Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:25

Henrix Böll "ELZA BASKOLAYTIN ÖLÜMÜ" (Hekayə)


Bizim əvvəllər yaşadığımız evin zirzəmisini Baskolayt adlı bir ticarətçiyə kirəyə vermişdilər. Dəhliz həmişə portağal qutuları ilə dolu olurdu və ordan çürümüş meyvə iyi gəlirdi:

Baskolayt hamısını dəhlizə yığıb hazır qoyurdu ki, zibildaşıyanlar gəlib aparsınlar. Süd rəngli şüşənin arxasından onun şərqi prussiyalılara xas olan gur səsini eşidirdik: zəmanədən şikayətlənirdi.

Ancaq Baskolayt ürəyinin dərinliyində çox şən adam idi. Yalnız uşaqlara məxsus olan bir həssaslıqla duyurduq ki, onun bu şikayəti üzəgörədir və bizim də üstümüzə yalandan qışqırır. Həmişə iki-üç pilləkən yuxarı qalxar, cibinə doldurduğu almaları, portağalları top kimi bir-bir bizə atardı.

Onda çox adam Baskolaytı qızı Elzaya görə tanıyırdı.

Bilirdik ki, Elza rəqqasə olmağa hazırlaşır. Bəlkə də elə rəqqasə idi. Ancaq hər halda, çox məşq edirdi.

Özü də mətbəxin böyründəki, divarlarına sarı rəng çəkilmiş otaqda məşq edirdi.

Sarışın, nazikbədən, solğun bənizli qız idi, əynində yaşıl rəngli idman trikosu, gah barmaqlarının ucunda dövrə vurur, gah da qu quşu kimi süzür, tullanır, yerində fırlanırdı.

Qaranlıq düşəndə mənim yataq otağımdan hər şey görünürdü: al yaşıl rəngli paltardakı arıq bədəni, gərginləşmiş solğun bənizi.

Tullanarkən sarışın saçları hərdən tavandan asılmış çırağa toxunur, onu yelləndirirdi və həmin anda qaranlıq həyətdəki sarımtıl işıq dairələri bir az genişlənirdi.

Bir də görürdün kimsə həyətdən qışqırır:

"Qəhbə!" Mən onda bilmirdim "qəhbə" nə deməkdir. Bəziləri də deyirdi: "Yaramazlığa bax!" Mənə elə gəlirdi ki," yaramazlığın" nə olduğunu bilirəm və inanmırdım ki, Elzanın bununla nəsə bir əlaqəsi olsun.

Həmin anda Baskolaytın mətbəxinin pəncərəsi taybatay açılırdı və içəridəki tüstü-dumanla birlikdə onun iri, daz kəlləsi də çölə çıxırdı, açılmış pəncərədən həyətə işıq düşürdü və bir qatar söyüş də həmin işığa qarışırdı. Ancaq bu söyüşlərdən heç birini başa düşmürdüm.

Bütün bunlara baxmayaraq, tezliklə Elzanın otağının pərdəsi qalınlaşdı, daha həyətə ordan işıq düşmədi. Ancaq mən yenə də hər axşam tutqun işıq görünən pəncərəyə baxırdım, heç nə görməsəm də bilirdim ki, Elza Baskolayt al yaşıl trikosunu geyinib, arıq və sarışındır, yuxarıdan asılmış papaqsız çırağın altında süzür.

Sonralar biz ordan köçdük, mən yaşa doldum, "qəhbə"nin nə olduğunu bildim, inanmağa başladım ki, "yaramazlığın" da nə olduğunu başa düşürəm. Çoxlu rəqqasə gördüm, ancaq heç biri Elza Baskolayt kimi xoşuma gəlmədi.

Onun haqqındasa heç nə bilmədim. Biz başqa şəhərə köçdük, müharibə başladı, özü də lap çox çəkdi və mən Elza Baskolaytı tamam unutdum. Hətta qayıdıb bu şəhərə köçəndə də yadıma düşmədi.

Böyük topdansatış firmasında sürücü işləyənə qədər özümü müxtəlif sənətlərdə sınaqdan keçirdim. Məlum oldu ki, mən yalnız bu yük maşınının dilini bilirəmmiş. Hər səhər tezdən siyahını alır, alma, portağal qutuları, gavalı zənbilləri ilə yüklənmiş maşını şəhərə sürürdüm.

Günlərin bir günü yenə maşını yükləmək üçün anbarın qarşısında saxlamışdım və müdir də əlində siyahı, yüklənən malları yoxlayırdı. Bu vaxt hesabdar qapısına banan reklam edən şəkillər vurulmuş otağından çıxıb müdirdən soruşdu:

-- Baskolayta da nəsə göndərəcəyik?

-- Nə sifariş verib? Yenə göy üzüm?

-- Bəli, - deyə hesabdar gicgahına qoyduğu qələmi götürdü və təəccüblə müdirə baxdı.

-- Hərdən nəsə sifariş verir, - dedi müdir, - özü də göy üzüm. Niyəsini bilmirəm, ancaq göndərə bilməyəcəyik, - sonra da əyinlərinə boz xalat geyinmiş fəhlələrə tərəf döndü: - İşinizdə olun!

Hesabdar öz otağına çəkildi və mən həmin andan sonra izləyə bilmədim ki, siyahıda olanların hamısı yükləndi ya yox.

O dəqiqə dördkünc, gur işıqlı mətbəx pəncərəsi, arıq, solğun bənizli, al yaşıl triko geyinmiş Elza Baskolaytın necə rəqs etdiyi gözlərimin önündə canlandı və mən bu səfər marşrutu dəyişdim.

Bir vaxtlar yanında oynadığımız küçə lampalarından biri hələ qalmışdı, ancaq papağı yox idi. Evlərin çoxu uçub - dağılmışdı, maşın tez-tez çala - çuxura düşürdü. Əvvəllər uşaqların arı kimi vızıldaşdığı küçədə indi bircə uşaq görünürdü.

Qarayanız, solğun bənizli oğlan idi, yorğun halda uçuq bir divarın üstündə oturub ağ rəngə çalan toz-torpaqda fiqurlar çəkirdi.

Yanından keçəndə baxışlarını qaldırdı, ancaq o dəqiqə də başını aşağı saldı. Baskolaytın evinin qarşısında əyləci basıb düşdüm. Balaca vitrinləri toz basmışdı, piramida şəklində üst-üstə yığılmış qutular uçub-dağılmışdı, sarı rəngli qutular zir-zibilin içində qaralmışdı.

Divar uzunu yuxarı baxıb tərəddüdlə qapını açdım, yavaş - yavaş aşağı düşdüm.

Qapının lap yaxınlığındakı qutularda üst-üstə yığılmış əzik - üzük ədvələr kəskin nəm iyi verirdi. Sonra da Baskolaytın çiyinlərini, papağının altından çıxmış ağ saçlarını gördüm.

Hiss etdim ki, böyük çəlləkdən sirkəni şüşəyə boşaltmağa çətinlik çəkir. Axıra kimi də bacarmadı, şüşənin ağzını krana düz tutmadığı üçün turşumuş maye onun barmaqları arasından süzülərək döşəmədə gölməçə yaratdı.

Həmin anda çürümüş, turşumuş iyi verən döşəmə ayaqları altında cırıldayırdı. Piştaxtanın yanında qırmızımtıl palto geyinmiş arıq bir qadın dayanıb biganəliklə ona baxırdı. Deyəsən, şüşəni birtəhər doldura bildi, onun qapağını burdu və mən bayaq qapıdan içəri girəndə dediyim sözləri bir də təkrar etdim:
-- Sabahınız xeyir.

Heç biri cavab vermədi.

Baskolayt şüşəni piştaxtanın üstünə qoydu. Sifəti solğun idi, qırxılmamışdı və qadının üzünə baxıb dedi:

-- Qızım ölüb...Elza...

-- Bilirəm, - qadın əsəbiləşdi. - Beş ildir bilirəm... Qab-qacağı yumaq üçün qum da verin.

-- Qızım ölüb... - deyən Baskolayt təəccüblə, yazıq - yazıq qadına baxdı.

Qadın isə dedi:

-- Qurusundan... bir kilo.

Baskolayt piştaxtanın altından qaralmış bir çəllək dartıb çıxardı, tənəkə kürəkciyi onun içinə salıb qarışdırdı. Əlləri əsə-əsə sarımtıl qumdan kağız torbaya yığdı.

-- Qızım ölüb! - dedi. Qadın susdu. Mən ətrafa baxdım, toz basmış əriştə qutularından, kranından yavaş-yavaş damcılayan sirkə çəlləyindən, qumdan, sarışın bir oğlan uşağının irişə - irişə çoxdan yoxa çıxmış şokolad yeməsini təsvir edən pardaxlı lövhəcikdən başqa heç nə görmədim.

Qadın şüşəni tor zənbilə qoydu, qumu onun böyründə yerləşdirdi, piştaxtanın üstünə bir neçə dəmir pul atdı, geri dönüb mənim yanımdan keçəndə əlini gizlicə gicgahına apardı, yəni "başı xarab olub" - dedi və gülümsədi.

Yadıma keçmiş günlər düşdü. O qədər balaca idim ki, burnum piştaxtaya dəyirdi, ancaq buna baxmayaraq, hansı qənnadı firmasınınsa şüşə qutusunu görə bilirdim. İndi həmin şüşə qutunun içində toz basmış un kisəcikləri vardı.

Birdən mənə elə gəldi ki, balacalaşdım, burnum o çirkli piştaxtaya dəydi, ovcumda konfet almağa gətirdiyim pfenniqləri sıxmışam. Gördüm ki, Elza Baskolayt rəqs edir, cammat həyətdən qışqırır: "Qəhbə!" "Yaramazlığa bax!"...

Baskolaytın səsi məni ayiltdı...
-- Qızım öldü....

Bu sözləri qeyri - ixtiyari deyirdi, heç bir hiss-həyəcan yox idi. Şüşəli piştaxtanın yanında dayanıb küçəyə baxırdı.
-- Elədir, - dedim.

-- O öldü! - dedi.
-- Elədir,- dedim. Arxası mənə tərəf dayanmışdı, əlləri də bomboz, ləkə-ləkə olmuş qısa xalatının cibində...
-- Üzümü çox xoşlayırdı... Özü də göy üzümü... ancaq öldü...

Məndən heç soruşmadı ki, nə istəyirəm, ya da nə buyururam. Sadəcə, şüşəli piştaxta ilə kranından yavaş-yavaş damcılayan sirkə çəlləyinin arasında dayanıb çölə baxır, öz-özünə deyirdi: "Qızım öldü!" "O öldü!" Və heç mən tərəfə də baxmırdı.

Deyəsən lap əbədiyyətin özü qədər orada dayandım, özümü tamam unutdum, xatirələrin qoynunda itib - batdım, həzin bir şırıltı ilə yan - yörəmdən axıb gedən zamanı hiss eləmədim. İçəri bir qadın girəndə, özümə gəldim.

Balacaboy, kök bir qadın idi. Baskolayt ona tərəf çevrilib dedi:

-- Qızım öldü....

-- Bilirəm, - deyən qadın qəflətən ağlamağa başladı.- Bir kilo qum... quru olsun...
Baskolayt piştaxtanın arxasına keçib kürəkciyi çəlləyin içinə saldı.

Mən çıxıb gedəndə qadın hələ də ağlayırdı.

Bayaq uçuq divarın üstündə oturmuş qarayanız, solğun bənizli oğlan mənim maşınımın üzəngisinə qalxmışdı, diqqətlə içəri baxırdı. Sonra əlini açıq pəncərədən içəri salıb əvvəlcə sağ, sonra da sol dönüm lampalarını yandırdı.

Qəflətən məni yanında görəndə diksindi, əlimi uzadıb tutdum, qorxu yağan solğun sifətinə baxdım, maşındakı qutudan bir alma götürüb ona verdim. Onu buraxanda təəccüblə üzümə baxdı.

Elə baxdı ki, özüm də diksindim, bir alma da götürdüm... birini də götürdüm... ciblərinə doldurdum, sonra qoynuna yığdım... yığdım...

Sonra maşına minib getdim...

"Azərbaycan" jurnalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG