Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:43
Yazıçılar Birliyinin üzvlərinin sayı 5 dəfə azaldılsın! Bunu baş nazirin müavini, xalq yazıçısı Elçin təklif edir. O, Azərbaycan Yazıçılar Birliyinin qarşıdan gələn qurultayı ilə bağlı fikir və təkliflərini “525-ci qəzet”ə yazıb.

Elçin bir sıra yazıçıların aşağı səviyyəli “roman” və “poema”lar, “məqalə” və “resenziya”lar “istehsal etməsindən” və oxucuların zövqünü korlamasından narahat olduğunu bildirir.

Məqalənin ixtisar təklifi ilə bağlı hissəsini təqdim edirik:

“Bu gün Yazıçılar Birliyinin 1500 (mətbuatda hətta 1700 rəqəmi də gözümə dəyib, ancaq bu gün mətbuata cani-dildən inanmaq, təəssüf ki, mümkün deyil!) nəfərdən çox üzvü var (Çingiz Abdullayev də bunu tez-tez yada salır) və mən bu rəqəmin qeyri-ciddiliyi barədə deyilənləri təkrar etmək istəmirəm; danılmazı isə odur ki, biz Yazıçılar Birliyinin həqiqi sənət ocağı kimi ədəbi nüfuzunu artırmaq üçün bu çətin və həlli mürəkkəb vəziyyətdən çıxmalıyıq.
Ancaq necə?

Misal üçün, belə bir variant təklif etmək olar: Qurultay Yazıçılar Birliyinin üzvlərinin, yenə də misal üçün, 300 nəfərdən ibarət kvotasını müəyyən edir və qərar qəbul edir ki, gələcəkdə heç bir istisna bu kvotanı poza bilməz.

Eyni zamanda, Qurultay ədəbi nüfuzu, obyektivliyi, savadı yaxşı məlum olan, 9 nəfərdən (yaxud da başqa bir rəqəm) ibarət heç bir ədəbi kompromisə getməyən Komissiya yaradır və Komissiyaya müəyyən vaxt (iki-üç ay) verilir ki, Birliyin hazırkı üzvlərini attestasiyadan keçirmək üçün qəti və tələb olunan dərəcədə sərt qaydalar müəyyən etsin. Bu qaydalar Yazıçılar Birliyinin əvvəldən Qurultayın səlahiyyət verdiyi xüsusi plenumunda müzakirəyə çıxarılaraq nəhayətdə qəbul olunur.

Bundan sonra Komissiya fəaliyyətə başlayır və bir il-ilyarım müddətində (güman edirəm ki, kifayət edəcək vaxtdır) attestasiya işini başa vurur. Daha sonra yenə də xüsusi plenum Yazıçılar Birliyinin üzvlərini təsdiq edir və orasını da deyim ki, vacib deyil ki, Komissiyanın təqdim etdiyi üzvlər mütləq maksimum sayda – 300 nəfər olmalıdır. Bəlkə təqdim olunanların sayı 170, ya da ki, 230 olacaq və gələcəkdə vakant yerlər də Komissiyanın müəyyən etdiyi həmin qaydalara uyğun seçiləcək.

Təkrar edirəm, bu bir variantdır, olsun ki, daha mükəmməl, daha da işlək variantlar tapmaq mümkündür, əsas isə, məncə, odur ki, növbəti Qurultay bu məsələdən sərf-nəzər etməsin və ədəbi ictimaiyyətdə qeyri-sağlam bir ajiotaj yaradan bu vəziyyət aradan qaldırılsa, yalnız Yazıçılar Birliyinin, onun nüfuzunun və fəaliyyətinin xeyrinə olar”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG