Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

Biləcəriyə qədər və Biləcəridən sonra... Azərbaycan mədəniyyəti (davamı)


Rəsm Mircavadındır. Humay Kabakçının kolleksiyası (Türkiyə)

Rəsm Mircavadındır. Humay Kabakçının kolleksiyası (Türkiyə)

MIRCAVAD "DIALOQ" (davamı)

ƏVVƏLİ BURDA

...Avropa mədəniyyəti ilə hesabımı tamam çürüdürəm; o özünün quru cılızlığı ilə daha məni təmin edə bilmir. Yavaş-yavaş öz rəsmlərimi məhv edirəm; nəhayət bu işi də başa vururam - biri də qalmır.

Otuz beş yaşım var.

Yaxşı yadımdadır, fikirləşirdim ki, Van Qoq mənim bu yaşımda artıq bütün işlərini qurtarıb ölmüşdü, mən isə hələ heç nə etməmişəm.

Bu məni dəhşətə gətirirdi. Ancaq mən haqlı deyildim.

Rəssamlığa mən də çoxları kimi cavan yaşlarımdan başlamışam.

Həmin vaxtlar isə artıq mənim xeyli babat əsərim vardı ki, onlar da alovdan can qurtara bilmədi. Səbəbi özümə aydın idi: fəth olunmuş zirvə ilə kifayətlənməmək, tam mükəmməllik qətiyyəti, bir sözlə, maksimalizm.

Hər halda, onları məv etdiyimə görə mən təəssüflənmirəm. Məni təəssüfləndirən onlar yox, bir az başqa üslubda yaratdığım əsərlərin məhvidir ki, o haqda söhbət irəlidədir.

Mənim içimi böyük yaradıcılıq ehtirasları didirdi və bütün bu proses dəhşətli dərəcədə mənim pixologiyama təsir edirdi - o vaxtlar çox yaxşı yadımdadır.

Mən dəli kimi idim, mənimlə birgə yaşamaq mümkün deyildi: sözümə, iradəmə qarşı hər cür etiraz məni hiddətləndirirdi.

Özümü sakitləşdirmək üçün tez-tez Van Qoqun sözlərini xatırlayırdım:

”Sənətkar müqəddəs, eyni zamanda qudurmuş it kimi bir şeydir”. Bu proses-metamorfoza-çevrilmə, yəqin ki, hər bir sənətkara tanışdır.

Mən də incəsənətdə öz yoluma bütün bəşəriyyət kimi, sıfırdan - paleolitdən, mezolitdən, neolitdən başladım.

Yolumun başlanğıcını ibtidai insanın yaşayış, ov yeri - Qobustan, oradakı qaya təsvriləri oldu (1956-1957-ci illər idi).

Təsvirlər bir o qədər də xoşuma gəlmədi.

Reproduksiyalarda onlar daha yaxşı görünürdülər. İbtidai insanın çəkdiyi vəhşi heyvanların zəhmi dəhşətli dərəcədə fiziki güc təzahürü kimi diqqəti cəlb edirdi.

Lakin YER!

Tarixdən əvvəlki vaxtların keşməkeşində alt-üst olmuş müxtəlif formalı dağlar, qayalar...

Mən öz rəsmlərimdə o qayaların ruhunu, vulkanların, dağların çizgilərini, onların nəhəng formasındakı dinamizmi və təbiiliyi göstərməyə çalışmışam.

Mənim üçün həmişə təbiət varlığın ilkin forması olub.

Mənim hətta ibtidai rəssama acığım tuturdu ki, o, bütün bu təbii imkanlardan istifadə etməyib, təsvirlərə qarşı laqeyd olub. Sonralar başa düşdüm ki, “ibtidai” rəssamın axtarışları mənim axtarışlarımdan özünün istiqaməti ilə fərqlənib.

Qobustanın ibtidai rəssamı orta əsrlər miniatür plastikasının, ümumiyyətlə, sənətdə obraz, kompozisiya ahənginin əsasını qoyub.

Rəsm Mircavadındır. Humay Kabakçının kolleksiyası (Türkiyə)
Neolit dövrünn, bizə daha yaxın başqa dövrlərin incəsənəti mənə xüsusi təsir etdi. Bu dövrlərin mədəniyyəti Azərbaycan ərazisində çox yaxşı təmsil olunub.

Sufi və mücərrəd düşüncə tərzindən məhrum olmayan ibtidai rəssam daşdan məharətlə istifadə edərək dahiyanə obrazlar yarada bilib.

Maraqlıdır ki, güclü ümumiləşdirmə prosesində də o rəssam obrazın fərd, ilk baxışdan çox kiçik görünən çizgilərini də unutmurdu.

Məsələn, qadın obrazında bər-bəzək əşyalarından tutmuş, ta qadının istifadə etdiyi kosmetikaya qədər hər şey ibtidai rəssam üçün vacib idi.

Belə təfsilat monumental forma bütövlüyünə dekorativlik elementləri ornament kimi yerləşdirilərək, müxtəlif sehrli qüvvələrin rəmz işarəsinə də çevrilə bilərdi.

Qoqen Şərq incəsənətinə yaxşı bələd idi.

Heykəltəraşlığa təzə başlayan gənclərə nümunə kimi o, yolundan sapmış Yunan heykəltəraşlığından yox, İran heykəltəraşlığından istifadə etməyi məsləhət görürdü (İran imperiyasına daxil olan Azərbaycan mədəniyyəti də bu ümumi regional mədəniyyətin bir hissəsi sayılırdı).

Buzovnada mən böyük taxta lövhələr üzərində qırdan, nitroemaldan istifadə edərək qadın surətləri yaradırdım.

Bəzən qumdan düzəltdiyim müxtəlif şəkilli səthləri qırla örtüb, üstündən çınqıl, ağac, metal düzürdüm, sementdən müxtəlif fiqurlar tökürdüm.

Bu, mücərrəd sənət idi. Lakin Avropanın mücərrəd sənətinə onun zərrə qədər də bənzəri yox idi.

Mən onları təbiətin qoynunda, açıq havada. Güclü bir hissiyyat fırtınasında işləmişdim.

O işlərin hamısı monumental forma və zəngin rəng aləmindən ibarət idi.

Təəssüf ki, o tablolar da məhv oldu, üç dənəsi salamat qaldı.

Bir yerdən başqa yerə köçürəndə taxta lövhələr ağırlığa dözməyib sındı, bəzilərinin boyası quruyub töküldü, bəzilərində boyanı qır məhv etdi, bəzilərində qır özü çatlayıb parçalandı.

Bəziıərini isə biz özümz torpağa quyuladıq; həddindən artıq ağır idilər, yerdən qaldırmaq mümkün deyildi.

O işlərin də məhvinə mənim həmişəki pulsuzluğum səbəb oldu.

Özüm çəkdiyim bir xəritədə o tabloları quyuladığımız yerləri qeyd etmişdim, ancaq sonralar xəritəni də itirdim.

Gəncliyin maksimalizmi hər şeyi qavramaq, hər şeyi əhatə etmək, necə deyərlər, hər şeydən dadmaq arzusunun çılğınlığından irəli gəlir.

Bəzən həyatın ədalətsizlik kimi görünən bir çox sahələrini olduğu kimi qəbul etməməyimiz və onlara qarşı üsyanımız da gəncliyimizin təcrübəsizliyindəndir.

Lakin zaman keçdikcə, həyat bizi yüz cür əzab-əziyyətlə müdrikləşdirdikcə gənclik maksimalizmi bizi tərk edir və biz yavaş-yavaş anlamağa başlayırıq ki, elə indinin özündə də, əvvəllər də kainatın izaholunmaz sirləri qarşısında dünya yox, hələ bizim öz idrakımız mükəmməlləşməyib.

Mənim üçün Abşeron və onun bir hissəsi olan Qobustan müqəddəs yerlərdir.

Ona görə yox ki, burada mən ilk dəfə gözümü açıb səmanı görmüşəm; ona görə yox ki, burada-ərazicə kiçik bir torpaqda dəniz, dağlar, səhralar, vulkanlar, əsrlərin dərinliklərindən qalxan məbədlər, Qızıl Nohur və qədim Meksika incəsənəti ilə səsləşən qədim qəbristanlıqlar var.

Vaxtilə bu mövzuda meksikalı alim-arxeoloq məruzə etmişdi:”

Ölümündən sonra da o qəbirlərdə həyat ümidi duyulur”.

Bu sözlər mənim Abşeron haqqında xatiratımın ruhuna çox yaxındır.

Rəsm Mircavadındır. Humay Kabakçının kolleksiyası (Türkiyə)
Burada ibtidai insan yaşayıb, çəkdiyi şəkilləri bizə yadigar qoyub gedib.

Amma bütün bunlardan savayı mənim üçün ən başlıcası, bu torpağın mübariz şövqi-nəfəsidir.

Mən bu torpağı qarış-qarış gəzmişəm.Məni sənətkar edən də, mənə dözüm və mətanət verən də bu torpaqdır.

Burada Zərdüşt yaşayıb, özünün müdrikliyini nəğmələrə, nağıllara, dastanlara hopdurub bizə saxlayıb; o irslə xalqımız nəslbənəsil tərbiyə olunub.

Və bu xalqa dünyada hər şeyin dəxli olub;bu xalq heç bir zaman və heç bir işdən kənarda qalmayıb.

Bir dəfə uşaq vaxtı biz-qardaşım və mən babamla piyada kəndə gedirdik.

Hava, həmişə ilin bu vaxtında olduğu kimi, çox isti idi.

Ətrafdakı bomboz çöllərin ucu-bucağı görünmürdü.

Uzaqda gözümüzə araba dəydi və tezliklə də təpələrin arxasında itdi.

Qızmar gnün altında xeyli yol getmişdik ki, birdən yolun üstündəcə bir neçə qarpız-yemiş gördük.

Biz çox təəccübləndik:torpağı günəşdən qovrulan bu yarımsıhrada bunlar hardandır?

Babam dedi ki, bu, arabaçının işidir; uzaqdan bizi görüb və uşaqları sevindirmək üçün bunları yolun üstündə pay qoyub.

Babamın kəsdiyi o qarpız dilimlərinin istisini, rəngini, dadını mən heç vaxt unutmaram.

Və bir də heç zaman üzünü görmədiyim o arabaçı kişi mənim xəyalımdan çıxmaz.

Mən ömrümdə birinic və yəqin ki, axırıncı dəfə, necə deyərlər “ədəbiyyata” əl atıram - bu, doğrudan da mənim işim deyil.

”Ramayana”da başaq yığanlar haqqında belə rəvayət var ki, onlar sünbül yığa-yığa günəşlə birləşirlər; özləri günəşə çevrilirlər.

Bu, əlbəttə, rəmzi məna daşıyır.

Mənim yaradıcılığım polifonik-çoxmənalı və çoxrənglidir ki, bunlar da mənim sağlam düşüncə tərzimdən, bəlkə də dünyanı həqiqətdə olduğundan gözəl qavrayışımdan irəli gəlir.

Mənim yaradıcılığım incəsənətdə, xüsusən indi, az-az təsadüf edilən atəşin gücdən, həyatın bütövlük duyumundan, sağlam biopsixologiyadan ibarətdir.

Amma mən heç zaman bununla kifayətlənməmişəm - əksinə bunların köməyi ilə daim idrakın ənginliklərinə doğru can atmışam ki, kainatın hələ açılmamış sirlərindən nəyisə anlaya bilim.

1985

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG