Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

Dağlıq Qarabağda doğum bumu


Hər anadan olan uşağa ümumilikdə 2 min dollar, yəni 40 ayın maaşı qədər pul verirlər

Hər anadan olan uşağa ümumilikdə 2 min dollar, yəni 40 ayın maaşı qədər pul verirlər

Doğumu artırmağı Dağlıq Qarabağ hakimiyyəti özünə başlıca vəzifələrdən biri kimi qoyub.

Yerli hakimiyyət bunu Azərbaycan prezidentindən gələn müharibə hədələri ilə izah etməyə çalışır. Bunları «Eurasia View» məcmuəsi yazır.

Ancaq səbəb təkcə budurmu?

Dağlıq Qarabağda orta maaş ayda 50 dollardır. Hər anadan olan uşağa ümumilikdə 2 min dollar, yəni 40 ayın maaşı qədər pul verirlər.

«Eurasia View»nun müxbiri Dağlıq Qarabağda olub. O yazır ki, Dağlıq Qarabağda hara baxırsan, elə hamilələri görürsən.

Onun söhbət etdiyi 20 yaşlı kənd sakini, 7 aylıq uşağı olan qadın deyir ki, 2008-ci ildə toyu olanda toy təşkilatçıları 2 min dollar verdilər, min dollar Dağlıq Qarabağın rəhbəri Bako Saakyan verdi, 2 min dollar uşaq anadan olanda verdilər.

Dağlıq Qarabağ təbii artıma niyə bu qədər önəm verməyə başlayıb?

Bakıdakı Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl: «İnsanları yaşadıqları yerə bağlamaq istəyirlər. Ermənilərdə bir qafiyəli ifadə var – «harda çörəyim, suyum var, ora mənim vətənimdir». İnsanlar köçüb gedir. Onları saxlamaq istəyirlər. Strateji də düşünə bilərlər. Madrid prinsiplərində referendum söhbəti var».

PULLAR HARDANDIR?

Dağlıq Qarabağ bu pulu hardan alır?

İlham İsmayıl
Bu işi iki erməni iş adamı başlayıb. Qarabağda anadan olan və Rusiyada işləyən Hayrapetyan adlı biznesmen Rusiyanın Troyka Dialoq adlı investisiya bankında rəhbər icra vəzifəsi tutan başqa erməni iş adamı Vardanyanla birlikdə yeni proqrama başladıqlarını elan etdilər.

Onlar 2008-ci ildə Dağlıq Qarabağda evlənən 1400 oğlanı və qızı yığıb, 700 cütlüyə toy etdilər və söz verdilər ki, hər anadan olan uşağa 2 min dollar verəcəklər.

Bundan sonra bu işə yerli hökumət də qoşuldu. Dağlıq Qarabağın «doğumu həvəsləndirmə» adlı proqramı birinci uşağa görə 300 dollar, ikinci uşağa 600 dollar, üçüncü uşağa 3 min dollar, dördüncü uşağa 4 min dollar verir.

Dağlıq Qarabağ rəsmilərinin verdiyi məlumata görə, son iki ildə anadan olan uşaqların sayı 30 faiz artıb.

DAĞLIQ QARABAĞDA NƏ QƏDƏR ƏHALİ VAR?

Dağlıq Qarabağ ermənilərinin və azərbaycanlılarının sayı demoqrafik məsələdən başqa həm də perspektivdə siyasi məsələdir.

«Eurasia View» yazır ki, Dağlıq Qarabağda hazırda nə qədər əhali var? – bunu bilən yoxdur. Yerli hakimiyyətin təxminləri 145 mindir. Ancaq bu rəqəmi müstəqil mənbələrdən təsdiqləmək mümkün deyil.

Dağlıq Qarabağda 700 cütün toy mərasimi, 16 oktyabr 2008
Məcmuə yazır ki, 1989-cu ilin sovet statistikasına görə, Dağlıq Qarabağda 200 min əhali vardı. Ancaq bura azərbaycanlılar da daxil idi.

Qeyd edək ki, faktiki olaraq, 1990-cı illərdə Dağlıq Qarabağdan çıxarılan azərbaycanlıları nəzərə alanda son 18 ildə Dağlıq Qarabağın erməni əhalisinin sayı ən yaxşı halda dəyişməyib. Azərbaycanlı ekspertlər hətta hesab edirlər ki, Dağlıq Qarabağda uzağı 90 min adam qalıb. Ancaq gedənlər geri qayıda da bilər.

Başqa amilə gələndə, rəsmi statistikaya görə, azərbaycanlı məcburi köçkünlər arasında doğum yüksək olduğuna görə, ola bilərmi ki, hazırda Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sayı ilə erməni əhalisinin sayı arasında nisbət dəyişir?

Azərbaycanlı təhlükəsizlik eksperti İlham İsmayıl deyir ki, təbii artım məsələsində Dağlıq Qarabağın özündən olan köçkünlərlə ətrafından olan köçkünləri fərqləndirmək lazımdır:

«Təbii artım Laçından, Qubadlıdan olanlar arasında böyükdür. Dağlıq Qarabağın özündən olanlar arasında, azərbaycanlıların əsas hissəsini təşkil edən şuşalılar arasında artım böyük deyil».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG