Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:08

Henrix Böll "Çörəyin dadı" (HEKAYƏ)


Zirzəmidən gələn kəsif, turşumuş qoxu üzünə vurdu. Yavaş-yavaş sürüşkən pilləkənlərlə düşdü, alaqaranlıq bir yerə çıxaraq dəvdənə - dəvdənə irəlilədi.

Hardansa damırdı: ya evin damı zədələnmişdi, ya da su borusu partlamışdı.

Toz-torpağa, zir - zibilə qarışan su pilləkənlərı akvarium şüşəsi kimi sürüşkən eləmişdi.

Yoluna davam etdi. Qapılardan birindən işıq gəlirdi, alaqaranlıq dəhlizin sağ tərəfindəsə bir lövhə asılmışdı: "Rentgen otağı. İçəri girmək olmaz".

İşığa tərəf getdi. Sarımtıl, öləzimiş bir işıq idi və şöləsinin titrəyişindən bilinirdi ki, şam işığıdır.

Gedə - gedə qaranlıq otaqlara baxdı: hamısında üst - üstə yığılmış stol-stullar, yumşaq divanlar, bir - birinə sıxılmış dolablar...

İşıq gələn otağın qapısı tamam açıq idi.

Böyük altar şamının yanında mavi mantolu bir rahibə dayanmışdı və pardaxlı qabda salat qarışdırırdı.

Qabdakı göyərti yarpaqları ağ rəngə boyanmışdı və o gördü ki, yerə düzülmüş qablardakı şorba asta-asta çalxalanır.

Rahibənin iri, qırmızıya çalan əlləri altında qabın divarları boyu fırlanan yarpaqlar aşaraq yerə düşür, rahibəsə onları sakitcə götürüb təzədən qaba qoyurdu. Şamdanın yanında iri bir tənəkə qazan vardı və ondan güclə sezilən şorba, isti su, soğan, ədviyyat qoxusu gəlirdi.

Ucadan dilləndi:

- Axşamınız xeyir!

Rahibə geri döndü, enli, qırmızıya çalan yanaqlarına qorxu çökdü, astadan dedi:

- İlahi!! Nə istəyirsiniz?

Uşaq əllərinə oxşayan zərif əllərinə xırdaca-xırdaca göyərti yarpaqları yapışmışdı və onlardan sıyıq sous süzülürdü.

- İlahi!!- qiz təzədən dilləndi. - Məni lap qorxutdunuz. Nəsə istəyirsiniz?

- Acmışam! - yavaşdan dedi.

Daha rahibəni görmürdü: baxışları sağa - qapısı açıq qalmış, daha doğrusu, sınmış dolaba sancılmışdı. Sınmış qapının yarısı çərçivədən asılı qalmış, üstü pardaxlı taxta qırıqları döşəməyə səpələnmişdi. Dolabda çörək vardı! Çoxlu çörək...

Üst-üstə qalanmışdı, qırçın-qırçın düzülmüşdü çörəklər... O dəqiqə ağzı sulandı, udqundu və ürəyindən keçirdi: "Çörək yeyəcəm! Hər halda, çörək olacaq!" Rahibəyə baxdı. Qızın baxışlarından məsumluq, ürkəklik yağırdı.

- Acsınız? - qız dilləndi. - Acıbsınız? - O, sualedici nəzərlərlə salat qabına, şorba qazanına və çörəklərə baxdı.

- Çörək! - O güclə dilləndi. - Xahiş edirəm, çörək....

Qız rəfə yaxınlaşıb bir çörək götürdü, onu stolun üstünə qoydu, çəkməcədə bıçaq axtarmağa başladı.

- Sağ olun! - dedi yavaşdan. - Bıçaq lazım deyil... Çörəyi əllə də kəsmək olur...

Rahibə salatı və şorba qazanını götürüb çıxdı...

Tələsik çörəyi parçaladı. Çənəsi əsirdi... Hiss etdi ki, ağzının, almacıq sümüklərinin bütün əzələləri titrəyir... Sonra dişləri çörəyin parçalanmış hissəsindəki yumşaq yerə sancıldı...Yeməyə başladı. Yedi...Yedi...

Çörək köhnə idi, bir həftədən qalmış olardı. Qurumuşdu, üstündə də hansı fabrikinsə qırmızımtıl rəngə çalan yarlığı vardı.

Dişlərilə çörəkdə "lağım atmağa" başladı, quruyub qaxaca dönmüş yerlərini ovcuna yığdı, bir parça da qopardı, sağ əli ilə həmin parçanı yeyə-yeyə qaxaca dönmüş yerlərini sol ovcunda sıxdı...

Elə hey yeyir, yeyirdi... Sonra ordakı qutuların birinin kənarında oturdu... yedi... Hər dəfə təzə bir parça qoparanda, kəsilmiş yerin yumşaq tərəfindən dişləyirdi, çörəyin bütün dadını ağzında hiss eləyirdi...

Hər dəfə dişlədikcə də bu quru çörək onun ağzını sanki nəvazişlə oxşayırdı....

"Azərbaycan" jurnalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG