Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:06

«Əsgəri bit yeyir»


Rəfael Abdurrəhmanov
«Hərbi xidmətdəki övladımızın sağlamlığı təhlükədədir, dövlətimə yalvarıram bizə kömək eləsin».

Belə bir xahişlə AzadlıqRadiosunun Qaynar Xəttinə Milli Ordunun «N» saylı hərbi hissəsində xidmət edən Rəfael Abdurrəhmanovun əmisi Telman Abdurrəhmənov müraciət edib. Qardaşı oğlunun yanından sonuncu dəfə yanvarın 17-də gəldiyini deyən Telman Abdurrəhmanovun sözlərinə görə, əsgərin bütün bədənini yara basmasına baxmayaraq onu hospitala müalicəyə göndərmirlər:

«Hərbi and içəndən bu günə qədər o uşağın bütün bədəni yaradır. Onu elə vəziyyətdə qaldırılar dağa, sonra da endirilər tibbi hissəyə. Bir dəfə hospitalda da olub, məzuniyyətə də gəlib. Vəziyyəti çox ağırdır, sətəlcəm olmaq təhlükəsilə üz-üzədir».

«KOMİSSİYA GƏLƏNDƏ XƏSTƏ ƏSGƏRLƏRİ DAĞA QALDIRIRLAR»

Telman Abdurrəhmanov iddia edir ki, onun qardaşı oğlu kimi bu vəziyyətdə olan əsgər həmin hərbi hissədə az deyil:

«Hərbi hissəyə komissiya gələn kimi uşaqları qaldırılar dağa ki, onları heç kim görməsin, komissiya gedən kimi yenidən endirirlər. Batalyon komandirinə yalvarıram, o yaxşı adamdır, düşürürlər tibbi hissəyə, amma onun yaralarına ancaq «zelyonka» sürtürlər. Uşağı öldürürlər, incidirlər, belə şey olmaz axı. Bizə deyirlər ki, bu xəstəlik müalicə olunmasa vərəmə çevriləcək. İmkan yoxdur tez-tez yanına getməyə, atası 16 ildir itkin düşüb, anası, qardaşı işləmir, biz bir təhər yardım edirik vəziyyətləri çox ağırdır, bunu bütün Zaqatala şəhəri bilir»

Telman Abdurrəhmanov deyir ki, bu vəziyyətdə olan əsgər yalnız hospitalda müalicə olunmalıdır:

«Amma nə edirik uşağı hospitala göndərmirlər. Bütün bədənini bit yeyir. Bir dəri, bir sümükdür. İnanın ki, uşağın bədənində o qədər yaralar var ki, adam onun bədəninə baxmaq istəmir».

«VALİDEYNLƏR ŞİKAYƏTƏ MEYLLİDİRLƏR»

Rəfael Abdurrəhmanov Zaqatala rayon hərbi komissarlığından ötən ilin iyulunda hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə bu ittihamları əsassız sayır:

«Əsgər Abdurrəhmanov bir ay hərbi hospitalda yatıb, sonra məzuniyyətə göndərilib. Məzuniyyətdən qayıdandan sonra bir də müayinə olunub. Sonuncu dəfə beş gün əvvəl müayinə edilib. Hazırda ön xətdə deyil, tibb məntəqəsindədir. Vəziyyəti yaxşıdır. Sadəcə, onun valideynləri şikayətə meylli insanlardı. İstəyirlər ki, necə olursa-olsun, əsgəri arxa cəbhəyə keçirtsinlər. Bunun üçün şantaja belə əl atmaqdan çəkinmirlər».

-Əsgərin xəstəliyi nə olub ki, hospitalda yatıb?

-Müəyyən şikayətləri olub. Şikayətlərə uyğun da zospitalda müalicə olunub. Orda da yaxşılaşıb. Onda heç bir problem yoxdur.

-Şəkillərdən də görünür ki, əsgərin ayağında yaralar var. Bəs bu nə yaralardı?

-Mən bayaq da dedim, onun valideynləri şikayətə meylli insanlar olduğu üçün görünür, nə vaxtsa, əsgərdə belə yaralar olub, o şəkli də onda çəkilib.

HƏRBİ PROKURORLUĞA ŞİKAYƏT ETMƏK MÜMKÜNDÜR

Vəkil Azər Nağıyev deyir ki, Abdurrəhmanovun valideynləri Müdafiə Nazirliyinə müraciət edə bilərlər, əgər aldıqları cavab onları qane etməsə, yuxarı instansiyalara, o cümlədən Prezident Aparatına müracət edə bilərlər. Əgər əsgərin sağlamlığıyla bağlı hərbi hissədəki vəzifəli şəxslərin qanunsuz hərəkətləri müşahidə edilərsə, onda Hərbi Prokurorluğa şikayət verə bilərlər.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG