Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:07
Nə qədər ki qaranlıq idi, yanında uzanmış qadın onun sifətini görmürdü, hamısına dözə bilirdi. Düz bir saat idi ki, qadın danışırdı və elə hey "hə", "əlbəttə, elədir", "hə, haqlısan" demək o qədər də çətin deyildi.

Yanında uzanan qadın arvadı idi. Ancaq həmişə onun haqqında düşünəndə "qadın" sözü ağlına gəlirdi. Çox gözəl qadın idi və hətta belə bir arvadının olmasına paxıllıq edənlər də vardı.

Arvadını qısqanmağa əsas çox idi, ancaq özü qısqanc adam deyildi. İndi sevinirdi ki, qaranlıq arvadının sifətini ondan gizlədir, sevinirdi ki, gərginləşmir. Bütün günü işıqda kiməsə başqa bir sifət göstərməkdən yorucu heç nə yoxdur və onun da işıqda arvadına göstərdiyi sifət qondarma sifət idi.

Qadın dedi:

- Uli keçməsə, dəhşət olacaq. Mariya buna dözməz. Özün bilirsən ki, o nələr çəkib... Elə deyil?

- Əlbəttə elədir, - o, cavab verdi, - bilirəm...

- Yavan çörək yeyib. Adam inana bilmir ki, bütün bunlara dözüb... Həftələrlə quru taxtanın üstündə yatıb... Uli doğulanda Erix itkin düşmüşdü... Uşaq bu imtahandan keçməsə, heç bilmirəm necə olacaq. Düz demirəm?

- Hə, düz deyirsən...
- Çalış imtahan keçirilən sinfə girməmişdən əvvəl uşağı gör, ona bir-iki xoş söz de... Sən əlindən gələni edəcəksən, elə deyilmi?

- Elədir...

Düz otuz il bundan əvvəl, bir yaz günündə onun özü də qəbul imtahanı vermək üçün şəhərə gəlmişdi.

Həmin axşam bibisigil yaşayan küçəyə düşən günəş işığı qıpqırmızı idi və onda on bir yaşlı oğlana elə gəlmişdi ki, kimsə evlərin damına qığılcım səpələyir, ətrafdakı yüzlərlə pəncərədə həmin qırmızı rəng metal kimi parıldayır.

Sonra yeməyə oturdular və onda da pəncərələrə yaşılı rəngə çalan bir qaranlıq qonmuşdu.

Yarım saat belə oldu və qadınlar bilmədilər, işığı yandırsınlar ya yox.

Onun bibisi də tərəddüd edirdi. Axırda düyməni burdu və bununla da sanki yüzlərlə qadına işarə verdi, bütün pəncərələrdən süzülən sarımtıl işıq yaşılı rəngə çalan qaranlığın bağrına sancıldı. Bu işıqlar elə bil tikanlı kal meyvələr kimi qaranlıqdan asıla qalmışdılar.

- Keçə biləcəksən? - bu sualı bibisi verdi və həmin anda pəncərənin qabağında qəzet oxuyan əmisi başını buladı, sanki bununla demək istədi ki, yersiz suallar verməsin, xətrinə dəyər.

Sonra bibisi onun yerini mətbəxdəki taxtın üstündə düzəltdi və döşək əvəzinə onun altına sırıqlı yorğan saldı. Əmisi öz yorğanını, bibisi isə yastığını verdi.
- Tezliklə sənin də öz yorğan-döşəyin olacaq, - dedi bibisi, - indi yat, gecən xeyrə qalsın.

- Gecəniz xeyrə qalsın.

Bibisi işığı söndürüb yataq otağına keçdi.

Əmisi getmədi və özünü elə göstərdi ki, guya nəsə axtarır.

Əlləri oğlanın üzünə toxunaraq pəncərənin qarşısında nəsə axtardı, sonra təzədən onun üzünə toxunaraq geri qayıtdı. Bu əllərdən meyxana, qətran qoxusu gəlirdi. Əmisinin utancaqlığı qurğuşun kimi havadan asılı qaldı, demək istədiyini demədən yataq otağına keçdi.

"Keçəcəm, - deyə oğlan tək qalan kimi ürəyindən keçirdi və indi yəqin ki, sobanın qarşısında oturub nəsə toxuyan anası gözləri önündə canlandı. O hərdən əllərini qoynuna qoyur, qorxa - qorxa müqəddəslərdən hansınasa dua edirdi."

Ən çox pərəstiş etdiyi Judas Tedousa dua edirdi? Yoxsa gimnaziyaya girməyə hazırlaşan bu kəndli oğlan üçün Don Boskoya dua etmək lazım idi?

- Elə şeylər var ki, onlar gərək heç vaxt olmasın, - yanında uzanmış qadın dilləndi. Hiss etdi ki, o, cavab gözləyir və ona görə də yorğun halda dedi:
- Elədir...

Və birdən ümidsizliklə hiss etdi ki, dan sökülür, açılan səhər onun qarşısında çətinlər çətini olan bir vəzifə qoyur: özü üçün ayrı bir sifət qondarmaq!
"Yox, - deyə ürəyindən keçirdi, - çox vaxt baş verməli olmayan şeylər də baş verir..."

O vaxt, otuz il bundan əvvəl, qaranlıq mətbəxdə özünü daha inamlı hiss edirdi. Riyaziyyat, inşa haqqında düşünürdü. İnanırdı ki, hər şey yaxşı olacaq.

Yəqin ki, inşanın mövzusu belə olacaq: "Şahidi olduğun ən qəribə hadisə" və dəqiq bilirdi ki, nəyi yazacaq: Tomas dayının qaldığı ruhi xəstəxanaya getdiyini; qəbul otağındakı yaşıl rəngli stullar və bir də onun dediyi yeganə cümlə:

"Kaş bu dünyada ədalət olaydı". Həmin cümləni çox vaxt onun özünə də deyirdilər...

- Sənə qırmızı rəngli gözəl bir isti köynək toxumuşam... - Anası dedi bu sözləri. - Sən axı... rəngli şeyləri çox xoşlayırdın...

- Kaş bu dünyada ədalət olaydı...

Onlar havadan, inəklərdən və bir az da siyasətdən danışdılar. Tomas dayı isə bircə cümlə deyirdi:
- Kaş bu dünyada ədalət olaydı...

Və sonra onlar divarları yaşıl rəngli dəhlizlə geri qayıdanda, arıq bir kişinin çiyinlərini qısaraq sakitcə bağa tərəf baxdığını gördü. Darvazaya çatmağa az qalanda mehriban, xoş təbəssümlü bir kişi onlara tərəf gəldi və dedi:

- Madam, mənə "əlahəzrət" deməyi unutmayın...

Anası yavaşdan dedi:
- Əlahəzrət...

Bir qədər sonra onlar tramvay dayanacağında gözləyərkən geri dönüb bir daha ağacların arasında gizlənmiş yaşıl rəngli binaya baxdı və gördü ki, arıq kişi hələ də çiyinlərini qısaraq pəncərədən baxır.

Həmin anda bağdan gülüş səsi eşidildi, sanki kimsə korşalmış qayçı ilə tənəkə kəsirdi...
- Qəhvən soyuyur... - Bu sözləri arvadı olan qadın dedi: - Nəsə bir şey ye...

Qəhvə dolu fincanı ağzına yaxınlaşdırdı, nəsə yedi.

- Bilirəm, - deyə qadın əlini onun çiyninə qoydu, - bilirəm ki, sən yenə də "ədalət" barədə düşünürsən. Məgər uşağa azacıq kömək etmək ədalətsizlikdir? Ulini sevmirsən?

- Sevirəm, - dedi. Və doğrudan da belə idi: Ulini sevirdi. Nərmənazik, mehriban, çoxbilmiş bir oğlan uşağı idi. Ancaq gimnaziyada oxumaq onun üçün əzaba çevriləcəkdi: şöhrətpərəst ananın təhriki ilə çoxlu əlavə dərslərə getməli olacaq. Nə qədər çalışsalar da, nə qədər xahiş-minnət eləsələr də, orta səviyyəli bir şagird olacaq.

Ömrü boyu gücü çatmayan bir iddia yükü daşımaq məcburiyyətində qalacaq.

- Uliyə kömək etməyə söz verirsən, elə deyilmi?
- Elədir, - dedi, - ona kömək edəcəm.
Və arvadının qəşəng yanaqlarından öpüb evdən çıxdı.

Yavaş-yavaş gedirdi. Siqaret yandırdı, qondarma sifətindən canını qurtardı, sərbəstliyindən ləzzət aldı, öz doğma sifətinə qayıtdığına sevindi.

Xəz mallar mağazasının vitrininə baxdı. Üstünə qəhvəyi rəngli suiti və xallı pələng dərisi qoyulmuş qara məxmərin üstündə sifətinin əksi görünürdü. Solğun, bir az da şişkin görünən, təxminən qırx yaşlarında olan şəkkak, bəlkə də abırsız bir kişinin sifəti idi.

Bir il öncə rəhmətə getmiş dostu Alfred həmişə deyərdi: "Sən hələ də bəzi kin-küdurətli xasiyyətlərindən əl çəkməyibsən və bütün hərəkətlərində də emosiyaya üstünlük verirsən".

Alfred bunu pis mənada demirdi, əksinə, onu daha dəqiq səciyyələndirməyə çalışırdı, ancaq insanı heç vaxt sözlərin köməyi ilə olduğu kimi səciyyələndirmək olmazdı. Ona elə gəlirdi ki, "kin - küdurət" sözü ən ziyansız, ən miyanə sözlərdən biridir.

O vaxt, otuz il bundan əvvəl mətbəxdəki taxtın üstündə uzananda fikirləşirdi ki, belə bir inşanı heç kim yazmayacaq.

Yəqin ki, heç kəsin başına belə qəribə iş gəlməmişdi və yuxuya getməmişdən əvvəl başqa şeylər haqqında da, düşündü: bu taxtın üstündə doqquz il yatacaq, mətbəx stolunun üstündə ev tapşırıqlarını edəcək. Düz doqquz il...

Əbədiyyətin özü qədər uzun çəkəcək bu doqquz ili anası həmişə evdəki sobanın qarşısında oturub nəsə toxuyacaq, dualar zümzümə edəcək. Qonşu otaqda əmisi ilə bibisi nə barədəsə alçaqdan söhbət edirdilər və o, bircə sözü eşidə bildi.

Öz adını: Daniel... Deməli, onun haqqında danışırdılar. Heç nə başa düşməsə də bilirdi ki, yaxşılığına danışırlar. Onu çox sevirdilər. Özlərinin uşağı yox idi. Qəflətən onu qorxu bürüdü. "İki ildən sonra, - deyə ürəyi döyünə - döyünə fikirləşdi, - bu taxt mənim üçün balaca olacaq... Bəs harada yatacam?"

Bir xeyli narahatlıq içində bu barədə düşündü, sonra öz - özünə dedi: "İki il... sonu - sonucu görünməyən bir vaxtdır bu... Hər gün işıqlanan nə qədər qaranlıqlar olacaq..." Və qəflətən özü də bir parça qaranlığa qarışdı.

İmtahana qalan bir gecənin qaranlığına... Dolabla pəncərənin arasında asılmış şəkil yuxusuna girdi. Üz - gözlərindən qəzəb yağan kişilər hansı fabrikinsə qapısına yığışmışdılar. Birinin əlində didik - didik olmuş qırmızı bayraq vardı. Bayaq alaqaranlıqda güclə hərfləyib oxuduğu sözü yuxusunda aydınca oxudu: TƏTİL...

Suiti və xallı pələng dərilərinin arasındakı qara məxmərə sanki gümüşü rənglə həkk olunmuş solğun sifətindən ayrıldı... Ancaq tərəddüdlə ayrıldı, çünki bu sifətin arxasında uşaqlığını gördü...

On üç il sonra məktəbin müşaviri ona dedi:

- Tətil... Tətil.... Fikrinizcə, bunu ibtidai sinif şagirdlərinə inşa mövzusu kimi vermək olar?

Onda bu mövzunu verməmişdi və o vaxt da, yəni 1934-cü ildə əmisigilin mətbəxindəki həmin şəkli də çoxdan götürmüşdülər. Ancaq ruhi xəstəxanadakı Tomas dayısına baş çəkmək, yaşıl rəngli stullardan birinin üstündə oturaraq siqaret çəkmək, Tomas dayıya qulaq asmaq olardı.

Tomas dayı sanki yalnız ona ünvanlanan qədim bir kilsə nəğməsinə - litanaya cavab verirdi. Kirimişcə oturub diqqətlə qulaq asırdı. Ancaq onun yanına gələn adamların dediklərinə yox, gözəgörünməyən bir xorun sızıltısına qulaq asırdı.

Bu xor sanki dünya üzünə çəkilmiş bir pərdənin arxasından bu dünyaya litanay pıçıldayır və ona da yalnız Tomas dayı cavab veriridi. Və həmin cavab da belə olurdu: "Kaş bu dünyada ədalət olaydı.."

Həmişə pəncərənin qabağında dayanıb bağa baxan kişi o qədər arıqlamışdı ki, günlərin birində dəmir barmaqlıqların arasından sürüşüb yıxıldı, acı gülüşlərini də özü ilə apardı. Ancaq əlahəzrət hələ yaşayırdı və Hemke də hər dəfə ora yolu düşəndə kişiyə yaxınlaşıb təbəssümlə pıçıldayırdı:

"Əlahəzrət". Bir dəfə qapıçı ona dedi:

- "Belələrinin canı it canıdır... Çətin ölərlər..."

Ancaq yeddi il keçəndən sonra əlahəzrət də öldü, Tomas dayı da... Onları qətlə yetirdilər... Və dünyanın üzərinə çəkilmiş pərdənin arxasından litanay oxuyan xor əbəs yerə öz duasına cavab gözləyirdi... Axı bu cavabı yalnız Tomas verə bilərdi...

Hemke məktəbin yerləşdiyi küçəyə döndü və imtahana gələn şagirdləri görəndə qorxdu: kimisi anası, kimisi isə atası ilə gəlmişdi və hamının da üzündə həyəcan dolu saxta bir təbəssüm ifadəsi vardı. Imtahanqabağı həmişə belə olurdu: anaların üzündə ümidsizlik dolu bir sevinc, ataların üzündə isə ümidsizlik dolu biganəlik...

Onun diqqətini azacıq aralıqdakı uçuq evin astanasında tək - tənha oturmuş bir uşaq cəlb etdi. Hemke dayandı və hiss etdi ki, onu bürüyən qorxu hissi daha da çoxalır, üşənməyə başlayır. "Ehtiyatlı olmaq lazımdır, - deyə ürəyindən keçirdi, - özümə fikir verməsəm, günlərin birində Tomas dayı yatan yerə gedəsi olacam, bəlkə də onun sevimli cümləsini təkrar edəcəm."

Qapının astanasında oturan uşaq ona oxşayırdı.

Otuz il bundan əvvəlki Hemkeyə yaman oxşayırdı və ona elə gəldi ki, aradan keçən həmin otuz il birdən-birə toz kimi uçub getdi, sanki heykəlin üstünə qonmuş tozu üfürüb təmizlədin...

Səs-küy... Gülüş səsləri.... Günəş qarı ərimiş damların üstündə parıldayırdı.

Yalnız xarabalıqların gün düşməyən yerlərində qar qalmışdı...
Onda əmisi onu buraya lap tezdən gətirmişdi... Tramvayla körpünün üstündən keçdilər, kəlmə də kəsmədilər. Əmisi oğlanın qara corablarına baxıb düşündü: utancaqlıq da xəstəliyin bir növüdür. Onu da göy öskürək kimi müalicə etmək gərəkdir.

Əmisinin, üstəlik də özünün utancaqlığı onu sanki boğurdu. Boğazına qırmızı şarf dolamış, qəhvə şüşəsini pencəyinin sağ cibinə qoymuş əmisi bomboş küçədə onun böyründə lal-dinməz dayanmışdı. Qəflətən "Işə getdim!" -deyib aralandı.

Oğlan qapılardan birinin astanasında oturdu: yanından göy-göyərti dolu əl arabaları keçdi, çörəksatan uşaqlar harayasa çörək apardılar. Süd satan qız əlində bardaq qapı - qapı gəzdi və hər qapının ağzında maviyə çalan süd izləri qaldı.

Ona elə gəldi ki, bəlkə də heç kəsin yaşamadığı bu evlər çox zəngin evlərdi. Zənginlik əlaməti hesab elədiyi sarı rəng xarabalarında da qalmışdı..

- Sabahınız xeyir, cənab direktor! - Yanından keçən bir nəfər onu salamladı. Başını yüngülcə tərpətdi. Bilirdi ki, içəri girən kimi həmkarları deyəcək: "Qoca yenə nəsə özündən uydurub..."

"Mənim üç yolum var, - deyə ürəyindən keçirdi. - Ya indicə qapının astanasında otururmuş uşağa çevrilər, ya solğun bənizli, şişkin sifətli kişi kimi qalar, ya da Tomas dayı olaram."

Ən xoşagəlməzi özü kimi qalmaq idi: qondarma sifət gəzdirmək kimi ağır yük daşımalı idi. Uşaq olmaq da çox ürəyincə deyildi: sevdiyi, nifrət etdiyi kitablar...

Bu kitabları mətbəxdəki stolun üstünə sərib acgözlüklə oxumuşdu, su kimi içmişdi. Dəftər, qaralama kağızı çatmırdı, hamısını qeydlərlə, hesablamalarla, inşa mövzuları ilə doldurmuşdu.

Bütün bunlar üçün həftədə 30 pfenniq lazım idi, onu da tapmaq olmurdu.

Axırda müəllimi dedi ki, məktəbin zirzəmisində köhnə dəftərlərin ağ vərəqlərindən istifadə etsin. Ancaq o, bir üzü yazılmış vərəqləri də cırdı, qara sapla onlardan qalın dəftər tikdi... İndi hər il həmin müəllimin qəbrinin üstünə qoymaq üçün kəndə gül göndərir...

"Heç kəs bilmədi ki, bütün bunlar mənə nəyin bahasına başa gəldi..." - deyə ürəyindən keçirdi. - Heç kəs... Bəlkə Alfred bilirdi. Ancaq o da bütün bunları ifadə etmək üçün səfeh bir söz tapmışdı: gizli kin-küdurət...

Bu barədə kiminləsə danışmaq, onu kiməsə başa salmağa çalışmaq da mənasızdır. Hər axşam yanımda uzanan o gözəl çöhrəli qadın isə heç vaxt başa düşməzdi..."

Bir anlığa keçmişdən ayrılmağa tərəddüd etdi. Ən yaxşısı - Tomas dayının yerinə olmaq, dünyanın üzünə çəkilmiş pərdənin o tərəfindən litanay oxuyan xora həmişə eyni, yeganə cavabı vermək idi....

Yox, təzədən həmin uşaq olmaq çətin idi. İndiki zəmanədə hansı oğlan uşağı qara corab geyinər?! Burda orta yolu seçmək lazım idi - yəni solğun bənizli, şişkin sifətli kişi kimi qalmaq. Axı həmişə orta yolu seçmişdi...

Oğlana tərəf getdi. Onun kölgəsini üzərində hiss edən uşaq başını qaldırdı, qorxa - qorxa tanımadığı kişiyə baxdı.

- Adın nədir? -Hemke soruşdu.
Oğlan tez ayağa durdu, yanaqları allandı:

- Virtsoq.
- Hərf-hərf de ... - Hemke qeyd dəftərçəsini çıxardı və uşaq adını hərfləməyə başladı:
- V...i....r....t....s....o....q
- Haralısan?

- Vollershaymlı.
"Allaha şükür ki, mən olduğum kənddən deyil"- Hemke ürəyindən keçirdi. "Soyadı da bizlərdən deyil... qohumlarımın uşağı deyil..."
- Bəs şəhərdə kimin yanında qalacaqsan?
- Xalamgildə.

- Çox gözəl.... İmtahanı da yaxşı verərsən... Yəqin qiymətlərin də yaxşıdır, müəllimlərdən müsbət xasiyyətnamən də var... Düz deyirəm?
- Elədir, mənim qiymətlərim həmişə yaxşı olub!
- Qorxma, - dedi Hemke, - hər şey yaxşı olacaq, sən...

Kəkələdi...Yəqin ki, Alfred bunu hisslərə qapılmaq, gizli kin-küdurət adlandırardı. Sonra yavaşdan dilləndi:
- Buz kimi daşın üstündə oturma, soyuqlayarsan...

Qəflətən geri dönüb dalandarın oturduğu otaqdan keçərək məktəbə girdi.

Uli ilə, Ulinin anası ilə rastlaşmaq istəmirdi. Dəhlizdəki pəncərənin pərdəsi arxasında dayanaraq bir daha bayırda gözləyən uşaqlara, onların validyenlərinə tamaşa etdi və hər il olduğu kimi yenə də kədərləndi, ona elə gəldi ki, bu on yaşlı uşaqların sifətində sıxıntılı bir gələcəyin izi var.

Uşaqlar məktəbin qapısı ağzında tövlədən azad olmuş qoyun sürüsü kimi basabas salmışdılar. Onlardan ikisi, ya üçü orta səviyyəli olacaq, qalanları isə özlərini pis cəhətdən göstərəcək. "Alfredin həyasızlığı mənə də keçib", - deyə ürəyindən keçirdi və kömək diləyən baxışlarla Virtsoqu axtardı. O yenə öz yerində oturmuşdu və xəyala dalmışdı.

"O vaxt özümü yaman soyuğa vermişdim..." - Hemke ürəyindən keçirdi.

- "Bu uşaq imtahan verəcək... Əgər mən... əgər mən...Əgər mən neyləsəm?!"
Yox, əziz Alfred, gizli kin - küdurət, emosiya indi mən keçirdiyim hissləri ifadə edə bilməz!

Müəllimlər otağına keçib onu gözləyən həmkarlarını salamladı, onun paltosunu tutan dalandara dedi:

- Uşaqları buraxın gəlsin.

Həmkarlarının üz-gözündən oxudu ki, özünü qəribə aparıb. "Yəqin küçədə yarım saatdan çox dayanıb balaca Virtsoqa baxmışam," - deyə deyə ürəyindən keçirdi, qorxa - qorxa saata baxdı: doqquza dörd dəqiqə işləyirdi....

- Cənablar, - deyə ucadan dilləndi, - nəzərə alın ki, bu günki imtahan bəzilərinin on beş il sonra verəcəkləri doktorluq imtahanlardan daha vacib, daha önəmlidir...

Həmkarları onun çox danışacağını gözləyirdilər. Tanıyanlar onun addımbaşı dediyi həmin sözü gözləyirdilər:" Ədalət" Ancaq o özgə heç nə demədi, yalnız həmkarlarının birindən pıçıltı ilə soruşdu:

- İnşanın mövzusu nədir?
- "Şahidi olduğun ən qəribə hadisə"

Sonra Hemke müəllimlər otağında tək qaldı. Sən demə, mətbəxdəki taxtın iki ildən sonra ona balaca olduğundan qorxması əbəs imiş, çünki imtahan verə bilmədi, halbuki inşanın mövzusu "Şahidi olduğun ən qəribə hadisə" idi.

Onları məktəbin qapısından içəri buraxdıqarı ana qədər özünə inanırdı, ancaq məktəbə girən kimi həmin inam əriyib yoxa çıxdı.

İnşanı yazmağa başlayanda, nə qədər çalışsa da, onu Tomas dayı ilə bağlaya bilmədi. Tomas birdən-birə ona yaman doğma oldu. Elə doğma ki, onun haqqında inşa yaza bilmədi. Əvvəlcə başlığı yazdı: "Şahidi olduğun ən qəribə hadisə".

Onun altında isə "kaş bu dünyada ədalət olaydı" yazmaq istədi. Ədalət sözünü də səhv yazdı... Deyəsən, sonu qisasla bitən "ədavət" sözü ilə qarışıq saldı....

Onun "ədalət" ilə "ədavət"in ayrı - ayrı şeylər olmasını başa düşməsi üçün on ildən çox vaxt lazım oldu...

Bu on ilin ən dəhşətlisi imtahandan kəsiləndən sonrakı il oldu. Zahirən daha gözəl görünən bir həyata qədəm basanda gördü ki, burada da adamlar o biriləri kimi amansızdırlar,heç nə bilmirlər, heç nədən xəbərləri yoxdur.

Ataları ilə bircə telefon danışığından sonra bütün ağrı - acılarını, dərd - qəmlərini unudurdular. Anaların təbəssümü və bir də bazar günü ibadətdən sonra bir - birinin əlini sıxması... Ardınca da tələsik deyilən sözlər:

Bu da dünyanın ədaləti... Ancaq o Tomas dayının istədiyini istəyirdi,ancaq tapmırdı ki tapmırdı... Bu arzusu ona ləqəb də qazandırmışdı: "Ədalətli Daniel". Qapı açılanda diksindi. Dalandar Ulinin anasını içəri ötürdü.

- Mariya?! Bu nə demekdir? Niyə...
- Daniel, mən...

Qadının sözünü kəsdi:
- Vaxtım yoxdur! Bircə saniyə də...yoxdur...

Və tələsik otaqdan çıxdı, ikinci mərtəbəyə qalxdı. Aşağıda gözləyən anaların səs-küyü güclə eşidilirdi. Həyətə açılan pəncərənin qabağına gəldi, damağına bir siqaret qoydu, ancaq yandırmağı unutdu.

"Bütün çətinliklərə sinə gərmək, nə istədiyimi aydınlaşdırmaq üçün mənə otuz il lazım olub.

Ədaləti sonu qisas olan ədavətdən ayırmışam. İndi işləyib çörək pulumu qazanıram, hamıya sərt üzümü göstərirəm və çoxlarına elə gəlir ki, məqsədimə çatmışam. Ancaq mən məqsədimə çatmamışam. Hələ indi başlayıram. Daha bu sərt üzüm mənə lazım deyil, köhnəlmiş papaq kimi çıxarıb atacam. İndi başqa bir üzüm olacaq ....

Bəlkə də öz üzüm olacaq...."

Ancaq Virtsoqu bu çətin illərdən azad edəcək. Heç bir uşağı özünün keçdiyi uşaqlıq illərini keçirməyə qoymayacaq! Bircə uşağı da.... Ən azı da bu gün rast gəldiyi, ona çox oxşayan uşağı....

"Azərbaycan" jurnalı

Günün bütün mövzuları

XS
SM
MD
LG