Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:05
«Mən özümü qətiyyən ruhi xəstə hesab eləmirəm. Canımdakı hansısa nasazlığımı boynuma ala bilərəm. Tutaq ki, mədəmdə hansısa problem ola bilər. Ancaq mənim başımda heç bir problem yoxdur».

Bunu məhkəmə qərarı ilə Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə göndərilən Bakı sakini, 52 yaşlı Sücayət Xəlilova deyir. Onun sözlərinə görə, Neft-Kimya İnstitutunun mühəndislik fakültəsini bitirəndən sonra uzun illər Elmlər Akademiyasında mühəndis vəzifəsində işləyib. Hələ sovetlər dönəmində aspiranturada təhsil alarkən ona Akademiyanın kooperativ binasından mənzil verilib. Sonradan həmin mənzili özəlləşdirib. İki il əvvəl ailə qurub. Şəxsi mənzili olmasına baxmayaraq, iki il kirayədə yaşamaq məcburiyyətində qalıb. Deməsinə görə, səbəb Daxili İşlər Nazirliyində işləyən qardaşı Məhəmməd Xəlilovun onu mənzilinə yaxın buraxmaması olub:

«BU BOYDA HAQSIZLIQ ANCAQ AZƏRBAYCANDA OLA BİLƏR»

«Həm mənim evimdən istifadə edəsən, həm də mən pis adam olum. Özüm də qalım küçələrdə, xəstəxanalarda. Mən bilmirəm, hansı millətdə, hansı dövlətdə belə şeylər var. Bu boyda haqsızlıq ancaq Azərbaycanda ola bilər».

Sücayət Xəlilova deyir ki, bura düşən ağıllı adamı sanki dəli etməyə çalışırlar:

«Bura türmə tipli xəstəxanadır. Yüngül xəstələr «reşotka»nın bu tayındadır, ağır xəstələr o tayında. Məni hədələmək istəyəndə deyirlər ki, tez ol, bu dərmanı iç, yoxsa səni «reşotka»nın o tərəfinə keçirərik».

HƏR ŞEY MƏHKƏMƏYƏ MÜRACİƏTDƏN SONRA BAŞLAYIB

Bir müddət əvvəl Sücayət Xəlilova məsələnin məhkəmə müstəvisində həllinə çalışıb. Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb ki, mənzil orada yaşayan valideynləri və yaxın qohumları tərəfindən boşaldılsın, o, mənzilinə qaytarılsın. Hər şey də bundan sonra başlayıb. Məhəmməd Xəlilov həmin məhkəmədə qarşılıqlı iddia qaldırıb ki, bacısı fəaliyyət qabiliyyətini itirib, məcburi müalicəyə ehtiyacı var. Sücayət Xəlilovanın iddiasına baxılmayıb, əvəzində qardaşının iddiası təmin olunub. Beləliklə də Sücayət Xəlilova məhkəmə qərarı ilə məcburi müalicə üçün Maştağadakı ruhi xəstəxanaya yerləşdirilib. Hələ üstəlik, onun barəsində 82 yaşlı anasını döyməsi ilə bağlı cinayət işi də başlanıb.

Məhəmməd Xəlilov Daxili İşlər Nazirliyinin növbətçi bölməsinin rəis müavini işləyir. Onunla məsələyə aydınlıq gətirmək istədik. Ancaq Məhəmməd müəllim danışmaq səlahiyyətini nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova verdiyindən onun əvəzindən Ehsan Zahidov danışdı:

«Deyir, bu adam barəsində cinayət işi var, gəlib anamı döyüb, başı xarabdır. Ona görə də məhkəmə tibbi ekspertizasının rəyi ilə bu adam xəstəxanada müalicə alır. Deyir, bunun yazmadığı, müraciət eləmədiyi yer qalmayıb. Hər dəfə də yoxlanılır, bu qadın hər dəfə də uduzur».

Qurban Məmmədov
Sücayət Xəlilovanın hüquqi nümayəndəsi Qurban Məmmədov isə deyir ki, qadın tam sağlamdır və Daxili İşlər Nazirliyində işləyən qardaşı Məhəmməd Xəlilov onun mənzilini zəbt etmək istəyir. Bunun üçün o, vəzifəsindən sui-istifadə edərək bacısını ruhi xəstəxanaya saldırıb:

QADIN TAM SAĞLAMDIR

«Mən görürəm, şəxsən mənim nəzərimdə qadın tam sağlamdır, baş verənləri gözəl dərk edir, hər şeyi hətta ona diaqnoz qoyan həkimlərdən də yaxşı dərk edir, savadlıdır».

Qurban Məmmədov deyir ki, müstəqil ekspertizanın olmaması Sücayət Xəlilova kimi çoxlarını bədbəxt vəziyyətə salıb: «Azərbaycanda müstəqil ekspertiza yoxdur deyə, belə şeylər baş verir. Maştağada yerləşən həmin xəstəxananın həkimləri belə rəy verməklə özlərinə məcburi xəstələr toplayırlar. Orda xəstələr gəlir mənbəyidir. Əgər həmin xəstəxana ilə ekspertiza keçirəcək, rəy verəcək həkimlər arasında bağlılıq olmasa, bir yerdə işləməsələr, inanın ki, o xəstəxana boş qalar. Xəstələrin 90 faizi evə buraxılar».

Psixiatriya Xəstəxanasının hüquq məsləhətçisi Fəxrəddin Səlimov isə deyir ki, Sücayət Xəlilova xəstəxanaya 3 aydır gətirilib. Xəstəxananın ümumi tipli şöbəsində müalicə alır. O, buraya məhkəmə qərarı ilə yerləşdirilib. Buradan buraxılması üçün də mütləq məhkəmə qərarı olmalıdır:

«Xəlilova Sücayət məhkəmənin qərarına əsasən bizdə məcburi müalicədədir. Məcburi müalicədə olan xəstələr hər 6 aydan bir komissiyadan keçirlər. Əgər komissiya üzvləri xəstənin vəziyyətini qənaətbəxş hesab edirlərsə, həmin xəstə məhkəmə yolu ilə məcburi müalicədən azad olur. Sücayət Xəlilovaya gəlincə isə, o, may ayında komissiyadan keçəcək».

Xəstəxananın hüquq məsləhətçisinin sözündən belə çıxır ki, hətta məhkəmə ağıllı adam barədə belə məcburi müalicə qərarı çıxarsa, onlar bu qərarı icra etməlidirlər. Buraya gələnə qoyulmuş diaqnoz üzrə dava-dərman etmək məcburidir. Fəxrəddin Səlimov:

İSTƏSƏK DƏ, İSTƏMƏSƏK DƏ HƏMİN ADAMI KƏNARA BURAXA BİLMƏRİK


«Burda məhkəmənin qərarı var. Biz istəsək də, istəməsək də həmin adamı kənara buraxa bilmərik. Onda biz cinayət törətmiş olarıq. Həkim ekspert komissiyası öz rəyini verir, məhkəməyə müraciət eləyir, məhkəmə də o qərarı çıxarır ki, bunu buraxmaq olar, yoxsa yox».

Sücayət Xəlilova isə hüquqlarının bərpasını tələb edir: «Mən istəyirəm ki, bütün hüquqlarım bərpa olunsun. Mülkiyyət hüququm, insanlıq hüququm, sevmək hüququm. Evim boşaldılsın. İki ildir mən küçələrdəyəm. Tələb edirəm. Bu, mənim haqqımdır».

Şərhləri göstər

XS
SM
MD
LG