Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:07

50 milyon insan öz yurd-yuvasından didərgin düşə bilər


Yer kürəsində səhralaşma sürətlə davam edir
Yer kürəsində səhralaşma sürətlə davam edir
BMT-nin Tokioda yerləşən tədqiqat universiteti yeni hesabat hazırlayıb. 46-səhifəlik bu hesabat 25 ölkədən olan 200 ekspertin araşdırmasına əsaslanır.

Hesabatda deyilir ki, Yer kürəsində səhralaşma prosesi hazırkı sürətlə davam etsə, qarşıdakı 10 il ərzində 50 milyon insan öz yurd-yuvasından didərgin düşmək təhlükəsi ilə üzləşəcək.

Tədqiqatın əsas müəllifi Zəfər Adil deyir ki, bu cür dəyişiklik zəncirvarı reaksiyası ilə sosial xaosa gətirib çıxara bilər.

Bu xaosun bir əlaməti kimi, təsir dairəsində olan regionlardan əhali kütləvi miqrasiya edə bilər.

Mərkəzi Asiyanın keçmiş sovet respublikaları xüsusilə risk altında olan ərazilərə daxildir. Burada sovet suvarma sistemi dağıldıqdan sonra güclü səhralaşma başlayıb.

Hesabatda səhralaşmanı zəiflətməyə kömək kimi bir neçə metod təqdim olunur.

Belə metodlardan biri quraq ərazilərdə otlaqlar və meşə massivləri salmaqdan ibarətdir. Bundan başqa, Günəş enerjisindən istifadə etmək israrla tövsiyə olunur.

Problemin başqa bir həll yolu ekoturizmin inkişafıdır. Çünki səhralaşan ərazilərə turistlərin gəlməsi ilə əlaqədar olaraq orada yeni iş yerləri açılacaq və nəticə etibarilə, insanlar həmin əraziləri tərk etməkdən vaz keçəcəklər.

Bu taktikadan hazırda Tunisdə çox səmərəli istifadə olunur. İsrail, Pakistan və Misirin təcrübələri göstərir ki, belə ərazilərdə hətta balıq yetişdirmə müəssisələrinin yaradılması da effektiv nəticələr verir.

Böyük Britaniyada yerləşən «Xristian yardımı» adlı xeyriyyə təşkilatının tədqiqatına əsasən, münaqişələr və təbii fəlakətlər üzündən hazırda 155 milyon insan öz yurd-yuvasından didərgin düşmüş vəziyyətdədir.

Hesabatın müəllifi Con Devison «Nyu-York Tayms»a bildirib ki, 2050-ci ilə qədər daha 1 milyard insanın iqlim dəyişikliyi səbəbindən öz yerindən didərgin düşmək ehtimalı var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG