Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

«Hər azərbaycanlıdan Leş Əlidə bir çimdik var»


«İşdən sonra» proqramının qonağı Yeni Ədəbiyyat seriyasından «Cənnətdə terror aksiyası» adlı kitabı çıxmış, «Göləqarğısancan» romanının müəllifi Aqşin Yeniseydir.

Xədicə İsmayılova:

Biz «Göləqarğısancan» romanı barədə danışacağıq. Romandan ilk təəssüratım budur ki, müəllif çox səxavətlə çox maraqlı süjetləri bürmələyib romanın künc bucağına atıb. Bu təəssüratla razısınız?

Aqşin Yenisey:


Maraqlı təəssüratdır. İlk dəfə yazdığım roman haqqında belə bir şey eşidirəm. Əslində mən orada belə deyək bugünkü nəsrin texnikasından kifayət qədər yararlanmağa cəhd göstərmişəm. Orada intertekstual mətn anlayışından tutmuş, postmodern üsluba xas olan digər şərtləri ödəyən mətn yaratmağa cəhd göstərmişəm. Bununla yanaşı, çalışmışam, mənim romanım sadəcə quru texnikadan ibarət olmasın. Orada yazmaq istədiyim çox daha vacib məsələlər var. Onları daha çox qabartmağa çalışmışam. O məsələlərdən birincisi budur ki, mən gizli Azərbaycanı yazmışam. Azərbaycanda gizlənmiş Azərbaycanı. O Azərbaycanı ki, onu hər adam müşahidə edə bilmir. Hər gün onun yanından lal – dinməz keçir. Yazmaq istədiyim bir məsələ bu olub.

Xədicə İsmayılova:


Həqiqətən də. Amma bəlkə də bir az abartmısınız. Bu da mənim təəssüratımdır. Amma ola bilsin ki, tale məni bir qədər qoruyub və mən bu qədərini görməmişəm həyatın. Başqa bir maraqlı cəhəti də var romanın. Biz xəbərlər proqramlarına baxanda sosial məzmunlu xəbərlər görürük, kriminal xəbərlər görürük, bəzən, amma daha az, siyasi xəbərlər görürük. Amma bunları bir ümumi bir prosesin üzvi hissələri kimi deyil, əlahiddə göstərirlər bizə. Siz isə məişət məsələlərini ümumi bir siyasi prosesin tərkibi kimi verməyə nail olmusuz. Belə bir məqsəd əvvəldən var idi yoxsa siz təsvir edərkən belə yarandı?

Aqşin Yenisey:

Bu, mənim tərəfimdən müəllif olaraq düşünülmüş bir şeydir. Mən Azərbaycanda hadisələrin üzvi bağlılığını yaratmağa cəhd etmişəm. Tutaq ki, əsərimin ideyası ondan ibarətdir ki, Azərbaycan insanı məişət burulğanı içində məhv olur. Bu burulğandan heç vaxt çıxa bilmir.
Yaşının müəyyən dövrlərində cəhdlər göstərir, amma gec-tez bu burulğanın içində məhv olur.
O romanda əsərin əvvəlindəki bütün o eybəcərliklərin, bütün o gizlinlərin hamısını romanın sonunda atalar ölürlər, ölməmişdən qabaq övladlarına vəsiyyət edirlər.

Aqşin Yenisey
Bu məişət burulğanı bir növ bütün hadisələri bir – birinə qarışdıran, bir – biri ilə bir növ vəhdətə salan bir burulğandır. Bizim qlobal siyasətə, ölkəmizin dünyada yeritdiyi qlobal siyasətə də nəzər salsaq görəcəyik ki, sanki qlobal məsələlərdə də bizim məişətimiz çox qabarıq görünür. Biz o proseslərdə də Azərbaycan məişətində böyümüş adam kimi özümüzü aparırıq. Mənim şəxsi müşahidələrimdir. Ola bilsin ki, adamlar bununla razılaşmaya bilərlər və kifayət qədər faktlar göstərərlər ki, siz düz düşünmürsünüz. Siz deyən hadisələr ki, bu qədər xəbərləri, bu qədər informasiyanı süjetin içində əridib, həm də yox etməyərək əridib, birləşdirməmin səbəbi odur ki bu qədər məsələləri Azərbaycanda bir – birinə bağlayan bir din var, bir tabu var. Bu bizim məişətimizdir. Mən siz deyən məsələni daha intellektual şəkildə yox, istəmişəm ki, olduğu kimi, məişət səviyyəsində yaza bilim.

Xədicə İsmayılova:
Azərbaycanda şəhər uşağının, kənd uşağının, əyalət qadının, şəhər qadınının, kənd müəllimi və şəhər müəlliminin və s. yaşadığı fərqli həyatlar var. Onlar heç vaxt bir birilə toqquşmayan, üst-üstə düşməyən bir həyat yaşayırlar. Amma siz əsərin qəhrəmanı Leş Əlinin vasitəsilə onların hamısını göstərirsiniz. O həm həyatın dibindədir həm də ölkənin ən böyük biznes mərkəzinin içinə düşür. Ucqar kənddən başlamış, Dağlı məhləsindən, Yasamaldan keçən tamamilə başqa bir məkanda bitən tarixçə var. Bütün bu hadisələrin içindən necə keçirmisiniz qəhrəmanı? Bu çətin deyilmi?

Aqşin Yenisey:

Çətin olmağına çətindir, amma bu bizim yazı mədəniyyətimizin, yazı qabiliyyətimizin bizə verdiyi üstünlük deyim, bacarıq deyim, bunların sayəsində olur. Mən Leş Əlini obraz kimi təsvir edəndə, onu canlandıranda, mən hər bir azərbaycanlıdan Leş Əlidə bir çimdik də olsa, göstərmişəm. Kənd uşaqlarının məişəti başqadır, şəhər uşaqlarının məişəti başqadır. Amma hamımızı birləşdirən bir Leş Əliyə məxsus bir xüsusiyyət var. Bu bizim şəhərdə və ya kənddə doğulmağımızdan asılı deyil. Mən romanda bu cəhəti göstərməyə çalışmışam, indi bilmirəm nə qədər inandırıcıdır ki, hətta şəhərdə, ən kübar ailədə doğulub böyüyən uşaq, ən yüksək ödənişli təhsil almış, Avropa standartlarına cavab verən adamımızın özündə belə o Leş Əliyə aid nəsə var. Mən təsadüfi deyil ki, orada Leş Əlini siyasətçi edə bilməmişəm və edə də bilməzdim. Çünki sovet təhsil sistemi mənim Leş Əli obrazıma zorla hərfləri və bir – iki rəqəmi öyrədib. Amma mən fikirləşdim, necə edim ki, onu Azərbaycan siyasətinin içinə pərçim edim. Siyasətdəki Leş Əliliyi açıb göstərim. Mən onu Sosial Demokrat Partiyasında sadəcə gözətçi etdim. Və partiyada baş verən hadisələr onun gözünün qabağında baş verdi. Başladım onu yazmağa ki, Leş Əli sosial demokrat partiyasında bu hadisəni gördü, o hadisəni gördü, orada hətta bir qız da sevdi. Qızla da müxtəlif hadisələr baş verir. Və yaxud, mənə lazım olub ki kənddən bir qoca, övladları çörək qazanmaq üçün, pul qazanmaq üçün Rusiyaya getmiş, kimsəsiz qalmış bir ananı təsvir edim. Leş Əlinin başına müxtəlif oyunlar gətirdim, şəhərdən qaçırtdım gətirdim həmin qadının yanına. Mənə lazım idi, o arvadın obrazını təsvir edim ki, qəhrəman anadır, bu ölkə üçün bir sürü uşaq doğub, amma uşaqlar hamısı çörək dalınca dağılışıblar, Rusiyaya gediblər, pərən – pərən düşüblər. Arvad bir dənə inəyin, həyətdəki beş – altı dənə xoruz, toyuğun, bir də göydəki Allahın ümidinə qalıb.

Xədicə İsmayılova:

Azərbaycanlının xarakterini açmaq istəmisiniz. Amma bir məsələ də var ki, romanı oxuyarkən Azərbaycanlının o qədər də cəlbedici obrazı yaranmır. Mən açığı bu Leş Əlini sevmədim.

Aqşin Yenisey:

Əslində mən o Leş Əlini sevilməməkçün yaratmışam. Yəni Leş Əlini o başına gələn əhvalatlarla birlikdə elə yazmağa cəhd göstərmişəm ki, pis nümunə olsun. Oxucu nəticə çıxarsın ki, özündəki o Leş Əlini tərkibindən, özündən kənara çıxarıb atsın ki, bu, nə gündə imiş? Ona görə mən o Leş Əlini sevməkçün yazmamışam. Baxmayaraq ki, onu mən sevilməmək üçün yazmışam, amma o Leş Əli mənim özümdən məşhurdur. Hara gedirəmsə, o Leş Əlinin söhbətini edirlər. Amma dünya ədəbiyyatında və ya kino sənətində də elə qəhrəmanlar olur ki onlar mənfi obraz kimi insanların yaddaşında yaxşı qalır. Məsələn, Azərbaycan kinosunda Qəmlo obrazı var. Mərddir amma mənfi obrazdır. Azərbaycan kinosunda Qəmlo qədər yadda qalan obraz çətin tapıla.

Xədicə İsmayılova:

Amma bu Leş Əli həm zoofildir, həm adam zorlayır, həm inçestdə günahlandırırsınız onu, həm xəyanətdə, oğurluqda, başqalarını aldadıb pul almaqda, reketlikdə günahlandırırsınız. Bir sözlə, onu hər şeydə günahlandırırsınız. Bu Azərbaycanın ümumi, birləşmiş, tam obrazı niyə Leş Əliyə bənzədi ki, onun heç yaxşı cəhəti yoxdur.

Aqşin Yenisey:

Mən yenə fikirləşirəm ki, növbəti roman ideyası var beynimdə. Orada bu ağ Leş Əlini yazmağa cəhd edəcəyəm. Onun adı yəqin Leş Əli olmayacaq. Leş olmayan Əli olacaq. Siz sadaladığınız qüsurlar ki var, o bu və ya digər şəkildə bütün Azərbaycan kişilərində var. İndi birində az, digərində çox. Bugünkü cəmiyyətimizdə əksər kişilərdə o xüsusiyyətlər var. Məsələn, kənd uşaqlarının doğurdan da ilk eşq, məhəbbət macəraları insanlardan əvvəl heyvanlardan başlayır. Söhbət intim macəralardan getmir. Kənd uşaqlarının çox sevdiyi bir atı olur, inəyi olur, eşşəyi olur ki, onu atasından, anasından çox istəyir. Söhbət özü də kişilərdən gedir. Onların ilkin sevgiləri heyvanlarla bağlı olur nəinki insanlarla. Ona görə burada təkcə bir mənfi cəhəti götürməyək. düzdür, mən orada bir – iki yerdə zoofilliyindən də bəhs etmişəm. Orada kənd uşaqlarının mənzərələri var. Bu əksəriyyətimizə xas olan xüsusiyyətdir.

Aqşin Yeniseyin romanının qəhrəmanı niyə məhz Sosial Demokrat Partiyasında çalışır?

Müəllif əsərini niyə Milli Kitab mükafatına layiq görmür?

İşdən sonranı bütünlüklə dinləsəniz, biləcəksiniz...
XS
SM
MD
LG