Keçid linkləri

«AzəriQaz» İstehsalat Birliyi mart ayından Bakıda «Smart-kart» tipli qaz sayğaclarının quraşdırılmasına başlayacaq. Yəni istehlakçı qazı kart vasitəsilə işlədəcək, lap mobil telefonlarda olduğu kimi, kartın doludursa, qazın olacaq, qurtardısa, yenidən yükləməlisən.

2000 KART YÜKLƏMƏ MƏNTƏQƏSİ

«AzəriQaz»ın rəis müavini Nazim Səmədzadə isə deyir ki, yeni qaz sayğaclarının quraşdırılmasına büdcədən 250 milyon vəsait ayrılıb. Birinin dəyəri 120-130 manat olan yeni sayğaclar isə Fransanın «Aktaris» şirkəti tərəfindən hazırlanıb:

«Biz cari ilin mart ayından yeni qaz sayğaclarının quraşdırılmasına başlayacağıq. Nəzərdə tutmuşuq ki, iki il yarıma Bakıdakı bütün abonentlər yeni qaz sayğacları ilə təchiz olunsun. Əhalinin rahatlığı üçün şəhərin müxtəlif yerlərində 2 min kart yükləmə məntəqələri yaradılacaq».

«Smart-kart» tipli qaz sayğaclarının Bakıda quraşdırılmasına ekspertlərin münasibətləri fərqlidir. Azad İstehlakçılar İctimai Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov deyir ki, yeni tip qaz sayğacları quraşdırıldıqdan sonra abonentlərlə təchizatçı arasında konflikt daha da artacaq:

«ƏHALİ OĞURLUĞA ƏL ATACAQ»


«AzəriQaz»la istehlakçıların arasında problem artacaq. Qaz istehlakı çoxdur, əhalinin imkanı çatmayacaq ödəməyə. Ona görə də əhali məcbur olub oğurluğa əl atacaq. Bundan əlavə sayğacdakı qazın nə vaxt bitəcəyi məlum olmadığından əhalidə narahatlıq yaranacaq. Yeni sayğacların müsbət tərəfi «AzəriQaz»ın pulların yığılması probleminin həlli olacaq».

İqtisadçı ekspert Əli Məsimov isə hesab edir ki, yeni qaz sayğaclarının quraşdırılması həm istehlakçı, həm də təchizatçı üçün xeyirli olacaq:

«Yeni tipli qaz sayğaclarının Azərbaycanda tətbiqi hər iki tərəfin gətirdiyi bəhanələri aradan qaldıracaq. Çünki qaz idarələri əhalinin borcu olduğunu deyirdi, əhali isə göstərilən qədər borcunun olmadığını bildirirdi. Yeni borcların əmələ gəlməməyi üçün ən yaxşı mexanizm yeni qaz sayğaclarının tətbiq olunmasıdır».

«Smart-kart» tipli qaz sayğacları Gəncədə 2007-ci ildən quraşdırılıb. Hazırda abonentlərin 65 faizi bu tip sayğaclarla təmin olunub.

Helsinki Vətəndaş Assambleyasının Qərb Bölgə Nümayəndəliyinin rəhbəri Aslan Vəliyev deyir ki, yeni qaz sayğaclarının quraşdırılması bu sahədə yeni problemlərin yaranmasına səbəb olub:

«SMART-KART»IN GƏTİRDİYİ PROBLEMLƏR...


«Qaz sayğacları ilə Gəncədə problemlər bundan ibarətdir ki, sayğaclar mənzildən kənarda quraşdırılır. Ancaq sayğaclara nəzarət məsuliyyəti istehlakçıların üzərinə atılır. İkincisi, qaz sayğacları quraşdırılarkən əhali ilə müqavilələr bağlanmır. Qaz nəqli üçün kartlara yüklənilən pulun müqabilində lazımi qədər qazın nəql olunub-olunmaması mexanizmi yoxdur».

Aslan Vəliyev deyir ki, əhalini narahat edən problemlərdən biri də abonentlərin sayına uyğun elektron qaz sayğaclarına kart yükləmə məntəqələrinin təşkil edilməməsidir. Bunun da nəticəsində abonentlər saatlarla yükləmə məntəqələrində növbə çəkməli olurlar. Yeni qaz sayğaclarının quraşdırılmasından 3 il keçməsinə baxmayaraq bu problem hələ də həll olunmayıb:

«Sayğac quraşdırılanda onun əvvəlcə profilaktik tədbirləri həyata keçirilməlidir. Yükləmə məntəqələri əhalinin sayı nisbətində əvvəlcədən müəyyənləşdirilməlidir. Bu işlər həyata keçirilmədiyindən yükləmə prosesi zamanı problemlər hələ də qalmaqdadır».

«AzəriQaz» rəsmisi Nazim Səmədzadənin sözlərinə görəsə, «smart-kart» tipli qaz sayğacları quraşdırıldıqdan sonra köhnə sayğaclar yoxlamadan keçiriləcək və Azərbaycanın rayon və kəndlərinə göndəriləcək.

Şərhləri göstər

XS
SM
MD
LG