Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:44
Məhkəmə sisteminin fəaliyyəti ilə bağlı ədliyyə naziri Fikrət Məmmədov AzərTAc-ın müxbirinə müsahibə verib. Müsahibədən bəzi məqamları diqqətinizə çatdırırıq:

-Bu ərəfədə bəzi hakimlərin insanlar barədə həbs qətimkan tədbirinin seçilməsində pozuntulara yol verdiklərinə görə ciddi intizam məsuliyyətinə cəlb edilməsinin şahidi olduq.

-Elədir. Qeyd olunduğu kimi, ölkəmiz müstəqillik əldə etdikdən sonra aparılan məhkəmə islahatlarının mahiyyətində insan haqlarının etibarlı təminatı dayanmışdır. Bu mənada Azərbaycan keçmiş sovetlər birliyində həbs qətimkan tədbirinin seçilməsi səlahiyyəti məhkəmələrə verilmiş ilk dövlətlərdən olmuşdur.
Həbs qətimkan tədbirinin seçilməsi və müddətinin uzadılması vəziyyəti ilə bağlı məsələ Ali Məhkəmənin Plenumunda müzakirə edilərkən bu sahədə qanun pozuntularına yol verilməsi aşkar edilmişdir.
Məhkəmə-Hüquq Şurası tərəfindən başlanılmış intizam icraatları üzrə müəyyən edilmişdir ki, bəzi hakimlər bu sahədə səmərəli məhkəmə nəzarəti həyata keçirməmiş, qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin qanunvericiliyin tələbləri nəzərə alınmadan əsassız seçilməsi, bu işə formal münasibət bəslənilməsi hallarına yol vermişlər. Bəzi hakimlər isə insan haqları ilə bağlı olan bu mühüm məsələyə xüsusi həssaslıqla yanaşmaq əvəzinə, əksinə bu sahədə qanunun elementar tələblərini də pozmuşlar.
Əlbəttə, bu hallara göz yumula bilməz. Belə pozuntulara yol vermiş 3 hakimin səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurası tərəfindən vaxtından əvvəl xitam verilməsi, 2 hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Prezidentinə təkliflərin verilməsi qərara alınmış, 9 hakim barədə digər intizam tənbehi tədbirləri görülmüşdür.
Lakin elə təsəvvür yaranmasın ki, Şurada yalnız hakimlərin yol verdikləri pozuntulara qiymət verilir. Ötən dövr ərzində məhkəmə sistemində səmərəli fəaliyyətinə görə Şuranın təqdimatları əsasında 21 nəfər dövlət təltiflərinə layiq bilinmiş, 20 hakim isə səmərəli fəaliyyətinə görə Şura tərəfindən mükafatlandırılmışdır.

-Hakimlərin obyektiv və qərəzsiz olmasının, işlərə daha keyfiyyətlə baxılmasının, habelə müstəqilliyinin təmin edilməsində ən mühüm amillərdən biri də onların seçilməsi prosedurudur.

-Bu seçim proseduru çoxsaylı imtahan və müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarətdir.
Yeni qaydalara əsasən hakimliyə namizədlərin seçimində şəffaflığın və obyektivliyin təmin olunması məqsədi ilə test üsulu ilə və yazılı imtahanlar bütün namizədlər üçün vahid zalda təşkil edilir. İmtahan prosesinin bütün mərhələləri namizədlərin qarşısında, onların iştirakı ilə keçirilir. Eyni zamanda, qaydalara əsasən, beynəlxalq təcrübədə olduğu kimi, namizədlərin bilik səviyyəsi ilə yanaşı, onların öz fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün müəyyən olunması məqsədi ilə şifahi imtahanlar keçirilir.
Hakimlərin seçilməsi proseslərinin hər bir mərhələsində – istər test üsulu ilə və yazılı, istərsə də şifahi imtahanlarda iştirak etmiş 10-larla yerli və beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri bu seçimin Avropa Şurasının üzv dövlətləri arasında ən mütərəqqi qaydalara uyğun olması, onun şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər vermiş, bizim üçün ən əsası isə bu prosesin ədalətliliyinə cəmiyyətdə inam formalaşmışdır.
İlk dəfə olaraq çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanmış şəxslər uzunmuddətli tədris kurslarına cəlb edilirlər. Müasir tədris üsullarından istifadə edilməklə keçirilən həmin kurslar zamanı namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilir, insan haqları, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası, hakimin davranışı, məhkəmədə işin səmərəli təşkili və digər məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə geniş tədris olunur, namizədlər məhkəmələrdə staj keçirlər.

-Fikrət müəllim, bəzi hallarda Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı çıxarılan qərarlar hakimlərimizin İnsan hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsi presedentləri haqqında biliklərinin lazımi səviyyədə olmaması ilə əlaqələndirilir.

-Doğrudur. Məsələn, ötən il Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı 7 qərar çıxarılıb. Əlbəttə, hər birimiz istərdik ki, belə qərarların sayı az olsun və insanların hüquqları bilavasitə yerli məhkəmələr tərəfindən təmin edilsin.
Avropa Məhkəməsinin yurisdiksiyası Azərbaycana 2002-ci ilin aprel ayından şamil olunur. Bununla əlaqədar məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə müstəsna əhəmiyyət verilir. Bu məqsədlə tanınmış mütəxəssislərin iştirakı ilə silsilə təlimlər təşkil olunur, məhkəmənin Azərbaycanla bağlı qəbul etdiyi qərarlar və digər qərarlar hakimlər arasında geniş yayılır.
Həmçinin bu məsələ Ali Məhkəmənin Plenumunda müzakirə edilərək bütün məhkəmələrin diqqəti Avropa Məhkəməsinin presedent hüququnun tətbiqinə cəlb edilmiş və müvafiq tövsiyələr verilmişdir.
Məhkəmə-Hüquq Şurası tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin iştirakı ilə konfrans və tədris tədbirləri, konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə, regionlarda geniş seminarlar, hakimlər və hakimliyə namizədlər üçün Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimlər keçirilir.
Avropa Məhkəməsinin hakimləri ilə bilavasitə görüşlərin səmərəsi nəzərə alınaraq dəvətimizə əsasən məhkəmənin 5 hakimi, o cümlədən məhkəmənin sədri Jan-Pol Kosta hakimlərimiz qarşısında mühazirələrlə çıxışlar etmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.
Bütün bunlar Avropa Konvensiyasının və Avropa Məhkəməsi presedentlərinin hakimlər tərəfindən daha geniş tətbiq olunmasına şərait yaratmışdır.
Lakin təəssüf ki, bəzi hallarda Avropa Məhkəməsinin ölkəyə qarşı qərarları yanlış olaraq məhkəmə-hüquq sisteminə qiymət vermək üçün istifadə edilir. Hesab edirəm ki, Avropa Məhkəməsinin qərarları, ilk növbədə hüquq sistemimizin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi istifadə olunmalıdır. Elə Avropa Məhkəməsinin presedent hüququ da məhz buna xidmət edir.
Onu da qeyd edim ki, 2009-cu ildə Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən 7 qərar çıxarılmışdırsa, əhalisinin sayı ölkəmizə nisbətən daha az olan Bolqarıstana qarşı 63, Moldovaya qarşı 30, Slovakiyaya qarşı isə 39 qərar çıxarılıb.
Əhalisinin sayı Azərbaycanla təxminin eyni olan Avstriyaya, habelə qonşu Gürcüstana qarşı çıxarılan qərarların sayı isə ölkəmizə nisbətdə təxminən 2 dəfə çoxdur. Ümumiyyətlə, Avropada hər 10 min nəfərə düşən belə qərarların orta göstəricisi də Azərbaycanla müqayisədə az qala iki dəfə artıqdır. Amma bu heç də arxayınlıq yaratmamalı, Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi daha əzmlə davam etdirilməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG