Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:22
Fevralın 26-da Çexiyada Xocalı faciəsi anıldı.

Təşkilatçı - yerli Azərbaycan diasporası bunun üçün Praqa yaxınlığındakı Lidiçe qəsəbəsini seçmişdi.

1942-ci ildə alman ordusu bu qəsəbəni yerlə yeksan edib – kişilərin hamısını – 192 nəfəri güllələyib, qadın və uşaqları isə əmək düşərgələrinə göndərib.

Bu kompleks də faciə qurbanlarının xatirəsinə tikilib.

Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərli və Lidiçe icra hakimiyyətinin başçısı Yozef Klima kompleksdə Lidiçe faciəsinin qurbanlarının xatirəsinə əbədi yanan məşəlin önünə əklil qoydular.

Yozef Klima elan etdi ki, qəsəbənin yaxın vaxtlarda tikintisinə başlanacaq küçələrindən birinə Xocalı adı veriləcək.

Bundan başqa onun sözlərinə görə, fevralın 29-da Xocalı və Lidiçenin qardaşlaşması haqqında protokol da imzalanacaq.

Xatirə Kompleksində Xocalı faciəsini əks etdirən fotosərgi də təşkil edilmişdi.

Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərli deyir ki, 3 ilə yaxındır Lidiçe qəsəbənin rəhbərliyi iş aparıblar, onlara faciə haqda dolğun məlumatlar çatdırıblar.

"Bu iki faciənin adlarının yanaşı çəkilməsi Çex xalqı üçün Xocalı qırğınını daha yaxşı dərk etməyə kömək edir. Bundan başqa bura yay-qış dünyanın hər yerindən minlərlə turist gəlir, Xocalı haqqında fotosərgi də burada bir müddət qalacaq və turistlərin onunla tanış olmaq imkanı yaranacaq".

Tədbirlərdə Xocalı icra hakimiyyəti başçısının müavini Vahid Əliyev də iştirak edirdi.

Amma Lidiçe ilə Xocalı arasında əməkdaşlıq səs-küysüz ötüşmədi.

Bu məsələ Ermənistan tərəfinin ciddi narazılığına səbəb olub.

Ermənistanın Avstriyadakı səfiri Aşot Hovakimyan bir neçə gündür Çexiyadadır.

O, istər Çexiya rəsmiləri, istərsə də Lidiçe rəhbərliyi ilə görüşlər keçirib, xatirə kompleksində Xocalını anım mərasimin keçirilməsi, Xocalı küçəsinin yaradılmasının Çexiya və Ermənistan arasında münasibətlərə ziyan vura biləcəyini bildirib.

O hesab edir ki, Lidiçe rəhbərliyi tarixin ayrıca götürülmüş bir parçası əsasında qərar verməməlidir.

Tədbirə dəstək vermiş Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə də “erməni tərəfindən yerli rəsmilərə böyük təzyiqlərin olduğunu” etiraf edib.

"Erməni tərəfinin narahatlığı başa düşüləndir.

Onlar anlayırlar ki, bütün bunlar Xocalı faciəsi ilə bağlı görülən işlərin yeni və yüksək bir mərhələyə keçməsindən xəbər verir.

Onların etirazlarına baxmayaraq Lidiçedəki tədbirə Çex Senatının təmsilçiləri, Çexiyadakı Türkiyə və bəzi MDB ölkələrinin səfirliklərinin nümayəndələri qatılmışdı.

Bu, erməni tərəfinin heç nəyə nail olmadığını göstərir".

1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri Xocalı şəhərini işğal edərkən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG