Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:37

Beynəlxalq Mülkiyyət Haqları İndeksində Azərbaycan 101-ci yerdədir


Azərbaycan siyahının autsayderlər qrupunda yer alır

Azərbaycan siyahının autsayderlər qrupunda yer alır

Mülkiyyət Hüquqları Alyansının 2010-cu il üçün hazırladığı Beynəlxalq Mülkiyyət Haqları İndeksində Azərbaycan 125 ölkə arasında 101-ci olub.

Siyahıdakı ölkələr Hüququ və Siyasi Mühit, Fiziki Mülkiyyət Hüquqları, Əqli Mülkiyyət Hüquqları kimi 3 fərqli kriteriya üzrə qiymətləndirilir, sonra isə bu 3 göstərici əsasında vahid bir indeks – Mülkiyyət Haqları İndeksi hesablanır.

ƏN YAXŞI VƏZİYYƏT FİNLANDİYADADIR

Bu indeksdə ən yaxşı yeri Şimali Avropa - Skandinaviya ölkələri tutur. 4 il dalbadal ən yaxşı vəziyyət Finlandiyadadır, sonra Danimarka, İsveç, Hollandiya, Norveç, İsveçrə gəlir. Yeni Zelandiya, Sinqapur, Avstraliya və Avstriya isə onluqda növbəti yerlərdədir. Maraqlıdır ki, ABŞ bu siyahıda ancaq 15-ci ola bilib.

Regionlar üzrə baxanda isə, Şimali Amerika mülkiyyət haqlarının ən yaxşı qorunduğu regiondur, sonra Qərbi Avropa gəlir.

Amma hesabat müəlliflərinin fikrincə, siyahıda yuxarı yerdə olanlarda da vəziyyətin ideal olduğunu demək olmaz. Məsələn, hətta 4 il birinciliyi əldən verməyən Finlandiyada belə, əqli mülkiyyət sahəsində problemlər qalır, bazarın 25 faizi pirat proqramlarla doludur.

Beynəlxalq Mülkiyyət Haqları İndeksində bir vacib məqam gözdən qaçmır. Bir qayda olaraq hansı ölkələr ki, daha yaxşı inkişaf edir, hansı ölkədə adambaşına düşən gəlir daha çoxdur, orda mülkiyyət haqları daha yaxşı qorunur. Məsələn, bu indeksdə ilk 10-luqdakı ölkələrdə adambaşına düşən ümummilli gəlir 35 min, orta yerləri tutan ölkələrdə 20 min, siyahının quyruğundakı ölkələrdə isə 4 min dollar həndəvərində dəyişir.

Azərbaycan da ümumilikdə siyahının autsayderlər qrupunda yer alır. Beynəlxalq Mülkiyyət Haqları İndeksi 2010-cu ildə 4 bal olub və hesabatı yazanların fikrincə, son 4 illə müqayisədə önəmli artım qeydə alınıb.

Müəlliflər Hüquqi və Siyasi Mühitin də ötən il önəmli dərəcədə düzəlməsini qeyd ediblər, onlar bunu əsasən hüquqi proseduraların yaxşılaşması ilə izah edirlər.

AZƏRBAYCANDAKI İRƏLİLƏYİŞLƏR HÜQUQİ İSLAHATLAR VƏ SİYASİ SABİTLİKLƏ İZAH EDİLİR

Mülkiyyət Hüquqları Alyansının qiymətləndirməsinə görə, Azərbaycanda Fiziki Mülkiyyət Hüquqlarının təminatı və Əqli Mülkiyyət Hüquqlarının qorunması sahəsində də önəmli irəliləyişlər olub.

Ümumiyyətlə, bu hesabatı tərtib edənlər ümumi siyahıda aşağı yerlərdə olmasına baxmayaraq, 2007-ci ildən bu yana Azərbaycanda mülkiyyət haqlarının qorunması sahəsində irəliləyişlərin olmasını dəfələrlə vurğulayırlar.

Ancaq hesabatı tərtib edənlər, hansı faktlara əsasən bu cür nəticəyə gəldiklərini açıqlamırlar. Sadəcə, xüsusi mülkiyyətin qeydiyyat prosedurasını 60 gündən 11 günə salan dəyişikliyi qeyd edirlər. Qalan irəliləyişləri isə hüquqi islahatlar və siyasi sabitliklə izah edirlər.

Bununla belə, Azərbaycanda mülkiyyət hüquqlarının vəziyyəti ancaq Gürcüstan və Ermənistandan yaxşıdır. Ermənistan Azərbaycandan 8, Gürcüstan isə 12 pillə aşağıdadır.

Siyahıda Moldova 84-cü, Qazaxıstan 88-ci, Rusiya 88-ci, Qırğızıstan 97-ci, Ukrayna 97-ci yeri tutur. Belarus isə məlumat azlığı üzündən qiymətləndirilməyən ölkələr siyahısındadır.

Şərhləri göstər

XS
SM
MD
LG