Keçid linkləri

Təcili xəbərlər

Oxuyan çoxdur, yoxsa yazan?


Bəzən kiçik detal ciddi sosioloci araşdırmalara təkan verir. Belə araşdırma isə cəmiyyətin inikasını, «sosial güzgü»də əksini təsəvvür etməyə kömək edir. Məsələn, cəmiyyətin mütaliə qabiliyyəti nəyi müəyyən edir? Mütaliə etmək nə üçün lazımdır? Ölkədə nə qədər mütaliə edən var? Bütün bu suallar zahirən sadə görünsələr də cəmiyyətlə bağlı bir çox məsələlərdə böyük əhəmiyyətə malikdir.

MİLLİ KİTAB MÜSAQİBƏSİ NƏ GÖSTƏRDİ?


Bir müddətdir ki, ölkədə maraqlı bir tədbir – milli kitab müsaqibəsi davam edir. Artıq iki tur başa çatıb və bu turların nəticəsinə görə məyyən fikir söyləmək mümkündür. Müsaqibədə 265 yazıçı iştirak edirdi. Bu rəqəmin özü kifayət qədər ciddi düşünməyə təhrik edir. Çox böyük rəqəm olmasa da, hər halda o, ədəbiyyata marağın öldüyünü iddia edənləri aşkar şəkildə təkzib edir. Amma məsələ bunda deyil. Problem ondadır ki, hətta müsabiqədə uğurla iştirak edən yazıçıların əsərləri belə 100 nüsxə tirajla belə satılmır. Bu isə o deməkdir ki, ölkədə yazanların sayı oxuyanların sayından qat - qat çoxdur. Elə əvvəllər də deyirdilər ki, azərbaycanlılar şair xalqdır. İndi bu nəticə özünü rəqəmlərdə ifadə edib. Elə eyni sözləri Yazıçılar Birliyinin üzvlərinin sayı əsasında da demək mümkündür. Yazıçılar Birliyinin mindən çox üzvü var. Amma ən maraqlı müəllifin belə əsərləri vur-tut 300-500 tirajla çap olunur, bundan isə 50-100 nüsxə zorla satılır. Reallıq budur. Özü də bu, qeyri- adi dərəcədə yeni bir xəbər deyil. Hələ sovetlər vaxtında azərbaycanlılar mütaliəsi ilə fərqlənən xalqlar sırasında deyildi.
İndi isə bu, daha qabarıq olub. Əvvəla, insanlar mütaliə etmək üçün stimul duymurlar.
İnsanların məşğulluğu inetellektual tutumlu deyil. İqtisadiyyatın çox primitiv sahələri inkişaf edib. Həyatın özü də mütaliəni stimullaşdırmır.
Bura əlifbanın dəyişməsini, yazıçı sferasında nəsillərin biri- birini əvəz etməsini də səbəb kimi əlavə etmək olar.

BƏS MAARİFÇİLƏR NƏ ETSİNLƏR?


Ədəbiyyatın bir dalğası öz işini gördü. İstiqlal məfkurəsini əksər insanlar qəbul etdilər və ölkə müstəqil oldu. Amma demokratiya ilə bağlı çox böyük problemlər yaşanır. Bu problemlər maarifçi nəşrlərdə öz əksini tapmalıdır.
Bu, artıq yeni mərhələdir. Amma təkcə maarifçilərin, yazanların olması kifayət deyil, oxuyanlar da lazımdır. Elə ən çox ehtiyac duyulan amil də budur – oxuyanların, dinləyənlərin sayı xeyli azalıb. Təsadüfi deyil ki, indi maarifçiliklə məşğul olan nəşrlər böyük böhranlar yaşayır. Amma ölkəyə maarifçilik çox lazımdır. Elə hadisələr baş verir ki, 19-20 əsrlərin satirikləri onları məmnuniyyətlə qələmə alardılar. İndi isə bu məsələlər ictmai diqqətdən yan keçir, cəmiyyətin bəzi hallarda heç onlardan xəbəri olmur.
Beləcə, hər şey şou-biznesin gurultulu sədaları altında eşidilməz olur.
Amma eşitməli, oxumalı çox problem var. Ən azı özümüzü görmək, özümüz haqqında başqalarından eşitmək çox vacibdir.

Ən son yazılan

XS
SM
MD
LG