Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:30

Ən yaxşı türk filmi oldu


Berlin film festivalı, 17 fevral 2010
Berlin film festivalı, 17 fevral 2010
«Ayı bala gəlir» bunu türk rejissoru Semih Kaplanoğlu deyib. Rejissor Berlin festivalının əsas mükafatı olan «Qızıl Ayı»ya və özünün çəkdiyi «Bal» filminə işarə edir.

Filmin özü haqda isə Kaplanoğlu deyir: «Filmin qapısını açanda mənim üçün önəmli olan bu filmə necə gəldiyimdir. Belə bir düşüncə yatır filmin ideyasında».
Rejissorun fikrincə, filmdə əsas olan «nə» yox, «niyə»dir.

QALİB GÖZLƏNİLMƏZ OLDU

60-cı Berlin festivalına çıxarılan 18 film arasında birinci yerin «Bal» filminə verilməsi gözlənilməz olub.

Çünki parlaq və dinamik filmlər vardı - onların birində Rumıniyada yeniyetmə həbsxanasındakı dramdan, digərində Rusiyanın ucqar şimalında ölüm-dirim savaşından söhbət gedirdi, Yaponiya-Çin müharibəsindən olan filmi isə mütəxəssislər kinoda yenilik hesab edirdilər.



Onda niyə «Bal»?

Minimalist üslubda çəkilmiş və ləng gedən «Bal» filmi 6 yaşlı uşağın bal yığan atasını axtarmasından bəhs edir. Vəssalam.

Bununla belə, uşağın atasına məhəbbətini göstərən filmi məşhur alman rejissoru Verner Hersoqun, Hollivud aktrisası Rene Zelveqerin də daxil olduğu münsiflər heyəti siyasi trillerlərdən və şokedici filmlərdən yuxarıya qoydu.

Semih Kaplanoğlu deyir: «Mən adi hissləri göstərmək istəyirdim - sevgini, ümidi, yaşamaqdan ləzzət almağı. Ümid edirəm ki, bizim filmə baxanlarda bu hissləri oyada bildik».

«Financial Times» qəzeti bu filmi «ən incə hisslərə toxunan film» adlandırıb.

Filmin uğurunda 6 yaşlı uşağı oynayan 8 yaşlı Bora Altaşın aktyor bacarığı xüsusi qeyd olunur.

Roman Polanski, 2005

POLANSKİ DEYİR Kİ, HƏTTA GƏLƏ BİLSƏYDİ BELƏ, BERLİNƏ GƏLMƏYƏCƏKDİ

Berlin film festivalında diqqəti çəkən ikinci böyük hadisə ən yaxşı rejissor mükafatının «Ghost writer», yəni «Kabus yazıçısı» filminə görə 76 yaşlı Polanskiyə verilməsidir. Hazırda Polanski İsveçrədə ev dustağıdır. Əlində təhlükəsizlik qolbağı var ki, qaçmasın.

1978-ci ildə həddi-buluğa çatmamış yeniyetmə qızla seksual əlaqədə ittiham olunan rejissoru hazırda Birləşmiş Ştatlar tələb edir. Baxmayaraq ki, həmin qız Polanskiyə qarşı ittihamını çoxdan geri götürüb.

Polanskinin ən yaxşı rejissor mükafatına layiq görülməsi elan olunanda prodüser Alen Sard deyib:

«Mən əminəm ki, Polanski çox şad olcaq. Ancaq mən ona təəssüfümü bildirəndə ki, o , bizimlə deyil, Polanski dedi ki, əgər gələ bilsəydi belə, yenə gəlməyəcəkdi. Rejissor dedi ki, keçən dəfə festivala mükafat dalınca gedirdi, əvəzində özünü həbsdə gördü».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG