gəlmişdi. Mənə qədər “Mozalan” 10 il fəaliyyət göstərmişdi, lakin bu müddətdə çəkilən filmlər heç yerdə göstərilməmişdi.

Bilinmirdi ki, belə bir şey mövcuddur ya yox. Mən bu redaksiyaya rəhbər təyin olunandan sonra birinci çəkdiyim film, Nicat Feyzullayev, Emin Mirabdullayev, Vaqif Azəryarın çəkdiyi 3 süjet Afinada keçirilən beynəlxalq kino festivalında qalib oldu və mən Bakıya mükafat gətirdim. Yəni “Mozalan” birdən-birə elə inkişaf etdi ki, ölkəyə mükafat gətirdi.

Redaksiyada gənc rejissorlara meydan verdim. Xəyyam Abdullayev, Elməddin Alıyev və başqaları burada öz bacarıqlarını göstərdilər. Biz ilk dəfə olaraq “Mozalan”da Emin Mirabdullayevlə ilk satirik rok-opera çəkmişik.

Yeri gəlmişkən deyim ki, bu, artıq neomozalandır, biz onu ANS TV-nin efirindən də göstərəcəyik və düşünürəm ki, çox maraqla qarşılanacaq. Əslində biz neomozalanı inkişaf etdirə də bilərik.

Məsələn, efirdən tamaşaçılara müraciət edərik ki, çəkdikləri süjetləri bizə göndərsinlər, maraqlı olanları yayımlayaq. Lakin hesab edirəm ki, biz daha çox klassik “Mozalan”ın hörmətini özünə qaytarmalıyıq. Amma qeyd etdiyim kimi, cəllad olmamaq şərtilə, yaradıcı formada.

- Klassik “Mozalan” satirik kinojurnalı müntəzəm olaraq efirə çıxırdı. Lakin yeni “Mozalan” əvvəlki kimi tez-tez görsənmir. Bunun səbələri nədir?

- Düzdür, çəkdiyimiz süjetlərin hamısı demək olar ki, ANS TV-nin efirində “Mozalan” telelayihəsində yayımlanır. Lakin bu gün təkcə “Mozalan”da deyil, ümumilikdə Azərbaycan kinosunda prokat problemi var.

Hansı Azərbaycan filmləri çəkildiyi vaxt göstərilir? Bu gün telekanallar müstəqildir, dövlət televiziyaları da var, ancaq onların heç birinin kino sistemi ilə müqavilələri yoxdur ki, onu efirdə göstərsinlər.

Bədii film istehsal edən kinostduya dövlət prokatından asılıdır. Bu kimi problemlər olduğundan əslində bu gün mənim çəkdiyim “Mozalan” əslində bütün Azərbaycan filmləri kimi taxçada qalmalı idi. Sadəcə, biz ANS-lə birlikdə “Mozalan” proyektini açdıq və biz burada həm tarixi “Mozalan”ları, həm də bizim çəkdiyimiz yeni süjetləri ANS-nin efirindən göstəririk. Bu, bizim üçün bir pəncərədir, çıxışdır.

Ümumiyyətlə, prokat məsələsi dövlət səviyyəsində həll olunmalıdır. Mən bilirəm ki, Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayev bu haqda düşünür və ümid edirəm ki, yaxın vaxtlarda bu problem həll olunacaq.

- Bu yaxınlarda Türkiyədən, Türk xalqlarının 4-cü Beynəlxalq Kino Festivalından qayıtmısınız. Bir az da bu barədə danışardınız.

- Orada türk dünyasının çox böyük kino xadimləri iştirak edirdilər. Festivala Əli Xamrayev, Rüstəm İbrahimbəyov kimi məşhur kino xadimləri dəvət olunmuşdular.

Azərbaycanı yalnız mən təmsil edirdim. Festivalda çox mühüm şəxslərlə görüşlər oldu və əhəmiyyətli müzakirələr apardıq. “Türksoy” təşkilatının rəhbəri olan Qazaxıstanın Mədəniyyət naziri məni şəxsən qəbul etdi, fikirlərimi dinlədi.

Mən ora öz yazdığım iki filmi – rejissor Ramiz Əzizbəylinin çəkdiyi “Yalan” filmini və rejissor Samir Kərimoğlunun “Qanadlarımı oxşa” filmlərini aparmışdım. Hər iki film orada çox uğurla nümayiş etdirildi və rəğbətlə qarşılandı.

Ancaq bu səfərdə mənim ən uğurlu işim bu oldu ki, özümün rejissoru və ssenari müəllifi olduğum “Ərazi” filmini Türkiyənin TRT-1 dövlət kanalına sata bildim.

Orada “İmicmedia” deyilən çox məşhur bir qurum var, mən o qurumla müqavilə imzaladım. Bundan sonra onlar mənim sonuncu kitabımı aldılar. İnşallah, həmin kitabdan 6-7 hekayəni ssenariləşdirmək haqda mənimlə gələn ay müqavilə imzalayacaqlar. Çox güman ki, filmlər çəkildikdən sonra “TRT Avaz” telekanalında yayımlanacaq.

YAZIÇILAR BİRLİYİNDƏ VƏ ONUN ƏTRAFINDA TOPLANMIŞ İCAZƏLİ YAZIÇILARDAN DEYLƏM

- Sizin daha çox “televiziya adamı” kimi tanınmağınıza baxmayaraq, çox dəyərli və maraqlı nəsr əsərləriniz də var. Bəs ədəbi mühitdə nasir kimi tanınmamağınızın səbəbi nədir? Bir az obrazlı desək, nəyə görə sizi daha çox mollanəsrdəddinçi “Zorxana” dili ilə tanıyırlar, halbuki füyuzatçı nəsr diliniz də var...

- Çox qəribə sualdır. Özünü öymək olmasın, mən peşəkar yazıçıyam. Azərbaycanda çox az yazıçı var ki, məktəb keçiblər. Onlardan biri də mənəm. Mən M.Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitunun nəsr şöbəsini, məşhur yazıçı Şuqayevin kursunu bitirmişəm.

Çingiz Aytmatov kimi peşəkar yazıçılar mənə dərs deyib. Azərbaycana da peşəkar yazıçı kimi gəlmişdim, baxmayaraq kino sahəsində işləyirdim. Mənim sonuncu “Vaxt” kitabıma qədər 5-6 kitabım çıxmışdı.

Və etiraf edim ki, mənim peşəkar yazıçı kimi tanınmamağımda öz səhvim olub.

Bəlkə də bu, heç səhv deyildi. Mən sadəcə bu cəmiyyətin məni anlamamağını ilk kitabımdan başa düşmüşdüm. İndi Azərbaycanda özlərinə “postmodernist” deyənlərin bu gün etmək istədiklərini mən ötən əsrin 80-ci illərində etmişəm.

Azərbaycanda ilk dəfə absurd hekayələri mən yazmışam, sürreal, irreal hekayələr yazmışam. “Qapı” adlı ilk sürrealist hekayəmi “Ulduz” jurnalında Məmməd İsmayıl çap etdirib. SSRİ dövründə Rusiyada, Orta Asiya respublikalarında çap olunmuşam. Ancaq televiziya, maddiyyat məni təbii ki, ədəbiyyatdan, kinodan uzaqlaşdırmışdı.

Mən 11 ildi efirdəyəm və təbii ki, ailəni dolandırmaq üçün para qazanmalıyam.

Bütün bunlar məni ədəbiyyatdan uzaqlaşdırmışdı. Sonda mən toparlanaraq “Vaxt” kitabını ortaya qoydum və mənə elə gəlir ki, bu kitabla ədəbiyyata demək istədiyimi dedim. Kitabda 3 povest var, onların hər biri Azərbaycan nəsrində sözdür. Sadəcə, bugünkü reallıq çox absurd bir reallıqdır.

Bu reallıqda insanlar dəstə, tayfa şəklində yaşayırlar.

Mən heç bir ədəbi dəstəyə, tayfaya aid olmayan bir insanam. Baxmayaraq ki, 3 İttifaqın – Yazıçılar, Kinematoqrafçıar və Jurnalistlər ittifaqlarının üzvüyəm, onların heç bir iclasına getmirəm. Mən kütləvi deyil, fərdi insanam. Bilirsiniz, yazıçı oturub öz yaradıcılığı ilə məşğul olmalıdı, iclaslarda oturub intriqalara girməməlidi.

Mən Azərbaycan Yazıçılar Birliyində və onun ətrafında toplanmış icazəli yazıçılardan deyiləm.

Eyni zamanda, Yazıçılar Birliyinə qarşı olan, qəbul olunmayan andeqraund metro ədəbiyyatçılarından da deyiləm. Yəni heç bir tərəfi qəbul etmirəm, necə ki heç bir tərəf də məni qəbul etmir. Ancaq əlahəzrət oxucu və əlahəzrət vaxt var.

Bilirəm ki, mən ədəbiyyat yaratmışam və zaman hər şeyin düzgün qiymətini verəcək. Mən Oksford dərsliyinə düşən 5 hekayə yaratmışam, “Qurban” adlı bir hekayəm dünya nəsr antalogiyasına düşüb.

Əlbəttə, bütün bunlar təkcə mənim deyil, həm də Azərbaycan ədəbiyyatının uğurudur. Mən bu gün boş yerə yaşamadığım üçün, nə isə yaratdığım üçün sevinirəm, təsəlli tapıram.

MƏN AVROPA NASİRİYƏM

- Sizin nəsr əsərlərinizin qəribə üslubu var, nədir bu üslub?

- Yazılarım sırf Avropa nəsridir, fantazmaqarik, bir qədər də lirik üslubda. Onların içində riyazi mexanizmləri olan, poeziyadan kənar hekayələrim də var, məsələn, “Xilaskar” hekayəsi. Mən özümü Avropa nasiri hesab edirəm və istəyirəm ki, mənim davamçılarım olsun. Əslində onlar var, mövcuddur, sadəcə, özlərini mənim davamçım kimi görmək istəmirlər, məndən gəldiklərini boyunlarına götürmək istəmirlər.

- Amma hekayələrinizdə heç də Avropa təfəkkürünə xas olmayan elementlər var. Bu elementlər bizim atalar sözləri və deyimlərimizi xatırladır sanki. Məsələn, “Qərib adam kəndi itindən tanıyar”...

- Yox, mən o barədə demədim, sadəcə nəsrin mexanizmi Avropadan gəlir. Əslində, mən özümü neosufist, neohürufist sayıram. Mən özümü sufizmi dirçəldən tək azərbaycanlılardan, türklərdən hesab edirəm.

- “Xeybər”dən (Xeybər – O.Fikrətoğlunun geniş istifadə etdiyi obraz – red.) nə xəbər, vəziyyəti necədi?

- Xeybərin vəziyyəti çox pis... Mən Xeybərin halından həmişəki kimi halıyam, ancaq danışmıram. Bu gün müəyyən səbəblər var ki, bu haqda danışmaq olmur. Mən bu gün artıq keçmişdə qalmış xeybərlərin bitmiş ömründən danışıram, onların gəldikləri nəticələrdən danışıram. Bu nəticələrdən örnək götürmək lazımdır.


HƏM DƏ ORTA ÇAĞ DÖVRÜN ŞAMAXI KİŞİSİYƏM

- Yenə də “köhnə azərbaycanlı” olaraq qalırsınızmı?

- Mən həmişə “köhnə azərbaycanlı” olaraq qalacağam. “Köhnə azərbaycanlı” anlayışı mənim üçün ümumiyyətlə, əqidəsindən dönməməkdi, islama, türkçülüyə, müasirliyə, bayrağa bağlılıqdı.

Sizin təbirinizcə desək, mollanəsrəddinçi, füyuzatçı əqidəyə, fəlsəfi düşüncəyə, ümumilikdə klassik irsə sadiqlikdi. Mən heç cür “yeni azərbaycanlı” ola bilmərəm. Bilirsiniz kimdi “yeni azərbaycanlı”? SMS-lə oynayan, “parıltılı” adamdı. Mən heç bir parametrlərimə görə yeni azərbaycanlıya oxşamıram axı (gülür). Mən ruhsal olaraq orta çağ dövrün Şamaxı kişisiyəm.

Mən Bakuvinin yanında oturan xəlvətiyyə dərvişiyəm, Nəsiminin yanında olan hürufiyəm.

- Fikrət Sadığın ailəsində doğulub boya-başa çatmaq sizə əlavə olaraq nə verib?


- Çox şey verib, çox. Bilirsiz, Fikrət müəllim indi bir az nasazdı, Allah ona şəfa versin. Təbii ki, birinci növbədə mən onu ata kimi qəbul edirəm. Fikrət müəllim həyatın bicliklərini bilməyən sadə, baməzə adamdı.

O, arvadın dəyişdiyi kişilərdən olmayıb. Fikrət müəllim mənim üçün tər-təmiz yaşamaq, maaşla dolanmaq örnəyi olub. Mənim uşaq vaxtlarımda, kasıbçılıq içində keçən güzəranımıza qarşı içimdə bir üsyan vardı, düşünürdüm axı niyə biz belə yaşamalıyıq.

Lakin sonradan zaman keçdikcə Fikrət müəllimin yaşadıqlarını yaşadıqca başa düşmüşəm ki, bu bizim şəcərənin taleyidi. İndi mən də həmin taleyi yaşayıram.

Fikrət müəllim həqiqətən talesiz və çox istedadı az qəbul olunmuş bir şairdi. Mən istəyərdim ki, o, ədəbiyyatımıza xidmətləri müqabilində öz layiqli qiymətini alsın.

- Övladlarınız da xaraktercə özünüzə oxşayır?

- Bir qızım var, Allah sizinkiləri də saxlasın. Rəssamlıqla məşğul olur, ancaq yaşı çox azdı – cəmi 4 yaşı var. Son çəkdiyi şəkillərdən birini mənə göstərəndə doğrusu təəccübləndim. Soruşanda ki, qızım, bu nəyin şəklidir belə, cavab verdi ki, havanın şəklini çəkmişəm. Necə yəni havanın şəkli? Havanın da şəklini çəkmək olar? Bax bu da əsl sürrealist düşüncədir.

Çox qəribə təxəyyülü var. Düzdür, hamının balası özünə şirindir, ancaq mən ondan nəsə gözləyirəm.


YOXSA HƏMİŞƏ MƏDDAHLAR VƏ SATQINLAR İRƏLİ GEDƏCƏKLƏR

- Siz repressiya olunmuş bir nəslin nümayəndəsisiniz, nə vaxtsa bu barədə də yazacaqsınızmı?

- Mütləq yazacam, sağlıq olsun. Yazmaya bilmərəm bu haqda, çünki repressiya nəsli taleyinin ağrı-acıları mənim taleyimə hopub. Babam xan nəsli olduğu üçün 1937-ci ildə repressiya olunub, atam uşaq evində böyüyüb.

Yaxın qohumlarım bu üzdən olmazın əziyyətlər çəkiblər. Nənəm hələ 70-80-ci illərdə də milis görəndə üzünə tüpürürdü, deyirdi bular mənim evimi yazıb apardılar...

Bu barədə çox danışmaq olar, amma danışmaqdansa yazmaq lazımdır ki, kimin kim olduğu bilinsin, gələcək nəsillərin o dövr haqqında düzgün təsəvvür formalaşsın.

Bunu da ancaq bizim kimi repressiyaya məruz qalmış nəslin nümayəndələri yaza bilərlər.

Əgər yazmasaq, belə faciələr yenə də başımıza gələcək. Əgər biz böyük Hüseyn Cavidi, Müşfiqi satan şəxsləri ifşa etməsək, qınaq obyektinə çevirməsək, onların ənənələrini davam etdirənlər zamanı gəldikdə yenə dönəcəklər. Belə bir ifşa, qınaq ədəbiyyatda, ictimai düşüncədə mütləq lazımdı. Yoxsa həmişə məddahlar, satqınlar irəli gedəcəklər.

- Bəs hazırda necə, nəsə yazırsınızmı?

- Bəli. Hazırda ayrı-ayrı sistemlərin, ideologiyaların məhv etdiyi iki azərbaycanlı haqda yazıya başlamışam. Bunlardan biri İkinci Dünya müharibəsi zamanı Azərbaycanın legioner ordusunun generalı Dudandinskidir.

M.Ə.Rəsulzadənin Hitlerlə müqaviləsi olmuşdu ki, SSRİ üzərində qələbə çalınacağı təqdirdə, Dudandinski Azərbaycanın azad olunmasına rəhbərlik edəcək.
Digəri isə həmin Dudandinskini öldürmək üçün müharibədən sonra sovet KQB-sinin Praqaya göndərdiyi adamdır ki, onu da öz işini icra etdikdən sonra KQB məhv edib...

Düşünürəm ki, bu əsər də çox maraqla qarşılanacaq və söz verirəm ki, bu barədə də ilk müsahibəni sizə verəcəyəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG