Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22
SİQARET

Dodaqların arasında
Acgözlüklə sümürdüyün
Siqaret sandın məni.
(Sonra bir başqasının oduna caladın).
Sonra da
Yarıda söndürüb,
Əzdin külqabında.
Sonunda,
Ən sonunda
Qaldırıb atdın
Qaranlıqların yapyalnız qucağına.


SOYUQ KİŞİ

Divarlar sümürür qadınlığımı...
Neçə ildən bəridir.
Qısqancın biridir.
Hamıdan ayırıb məni,
Qoymur kiməsə verim qəlbimi.
Köz sala bilmir ocağında,
İsinə bilmirəm heç qucağında,
Yaman soyuq kişidir.
İnsafsızın biridir.


İLAN VƏ XƏZİNƏ

Mən ilandım,
Sən xəzinə.
Üstündə yatdım, amma
Torpaq yedim
Səhərə qədər.


QADIN EHTİRASI

Qadin şəhvətinin milyonda biri
Erkəklərin heç birində tapılmaz.
O sevgi, o ehtiras elə bir şey ki...
Tutulmaz, boğulmaz, sönməz, aşılmaz.


OVÇU SABAH

Onun sinəsi dağ yamacıydı,
Mənsə ahu ceyran.
Qoşa bulağın başına sığınıb yatdım.
Sabah qəfil ovçu kimi
Gəlib məni ürkütdü.
Onun sinəsi dağ yamacıydı,
Mənsə ahu ceyran.


ÜÇ GÜNLÜK VUSAL

Birinci gün yalnız sənə baxacağam.
Qoy gözlərim doysun.
İkinci gün yalnız danışacağam.
Qoy ürəyim soyusun.
Üçüncü gün yalnız səni öpəcəyəm.
Qoy yorğun ruhum yavaş-yavaş uyusun.


QIZAM MƏN

Gecə...
Səssiz gecə.
Səssiz, kimsəsiz gecə.
Mən ki nazam,
İşvəm, qəmzəm alovlanır.
Bu gecəyarısı, bu nədir, Allah,
Mən ki qızam, hələ qızam.
Aman Tanrım,
Qadınlığım oyanır.


...YALNIZ QADINLAR

Soyuq divarlarıyla
Sevişdikləri səssiz gecələrində
Yaralı aslanlartək çırpırlar özlərini
Qadınlıqlarının dar qəfəslərinin
Divarlarının
Paslı hıçqırıqlarına.


FON MUSİQİSİ

Çox erkəklər arzularımızın filmində
Xəfif bir fon musiqisidirlər.

Film bitincə
Unudarıq çıxıb gedər.


EROTİK ŞEİR

Gördün çölün düzündə
Susuz ölürdüm.
Bir bardaq su ilə
Gəldin üstümə.
Çatlamış dodaqlarımı uzatdım,
Bardağa toxunduğum an
Qalxdın, çevrildin və
Suyu boşaltdın yerə.
Gördün çöldə susuz necə öldüyümü.


LƏNƏT

Sevgisiz öpüşməyi də ötrətdilər
Üzün qara olsun, dünya.



XAM MUSİQİÇİ

Qadin incə bir musiqi aləti.
Kobud və xam erkəklərin əlində
tez kökdən düşən...
İncə bir musiqi aləti.


GÖZLƏRİNİN YAŞIL OTLAQLARI

Yetim,
Süd quzusu kimi
Qaçaram dalınca.

Məni əmizdirməsən də,
Qovma gözlərinin
Yaşıl otlaqlarından.



ZİRƏ AĞACI


Zirə ağacına su verməzlər.
Ara-sıra yanına gedib,
“Sənə su verəcəyəm” deyərlər.

Zirə ağacı ümidlə yaşar,
Yamyaşıl qalar,
Qurumaz.

Mən –
Bağçanda bitən
Zirə ağacı.


QADINLIĞIM

Qadinliğim!
Yalnız səni
Yaşadığım an,
Unudaram
Dünyanın
Kəsif qoxusunu.


YABANÇI KƏLMƏLƏR

Hər qadının bir dili var.
Hər qadının öz dili var.

Yüz dil, min dil öyrənir bu insanlar.

Heç kimsə danışmır mənlə
Mənim öz dilimdə.

Bezdim artıq hey yabançı kəlmələrdən.


PƏRİŞAN ŞAM

Sən yataq otağımın bir küncündə
yana-yana şölə saçan bir şamsan,
Artıq yatağımı
isidə bilməyən.


AXI NİYƏ

Allahim,
Sən təkliyi sevdiyin üçün,
Məni də tək yaratdın.
Sən ki kövrək deyilsən,
Niyə məni kövrək yaratdın?


GÖZÜMÜN SELİ

Baxir telefondan, baxır üzümə,
Ah, sənin nömrənin qara gözləri.
Tutur əllərimdən çəkir özünə,
Ah, sənin nömrənin qara gözləri.

Titrəyə-titrəyə nəmli kirpiyim,
Gözümlə öpürəm nömrələrini.
Gərək danışmayım, gərək kiriyim,
Öpüşə qərq edib kəlmələrini.

Kimsə baxışımı tutar, qorxuram.
Tanıyar gözümdə nömrələrini.
Dişlərimi bir-birinə sıxıb dururam,
Kimsə eşitməsin kəlmələrini.


ASACAĞAM ÖZÜMÜ

Nömrəni yığıb,
Telefon dəstəyindən acacağam özümü.
Dəstəyi götürəcəksən,
“Kimsən, nəçisən” deyəcəksən.
Cavab əvəzinə,
Xırıltımı eşidəcəksən,
Boğultumu eşidəcəksən.

Həsrətindən asta-asta öləcəyəm,
Səsini eşidə-eşidə öləcəyəm.
Səsin mənə matəm marşı çalacaq,
Səsin mənə dil deyib ağlayacaq.

Özün bilməyəcəksən,
Xəbərin də olmayacaq.
O gündən sonra daha sənə
zəng eləyən olmayacaq.
Nəfəsinə sığınan,
Səsinə qısılan olmayacaq.
Daha sənə zəng edib susan da olmayacaq.

Nə dünyaya gəldiyimi,
Nə səni sevdiyimi,
Nə sənə zəng etdiyimi
Heç kəs, heç kəs duymayacaq.

Nömrəni yığıb, səsini eşidib,
Telefon dəstəyindən asacağam özümü.



ŞEYTANIN ŞƏRİ

Bir səsin sehrinə düşmüşəm, Allah,
İllərdir qurtulub qaça bilmirəm.
Şeytanın şərinə düşmüşəm, Allah,
Əllərim bağlıdır, aça bilmirəm.

Məni ovsunlayan bir gözəl səsdir,
Görənlər deyir ki, həvəsdir, bəsdir,
Deyəsən dörd yanım dəmir qəfəsdir,
Hey qanad çalıram, uça bilmirəm.

QOVUŞMAYAQ

Gəl qalaq
Sən dünyanın o başında,
Mən bu başında.
Qovuşmağa can atmayaq,
Nə mən sənə, nə sən mənə alışmayaq.
İsinişməyək.
Gəl yaşayaq, sevgilim,
Sən dünyanın o başında,
Mən bu başında.
Dünyanı biz saxlamışıq
Tarazlıqda.
Hərəmiz tərəzinin bir başında.
Biz birləşsək,
Çökər yerin bir tərəfi.
Birləşməyək, qovuşmayaq.
Nə sən mənə, nə mən sənə alışmayaq.

Kişiləri altımızdakı maşın, sükanı bizim əlimizdə sanarıq hərdən. Amma elə ki aşiq oluruq, motoru belə işə salmağa gücümüz yetməz.


HAMISINDAN GÖZƏL

Ən gözəl köynəyini geyinib gəldi.
Durdu qarşımda.
- Necədir? – dedi.
- Yaxşıdır, – dedim, amma...
Sözümü kəsdi,
Tez keçdi yan otağa.
Daha gözəlini geyinib gəldi.
Qarşımda fırlanıb,
- Bu necə? – dedi.
- Bu da yaxşıdır, - dedim, - amma...
Yenə qoymadı sözümü bitirməyə,
Yenə qaçdı yan otağa.
Ah... Bu dəfə necə gözəl idi...
Qarşımda duraraq gözləriylə məni yaxdı.
- Sən allah, gözəl deyilmi? – dedi.
Özümü saxlaya bilmədim daha,
Tez-tələsik:
- Gözəldir.
Çox gözəl.
O biri də gözəl idi.
Hərəsi bir-birindən gözəl.
Amma soyunsan hamısından gözəl.


HİCRAN VER

Mənə vüsal vermə, yarəb, hicran ver.
Çağlayan dənizəm, tufan ver mənə.
Bu dərdlə, əzabla vuruşumu gör,
Aman ver, ilahi, aman ver mənə.

Nəşə istəmirəm, mənə kədər ver,
Nə qədər istərsən, lap o qədər ver.
Dərd vermə, dərd nədir, dərddən betər ver,
İmkan ver, ilahi, imkan ver mənə.

Könlüm uzaq bir çöldə tənha bir dəmiryoludur. Yüz ildən bir ordan bir sevgi qatarı keçər. Mənim bəxtimdən də o ya sınıq-salxaq bir şey olar, məni yarıyolda buraxar, ya da içində bir cani, bir quldur gizlənər.


PORTRET

Kişilər –
Çəkib qurtara bilmədiyim,
bitirə bilmədiyim
bir portret.

Çox zaman həvəsim olmadı fırçaya toxunmağa,
Bəzən də qoymadılar bitirməyə.
Çoxdur belə yarımçıq işlər,
Eh,... kişilər... kişilər...

(davamı olacaq)

Həmçinin oxu
Nuridə Atəşi: «Şeir tanrının insanın qulağına pıçıltısıdır…»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG