Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:24

«İran hərbi diktatura yoluyla gedir»


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İranın nüvə proqramı ilə bağlı yaranmış vəziyyətdən çıxış yolu tapmaq məqsədi ilə İranda bir günlük səfərdədir.

ANKARA İRANAFOBİYAYA QARŞIDIR

O, iranlı həmkarı Məniçöhr Möttaki ilə görüşündən sonra deyib ki, Ankara regionda İranafobiya yaranmasına qarşıdır və böhrana səbəb olan hər hansı mübahisələrin diplomatik yolla davam etdirilməsinə tərəfdardır.

Möttaki isə deyib ki, İran nüvə proqramını öz axarı ilə davam etdirir. Ancaq yeni təklifləri dinləməyə də hazırdır. O deyib ki, Türkiyə vasitəçi yox, regionda sülhün və sabitliyin bərpa olunması üçün aparılan daimi məsləhətləşmələrin vacib tərəfidir. Möttaki deyib ki, belə məsləhətləşmələr Yaponiya və Braziliya ilə də aparılıb.

Əhməd Davudoğlunun prezident Əhmədinejat və İranın nüvə danışıqları üzrə nümayəndəsi Səid Cəlili ilə görüşəcəyi gözlənilir. Türkiyə NATO-nun üzvü olmaqla yanaşı İranla da yaxşı münasibətlər saxlayır. Ankara İranın uran ehtiyatlarının xarici ölkələrdə zənginləşdirilməsi mübadiləsinin Türkiyə ərazisində həyata keçirilməsini təklif edib.

«İRAN HƏRBİ DİKTATURA YOLUNDADIR»

İranın ötən həftə istehsal etdiyi uranın 20 faizə qədərinin zənginləşdirilməsinə başladığını elan etməsindən sonra gərginlik artıb. Əhməd Davudoğlunun səfəri ABŞ-ın dövlət katibi Hillari Klintonun İrana qarşı yeni sanksiyalarla dəstək qazanmaq üçün körfəz ölkələrinə səfər etdiyi vaxta təsadüf edir.

Qətərdə tələbələr qarşısında çıxış edərkən Klinton İranın hərbi diktaturaya doğru irəlilədiyini bildirib. Region ölkələrinin İranın nüvə proqramından ehtiyatlanması üçün kifayət qədər əsas olduğunu bildirib.

«Biz görürük ki, İranda hökumətin, ali dini liderin, parlamentin rolu azalır. İran hərbi diktatura yoluyla gedir».

İRAN DA ABŞ-ı EYNİ İTTİHAMLA SUÇLAYIR
Məniçöhr Möttaki


Möttaki Klintonun bu bəyanatına cavabında bu gün bildirib ki, ABŞ-ın İraqda, Əfqanıstanda və Livandakı siyasəti, günahsız adamların qətlə yetirilməsi hərbi diktaturanın əsas göstəricisidir.

Fevralın 15-ə Klinton Səudiyyə Ərəbistanını kralıyla görüşüb. Deyib ki, Tehran beynəlxalq ictimaiyyət üçün İrana qarşı sərt tədbirlər görməkdən başqa yol qoymayıb. O, şahzadə və xarici işlər naziri Saud əl-Feysəllə görüşündə deyib ki, İranı nüvə proqramından irəli gələn təhlükələr tədricən yox, dərhal həllini tapmalıdır. Bəzi ekspertlər isə düşünürlər ki, yalnız İranla qonşu olan ölkələrin iqtisadi təzyiqi öz faydasını verə bilər.

Bu gün Moskvada da İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı sanksiyalara dəstək qazanmaq üçün rusiyalı həmkarı Vladimir Putin ilə görüşəcək. Dünən isə o, prezident Dmitri Medvedyevlə görüşmüşdü.

Rusiyanın İranla münasibətləri uzun müddətlidir. Rusiya hətta İranın Buşəhr şəhərində ilk nüvə elektrik stansiyasının tikintisinə və İrana kömək edib.

Möttaki bu gün Çin və Rusiyanı ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etmək çağırışına inanmağa da səsləyib. Deyib ki, Moskva doğru və məntiqi mövqe tutsa, İran Rusiya ilə iqtisadi əməkdaşlığını artıracaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG