Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:34

Məktəblər 8 Marta necə hazırlaşır?..


«Uşaqlar kiçik yaşlarından məktəbə pul, hədiyyə daşımağı öyrənirlər»
«Uşaqlar kiçik yaşlarından məktəbə pul, hədiyyə daşımağı öyrənirlər»
Azərbaycanın təhsil sistemi ilə bağlı araşdırma aparan bir sıra QHT-lər müəllimlər günü, Yeni il, 8 Mart, Novruz bayramı, buraxılış imtahanları ərəfəsində orta məktəblərdə pulyığma kampaniyalarının aparıldığını bildirirlər. 8 Marta bir neçə gün qaldığını nəzərə alıb Bakı məktəblərinə üz tutduq.

30 MANAT VƏ «COCO SHANEL»


- Məktəbdə 8 Marta necə hazırlaşırsız?

- Qızlara, müəllimlərə hədiyyə alacağıq. Baxır imkanımıza.

- Nə qədər pul yığırsınız?

- 10 manat, 15 manat.

- Bəs müəllimələr üçün?

- Müəllimələr üçün 30 manatdan yığırıq.

- Adətən müəllimələr üçün nə alırsınız?

- Gül buketi, ətir. Keçən il «Coco Shanel» almışdıq.

Bakının Səbail rayonundakı məktəblərindən birində 7-ci sinifdə oxuyan Sənan Kərimli belə deyir. O hansı məktəbdə oxumasını açıqlamaq istəmir. Deyir ki, nə fərqi var, onsuz da bütün məktəblərdə belədir.

5 MANAT…ÇATMADI


Nizami rayonunda təhsil alan məktəblilər də artıq 8 Mart hazırlıqlarına başladıqlarını deyirlər. Ancaq durum ötən ilki kimi olsa, müəllimələr hədiyyəsiz qalacaq:

- Keçən il 5 manatdan pul yığdıq. Ancaq fikirləşdiyimiz hədiyyəni ala bilmədik, ona görə də pullarımızı qaytardılar. Ancaq qızlara üzük, qolbaq hədiyyə eləmişdik.

Şagirdlərlə söhbətdən onu da öyrəndik ki, bəzi siniflərdə uşaqlar müəllimləri ayrı-ayrılıqda təbrik edir:

- 10-cu sinifdə oxuyuram. Qərara gəlmişik ki, pul yığmayaq. Hamı özü ayrı-ayrılıqda neçə müəllimi istəyir təbrik edəcək, hədiyyə verəcək.

«HEÇ KİMƏ HEÇ NƏ TAPŞIRMAMIŞIQ»

Məktəb direktorları məsələ ilə bağlı danışmaq istəmədiklərini dedilər. Katibələri bildirdi ki, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin icazəsi olmadan heç bir məsələ ilə bağlı müsahibə vermirlər. Müəllimlər də məktəb divarları içərisində müsahibə vermədilər. Məktəbdən evə dönən müəllimələrdən biri isə dedi ki, bu məsələdə məcburiyyət yoxdur:

- Hazırlıq deyəndə ki, elə bir iş getmir. Biz heç kimə göstəriş verməmişik.
Etibar Əliyev: «Orta məktəblərdə normal müəllim-şagird münasibətlərindən, normal təhsildən danışmaq yersizdir»
Ancaq kimsə öz arzusu ilə nəsə eləyirsə, biz buna müdaxilə etmirik.

- Deyirsiz ki, sinifdə pul yığılmır?

- Yox, indiki halda yığılmır.

HƏR UŞAQ ÜÇÜN ƏN AZI 20 MANAT


Valideynlər isə bunun tam əksini deyirlər:

- Bilirsiz ki, hər müəllim hədiyyə götürmür, pul alır. Ona görə məcburuq müəllimələrə pul verək.

- Məktəbdə 8 Martla bağlı pulyığmalar ailə büdcənizə neçəyə başa gəlir?

- Mənim 2 övladım orta məktəbdə oxuyur. Yəqin ki, hər uşaq üçün 20 manat ödəməli olacağam. Hədiyyəsiz keçinmək mümkün deyil. Bütün sinif pul yığanda sənin övladın necə kənarda qala bilər? Ona görə məcburuq.

Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı isə deyir ki, məktəblərdə hər hansı məsələ ilə bağlı pul yığmaq qadağandır:

- Məktəblərdən hər hansı məsələ ilə bağlı narazılığı, şikayəti olan varsa, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin qaynar xəttinə – 441-06-99 saylı telefona müraciət edə bilər. Bütün şikayətlər, hətta anonim şikayətlər də diqqətlə yoxlanacaq.

MƏKTƏBLƏR NİYƏ TN-Ə, BŞBTİ-Ə TABE DEYİL?

Təhsil naziri Misir Mərdanov məsələ ilə bağlı səslənən iradlara cavabında həmişə bildirir ki, heç bir məktəbdə pul yığılması ilə bağlı göstəriş verilməsindən söhbət gedə bilməz. Bu təşəbbüs birbaşa valideynlərdən gəlir.

«XXI əsr» Təhsil Mərkəzinin başçısı Etibar Əliyev isə bu yanaşmanı doğru saymır:

- Belə çıxır ki, məktəblərin nə Təhsil Nazirliyinə, nə də Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinə aidiyyəti yoxdur. Necə olur ki, hər hansı müxalifət mediasının təmsilçisi məktəblərə daxil olur, harda kiçik bir narazılıq varsa, ondan xəbər tutur, ancaq onlar uzun illərdir kütləvi şəkil alan pulyığma kampaniyalarından xəbər tutmurlar. Bütün məktəblərdə bu hal var. Maddi tərəfindən də çox, məni bu problemin psixoloji tərəfi narahat edir. Çünki uşaqlar kiçik yaşlarından məktəbə pul, hədiyyə daşımağı öyrənirlər. Hansısa bir məbləğ təşkilatlanmış şəkildə yığılırsa, bu, olduqca pis haldır.

Etibar Əliyevin sözlərinə görə, uzun illərdir Azərbaycan təhsilinin aşağı keyfiyyəti ilə bağlı söylənən fikirlərin kökündə həm də bu problem dayanır. Ekspertə görə, nə qədər ki, bu problem ortadan qalxmayıb, orta məktəblərdə normal müəllim-şagird münasibətlərindən, normal təhsildən danışmaq yersiz olacaq.
XS
SM
MD
LG