Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:50

Kamal Abdulla: «Görək bir çaya ikinci dəfə girmək olacaq-olmayacaq?»


Kamal Abdulla

Bu əhvalat 1952-ci il fevralın 21-də Banqladeşdə baş verib. 9 nəfər benqal dilinin dövlət dili olması uğrunda özünü öldürüb. Təsadüfi deyil ki, 1999-cu ildə Dünya Ana Dili Günü barədə qərar çıxarılarkən, həmin 9 nəfər benqalın bu yolda həyatlarını fəda etməsi yada düşdü. Fevralın 21-i o üzdən Dünya Ana Dili Günü kimi tarixə düşdü...

Ötən əsrin həmin illərində Banqladeşdən çox-çox uzaqlarda yerləşən Azərbaycanda da dövlət dilinin ana dili olması uğrunda mübarizə aparanlar vardı. Bu gizli savaş 1956-cı ildə Azərbaycan dilinin Konstitusiyada dövlət dili olması ilə nəticələndi. Kreml ondan xəbərsiz alınan bu qərarın sahiblərini ciddi cəzalandırdı. Onların hamısı vəzifələrindən alındı. Amma geriyə yol yox idi. Azərbaycan dili o vaxtdan dövlət dili kimi Konstitusiyada öz şərəfli yerini qoruyub saxladı.

Uzun illərdir ki, hər dəfə fevralın 21-i - Dünya Ana Dili Günündə verilişlərimizdə Azərbaycan dilinin çağdaş durumu, keçmişi, gələcəyi barədə müzakirələr aparırıq. Tanınmış dilçilər studiyada qonaqlarımız olur. Bu dəfə ənənəni pozduq. Görkəmli dilçi alim, əməkdar elm xadimi Kamal Abdullanın «Dilçiliyə səyahət» kitabının təqdimatına yollandıq.

«Yuğ» teatrında düzənlənən bu tədbirdə iynə atsan yerə düşməzdi. Azərbaycan elminin, mədəniyyətinin tanınmış simaları bura toplaşmışdı. Verilişdə siz onlardan götürdüyümüz müsahibələri də dinləyəcəksiniz.

Professor Kamal Abdulla yenicə çapdan çıxmış bu kitabını «Dilçi olmayanlar üçün dilçilik» adlandırıb və əsərini görkəmli Azərbaycan dilçiləri Məmmədağa Şirəliyevin, Muxtar Hüseynzadənin, Əbdüləzəl Dəmirçizadənin xatirəsinə həsr edib. Kitabın girişində müəllif oxucusunu dilçilik dünyasına, dünyanın adalar dolu dənizinə səyahətə dəvət edir və xatırladır ki, səyahət gəmi ilədir. Həm də bu səyahətdə səni və məni Əhməd və Zalxa adlı iki gənc müşayiət edəcək. Hətta oxucusuna bir sirr də açır – «Əhməd Zalxaya vurulub». Kamal Abdulla dilçiliyə səyahəti bu iki gəncin köməyilə gerçəkləşdirir. «Bütün misallarımızın, nümunələrimizin qəhrəmanları onlardır» deyir.

Veriliş boyu «Dilçiliyə səyahət» kitabından nümunələr də səslənir.

Təbii ki, müəllifi dindirmədən verilişi bitirmək fikrində deyildik. AzadlıqRadiosunun Azərbaycan dili barədə söhbətlərinə hər zaman məmnunluqla qatılan müəlliflə ayaqüstü müsahibə qarşınızdadır:

- Kamal müəllim, kitab necə yarandı?

- Demək çox çətindir. Bütün kitablar hansısa bir ehtiyacdan yaranır. Bəlkə də dəbdəbəli səslənir. Amma kitab doğrudan da, mənəvi ehtiyacdan yarandı. Mən istədim ki, doğma elmimi, öz içimdə məhrəm hiss etdiyim istiqaməti dilçi olmayanlar üçün də maraqlı, cazibəli edim. Belə bir ehtiyac yarandı və yavaş-yavaş yazılmağa başladı. Bu gün onun hissə deməzdim, birinci variantı yazıldı.

- Təqdimat mərasiminə qatılanların bəzilərinin fikrincə, kitabın ən önəmli cəhətlərindən biri çatımlı, dastanvari üslubda yazılmış olmasıdır...

- Ola bilər kimsə onu dastanvari görür, kimsə onu intriqa üzərində qurulmuş şəkildə görür, kimsə onu məhəbbət dastanının dilçiliyə çevrilməsi kimi görür. Bunlar hamısı, doğrudan da bir oyundur. Kitabda da yazılır ki, həyat da bir oyundur, dilçilik də bir oyundur...Elə kitabın yazı manerasının özü də bir oyundur. Mən kitab haqqında fikir söyləyənlərin hamısına minnətdarlıq edirəm. Güman edirəm ki, nə isə etmək istəməyimiz, gənclərimizi elmə yönəltməyə, elmi düşüncəyə yaxınlaşdırmağa, onun içində necə davranmağı öyrətməyə çalışmağımız, elə vətəndaşlıq missiyasının bir hissəsidir.

- «Dilçiliyə səyahət»i 3 böyük Azərbaycan dilçisinin xatirəsinə həsr etmisiniz. Sizin həyatınızda, fəaliyyətinizdə o üçlüyün hansı xidmətləri olub?


- Onlardan biri - Muxtar Hüseynzadə mənim auditoriyada müəllimim olub. İkincisinin -akademik Məmmədağa Şirəliyevin rəhbərliyi altında EA-nın Dilçilik İnstitutunda çalışmışam. Üçüncüsünün - Əbdüləzəl Dəmirçizadənin isə əsərlərindən öyrənmişəm. Hesab edirəm ki, Azərbaycan dilçiliyi - dilçilikdə belə də qəbul edilir - bu üç nəhəngin üzərində qurulub. Onların hər birinin yaratdığı məktəb olub. Məmmədağa Şirəliyev Azərbaycanda dialektologiya məktəbinin banisi sayılır. Dəmirçizadə dil tarixi və ədəbi dil məktəbinin, Muxtar Hüseynzadə isə müasir dil məktəbinin. Onlar həm banidirlər, həm də özlərindən sonra böyük bir məktəb yetişdirib getdilər.

- Onda onların yetişdirməsinə belə bir sual verim. Hətta dilçi olmayanlar üçün dilçilik kitabı yazdınız. Elə isə, tamammı, davammı?


- Yəqin ki, davam! Kitabda Heraklitin bir sözü tez-tez xatırlanır: Bir çaya iki dəfə girmək mümkün deyil. İndi görək ikinci dəfə girmək olacaq-olmayacaq...

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG