Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:17

Tehran Əlişanoğlu "Əgər mən ekspert olsaydım..." (sonu)


ƏVVƏLİ BURADA

Mən “Qiyamçı”ya üstünlük verdim; çün sadalanan başlanğıclar, zənnimcə, burda daha yaxşı həzm olunmuş; ictimailəşmə kəsəri daha güclü – milli həyatın dünənindən açılmamış qatlar daxil edir ədəbiyyata; epik mənzərələri altşüurla üzvi təqdim eləyən dilin enerjisi böyükdür; hadisələrə sərt yazıçı münasibəti dürüst olub qəhrəmanın mövqeyinə qarışıb-itmir…

Bütün bunları, məsələn, “Yalqız” haqqında demək çətindir; ictimai kəsər həmin qədər deyil, mənəvi tənhalığın motivləri gərəyincə kəskinləşdirilməyib, müəllif sərrastlığı çox yerdə qəhrəmanın altşüur burulğanlarında itib-batır və s.

S.Səxavətdə publisist çağırış çox açıqdır, bunu mən prozaik qatın işləməsinə əngəl bilirəm.

Potensialda saxladığım “Erməni adındakı hərflər” romanını da zəif saymıram; Tənqid.net jurnalı romanın təhlilinə geniş yer də vermiş (№ 5); romanda hələ 1990-cı illərə qədər də erməni qurnazlığından söz açan nə qədər kəskin lövhələr var; yazıçının üslubu da səlisdir, nə artıb, nə əskilib: metaforik qat realist plana müvazidir.

Amma bu, tanıdığımız Mövlud Süleymanlıdır; mifoloji dünyası əvəzsiz, gəl ki, bu dəfə tarixi hadisələrə güzəşt edir; aydın ideya-biçimi, konseptualizə romanı bir qədər qəlibləşdirir; sanki roman tarixin illüstrəsinə çevrilir; ki, ədəbiyyat qatı bundan uduzur…

Desəm ki, Həmid Herisçinin “Əli. Nino”sunu bütövlükdə (kitab şəklində) oxumadan 10-luğuma daxil etmişəm, oxucu məni qınamasın; romanı çoxlu parçalarla qəzet və jurnallardan mütaliə etmişəm; bu, hamısı olmasa da, Həmid Herisçi romançılığını duymaqdan ötrü yetərlidir.

“Əli və Nino” Kitab Evinin keçirdiyi müsabiqədə Ekspertlər “Əli. Nino”ya yer verməliydilər, ən azı məntiqi olaraq. Heç düşündükmü, müsabiqənin təşəbbüsçüsü nədən “Əli və Nino”dur, bu ad təsadüfdən günümüzə gəlməyib ki; gəlib də özü ilə bax beləcə yenilikçilik, təşəbbüs, gündəm gətirib.

Eləcə də Həmid Herisçinin romanının adı təsadüfdən “Əli.Nino” deyil: məşhur romanın qəhrəmanları bugünə gəlir, olduğu yerlərdə, küçələrdə, hadisələrdə bir daha olur, H.Herisçiyə xas nisgil ovqatında bugün başverənlərə yozum-izah verməyə çalışırlar; burda günün romanını yaratmağa cəhd var. Bir qədər mübaliğəlisə də, bu dəfə mən Sabutayın qeydlərinə önəm verirəm:

“Bizdə bir məktəb olacaq Həmid Herisçi var, o da məncə ədəbiyyatı bir mərhələ irəli aparacaq gücünü xəsisliklə gizlədir”. Özündən sonra gələn solçu ədəbiyyata, məxsusən nəsrə H.Herisçinin aşkar təsiri var, – bu öz yerində; amma “məktəbdən”, hansısa olub da ortada olmayan “konsepsiya”dan danışmaq, məncə, sadəcə görmək istədiklərimizdir.

Uzun illər müşahidəmə görə, H.Herisçi konseptual düşüncə yox, əksinə, yaradıcılıq stixiyası içərisində gəlişir; ardıcıl ideya və estetik təkamülü onu bir yerdə saymağa qoymursa da, bitkin nələrəsə də gətirib-çıxarmır.

Ali və ibtidai, yüksək və aşağı, idealist və realist, həyatdan və ədəbiyyatdan olan süjetlər-motivlər- personajlar, publisistik və metaforik, peşəkar və profan və s. və s. nələrin, nəsnələrin yanaşdırılması, qatışığı, israrı məhz postmodern estetika kontekstində, impulsiv fikir oyunlarından gəlir; bircə elə bu fərqlilik birinci 10-luğa girmək üçün kifayətdi, məncə.

Son iki ildə ardıcıl piarı, ictimai mühitdə səs-sorağı, rezonansı Taleh Şahsuvarlının “Canlanma”sının əslində 20-liyə düşməməsinə bir yer qoymurdu; hər hansı Ekspert bu effektli küy qarşısında çaşmaya bilməzdi.

Amma məncə, romanın 10-luğa yol tapa bilməməsinin səbəbi də elə yenə çaşqınlıq olmuş.

Əvvəla, romanını oxuya bilmədiyim E.Qaraqanı çıxmaq şərtilə, Taleh Şahsuvarlı müsabiqə qalibləri arasında ən gəncidir; və iddiasına görə, “Canlanma” – ilk bədii yaradıcılığıdır.

Mən romanı lap son anda, adını siyahıda görüb də tapıb-oxudum; doğrudur, mətndə birbaşa naturaya uyan, məhz ilk yaradıcılığa xas epizodlar, səhnələr, təsvirlər də var; amma bütövü haqqında bunu deməzdim.

Əksər hissələrdə bədiiyyatı uğurla tətbiq və idarə edən peşəkar qələmi görməmək olmur; istər təhkiyə dilinin səlisliyində, mətləbi bütöv və heyrətamiz asanlıqla çatdırmasında, istərsə də kompozision ardıcıllıq və səliqədə – müəllifin “metaroman” deyə janr verdiyi romana “meta-” nöqtələrinin dürüst, tədrici, punktual düzülməsində; yox, nəsə bişkin bir qələmin işləyi var romanda.

“Canlanma” giriş manifestasiyasından başlamış tam mündəricəsinəcən ideya romanıdır (yəni məsələn, Çernışevskinin “Nə etməli”si kimi); güddüyü açıq, fəal məqsədlər var.

Odur ki, bəri başdan xatasından özümü sığortalayıram: məncə, İdeyası şirnikləndirici olduğu qədər də yabançı, yad, deməli, ziyanlı romandır bu. Arqumentlərimi burda açmayacam; hərçənd dəfələrlə təsdiqlənmiş belə fikir var ki: estetik hadisələr heç vəch ziyanlı ola bilməz, ən qatı ideyalara köklənsə belə; çün “anti-” təəssüratları anti-münasibət doğurmaqla yenə də həyatın-yaşamın-doğrunun-İnsanın təsdiqinə yönəlir.

Mən roman boyu “canlanmış” ideya ilə razılaşmır, mübahisə edir, barışmıram; deməli, oxucu minnətdarlığı ilə öz ideallarımda daha da möhkəmlənirəm.

“Canlanma”da iddia olunan postmodern estetika əlamətlərinə mən rastlamadım: axıracan “canlanma” ideya planında, məhz fikir işi kimi qabarıqdır, heç yerdə estetik özəllik qazanmır, hətta mistik halələr də personajların düşünülmüş xətt-hərəkətlərinə bəzək qismində görünürlər; əgər milli gerçəklərin Mişel Uelbekin “Elementar hissəcikləri”nə qənşər nələrsə törətməsi əslində yoxsa, istəmək ilə də olmur.

Doğrudur, qəhrəmanların ideya söhbətləri, dartışmalarında gənc romançı Dostoyevskiyə tərəf də dartınır, amma Dostoyevskidə ideya planı açıqdır, dialoji təfəkkür üzərindədir; “Canlanma”da hazır ideya qəlibi qəhrəmanları buxovlayır, əvvəlcədən nəzərdə tutulmuş funksiyalarına gömür; bu – maarifçi roman poetikasına müvafiqdir, sırf təlqin estetikasına güvənir.

Nə qaldı daha; Ilqar Fəhminin potensiala yozduğum “Bakı haqqında kollaj”ı, bir də rus dilli yazarlar.

“Bakı haqqında kollaj” daha çox publisistik əsasdadır, prozaik zəminə gərəyincə otuzdurulamayıb; odur ki, qəhrəmanın ah-ufu Şəhərin özlüyündə obrazını üstələyir; bu qəbil mətnləri qurmaq göründüyü qədər də asan deyil.

Əvvəlcə “Qara kitab”ı yazırsan, “Mənim adım qırmızı”nı düşünürsən, elə ki, yetkin yazıçı fiquru nəhəng Şəhər obrazının yanında görünməyə başlayır, bax onda oturub “İstanbul”u yazırsan; hər halda Orxan Pamuk “Xatirələr və şəhər”ini məhz bu yolla ərsəyə gətirmiş.

Bununla belə, mən cəhdlər tərəfdarıyam; vakansiya olsa, İlqar Fəhmiyə də 10-luğumda yer verəcəm. O ki qaldı rus dilli yazarlara, müsabiqə gedişində səslənən o fikrə şərik deyiləm ki, guya burda yox, ayrıca müsabiqədə təmsil olunmalıydılar.

Belə olanda bu nəsr ayağını qaçaraqda qoyub, həqiqətən də bizimki olmaqdan uzaqlaşır; məhz fərqləri görmək və bəhrələnmək naminə belə yaxşıdır; sonrasına baxaq…

Əsərlərini oxumağa fürsət bulmadığım bütün yazarlardan, o sıradan Eyvaz Əlləzoğludan, Yusif Şükürlüdən, Elxan Qaraqandan üzrlər diləyirəm; amma söz verirəm; və ilk imkan düşən kimi öz 10-luğumda düzəlişlər etməyə də hazıram. Rəsmən Ekspert olmasam da.

12-14 yanvar 2010

Kultaz.com

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG