Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43
ƏVVƏLİ BURADA

İndi əgər həmin hekayə tərzi bizə rahat-səlis-asan gəlirsə, tələsmək nə lazım; bəli, təkrar-təkrar oxumağına dəyər: uğursuz nümunələr də olur içində, amma həmin standartların bizə nə qədər ləzzətlə həqiqətlər pıçıldamasına laqeyd qalmaqmı olar?

Ələlxüsus da klassik hekayəçiliklə, məsələn: Çexovla, Mopassanla, Mirzə Cəlillə silahlanıb, bugünün yazarının üstünə gəlmək yalnız cavanların laborator məşqlərinə yarıyır.

BİZ HAMIMIZ O MƏŞQLƏRDƏN KEÇİB GƏLMİŞİK

eləcə də Rafiq Tağı; həmincə Qoqoldan, Tolstoydan, Çexovdan Dostoyevskiyəcən girib də öz “əyalət estetikası”na çıxmış (mən bu barədə artıq yazmışam: Tənqid.net jurnalı, № 3).

Rafiq Tağı köhnənin yazarıdır; belə ki, bəzilərinin müsabiqədə S.Səxavətin, M.Süleymanlının iştirakına dodaq büzüb, R.Tağını “cavanlar”dan bilməsi mənə mənalı görünmüşdü.

Klassik hekayəçiliyi də var Rafiq Tağının – “Yanaşı ulduzlar” (1987) adlı ilk kitabına baxsaq, görərik: süjeti süjet yerində, personajları – xarakter! İntəhası, ətrafdakı min bir süjetləri təkrar-təkrar yaşaya-yaşaya son halda maraqsız gəlmirmi bizə bütün bunlar?; odur ki, 90-cı illərdən belə peyda olan, məhz bizim tanıdığımız Rafiq Tağı həmin “maraqsızlığ”ı düşünə-düşünə və hər dəfə süjetlərini bir az da, bir az da qıra-qıra öz məxsusi – qəhrəman üzərində köklənən hekayəçiliyini yaratdı. Süjetsiz nəsr olmur ki; sadəcə onun (süjetin) harda gizləndiyini, harda və nədən itib-batdığını bir düşünəsən gərək.

O ki qaldı “quramalığ”a, məsələn, elə realistlər də hekayəni (təhkiyəni) qurmurlarmı; sadəcə gerçək süjeti (həyat hadisəsini) önə verib, ustalıqla arxasında gizlənirlər; modernistlərdə bu quramalıq açıq-açığına və (həyatın) acığına olduğundan beləcə, nəzərə gəlirlər.

Bir şərhimdə deyəndə ki: Rafiq Tağı realizmi keçib, modernizmi yaşayıb, indi də postmodernist istehzaya məşğuldur, gördüm qəribə qarşılandı.

Məncə, R.Tağını izləməməkdən gəlir bu çaşqınlıq. Bir oxucusu kimi, mən Rafiq Tağının o balaca əyalət dünyasını (dəblə desək: Yoknapatofasını) sevirəm; diqqət eləmisizsə, son zamanlar R.Tağı əvvəlki qədər çox yazmır; təbii, gəlib-gəlib də diskursunu lap yaxından, qəhrəmanın, yaxud təhkiyəçi-qəhrəmanın “beyni içi”ndən qurmaq asanmıdır?

Bu hekayələrin daş soyuqluğuna nədən təəccüblənirik ki: məgər bugün biz elə bircə soyuq beyindən ibarət deyilikmi?!

Gələk Fəxri Uğurluya; əvvəlki nəsr kitabında (“Uşaqların mahnısı”, 1999) Fəxrinin maraqlı prozası da vardı – “Şair Şulumun şeirləri” kimi; düşündürücü esseləri də; bir neçə il qabaq (gərək ki 2006 idi) o, sanki bunların vəhdətindən çıxış edərək, bir silsilə “düşünmək üçün hekayələr”ini qoydu ortaya.

Dünya qədər köhnə mövzuları, süjetləri, əhvalatları götürüb, yenidən yazdı; yadımda qalalı, bu: “Fərhadın Xosrovu öldürməsi”dir, “Peyğəmbər”dir, “Leylinin məcnunluğu”dur, “Şeyx Sənan”dır, İskəndərin əhvalatıdır və s.

Bunları mən Media-forumda, bəzilərini 525-də oxumuşam; Tənqid.net jurnalında bir pullu səhifəm var: Günün ədəbiyyatı; hətta “İskəndərin qanunu” hekayəsini götürüb, 4-cü sayda həmin səhifədə təkrar dərc də eləmişəm, təmənnasız-filansız.

Dediyim odur ki, hekayəçiliyimizdə tamam yeni bir rakursdur bu. Güman ki, müsabiqəyə təqdim olunan elə həmin hekayələrdir.

Biz bəzən ədəbiyyatımızda post-modern axtarışında dağa-daşa düşürük; halbuki budur, əyani və orijinal nümunələri durur qarşımızda.

Orijinal deyəndə ki, bu qəbil, keçmişin bizə xəbər verdiyi süjetlərin yenidən təfsiri və məhz qaranlıq hesab olunan məqamlardan ayrı bir rakurs təklifinə biz X.L.Borxesdə rast gəlirik; intəhası Borxesdə filoloji araşdırma ilə möhkəmləndirilən plüralist yanaşma güclüdür, Fəxri Uğurlu isə fəlsəfi yozumlarında daha çox fantaziyalarına güvənir.

Məsələn, elə həmən “İskəndərin qanunu” hekayəsi belə bir məqamdan: “Aşağıda da deyirdilər guya Böyük İsgəndər balaca bir dərddən – qızdırmadan ölüb” məqamındakı “guya”nın sirlərindən törəyir; demə, Ərəstu fəlsəfəsi işığında dünyanı fəth etmiş Böyük İskəndər onu Əflatun fəlsəfəsi işığında xoşbəxtliyə çatıb da tərk eləyibmiş.

Fəxri Uğurlu bu sıradan hər hekayəsində bizə ruhla ağılın mübahisəsindən hasil olan nələrisə çatdıra bilir. Təki düşünmək istəyək və ta ki düşünək.

Məqsəd Nurun “Tərs kimi” adlı proza kitabı 2006-da işıq üzü görüb; daha neçə yığcam hekayəsini də sonra mətbuatdan oxumuşam; yəqin ki, müsabiqəyə də elə bu sıradan hekayələri gəlib-çıxmış olar.

Tənqid.net jurnalı 2-ci sayında “Tərs kimi” kitabının dəyirmi masa müzakirəsini təşkil eləyib; təəssüf edirəm, olduqca orijinal üslublu bu prozanın Ekspert 10-luğuna düşmədiyinə.

Ümumən modernistik prozanın təkrarsız tərzi var Məqsəd Nurun hekayələrində; ənənəvi hekayəçilikdən fərqli, əksərən bu – silsiləvi hekayələrdir: “Yarıqaranlıq”, “Ürəyindən tikan çıxmayan”, “Ero-gigiyenik”, “Dənizdən gələn eşq gecələri”, “Katastrofiklər”, “Qırğız gündəliyi” və s. – hər birisi də neçə daha yığcam lövhə-epizod-süjet qırıqları, insan mənzərələrini yığır içinə.

Bu cür yazı tərzinə XX əsr modernizmi daha çox əsrin ikinci yarısında, böyük narrativlərin (təhkiyə tərzlərinin) yerimədiyi zamanlarda üz tutmuşdu; insan içinin sınıqlarını plüralist üslub rəngarəngliyində bütövləyən Məqsəd Nurun hekayəçiliyi bizdə 1990-cı illərdə formalaşmış.

Deməzdim, həmin mətnlər bugün oxunmur; burda zəngin dil oyunları, ritm bolluğu, sırf prozaik enerji var; ki, daim həyatın bir addımlığındakı boşluqları görüb-hiss eləməyimizə yardımçı olur.

Kəskin qayıdaq klassikaya; bugün klassik hekayəçiliyin keşiyində ardıcıl duranlardan biridir Əjdər Ol; mən bu barədə də yazmışam (Tənqid.net, № 5); amma müsabiqəyə hekayəçiliyimizə fərqli bir ton verən portret-hekayələrini təqdim eləmiş.

Mətbuatdan və kitabından (“Ölümlə zarafat”, 2007) oxumuşam: “Yazıçı Namiq Abdullayevin axırı”, “Rafiq Tağı ki, Rafiq Tağı”; “Kür Əlisəmid”; sonra daha birini yazmış: “Anar”; yəqin ki, cəmisi budur – yazıçı həmkarlarının iç portreti.

Həmişə əcnəbi ədəbiyyata baxıb, həsəd aparmışam: ədəbiyyatı yaradan insanların nə əsərlərindən, nə də rəsmi bioqrafilərindən görünməyən tərəfləri, gizlinləri, xırdalıqları necə də uğurla yol tapır həmincə ədəbiyyata.

Bizdə yazıçı obrazı bədii ədəbiyyata əksərən pozitiv əsaslarda girib: memuar-xatirə janrında, ya da maarifçi biçimdə; Əjdər Ol portret-hekayələrində qeyri-standart ölçülər gətirir janra; istedadlı ədəbiyyat yaradan insanların qeyri-standart dünyalarına vara bilir; bu, ədəbiyyatın sirrinə bizi bir az da yaxınlaşdırır.

Hekayələr qədər klassik romançılığımızla lovğalana bilmərik, amma 20-likdə 1960-80-ci illər roman düşüncəsi və üslubunu təmsil eləyən xeyli uğurlu əsərlər yer tapıb.

Mən bunlardan yalnız birini – Əlabbas Bağırovun “Qiyamçı”sını salmışam 10-luğuma; ki, rəngarəngliyə meydan ola; Ekspertlər bununla yanaşı: Nəriman Əbdülrəhmanlının “Yalqız” romanına da şans veriblər; yəqin ki, Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır” romanının baxtı da elə həmin (klassik) müstəvidə gətirib (müəllifin hekayələri ilə tanışlıq bu sözü deməyə imkan verir mənə); eləcə də M.Süleymanlının, S.Səxavətin romanlarının adı keçə bilərdi burdan.

Bu romanların poetikası eyni qəbildən, qəhrəmanın ətraf aləmlə iç mücadiləsi üzərindədir; odur ki, başlıca ifadə üsulu burda aydın süjet və altşüur axınıdır; hamısında da mövzu qaynar, aktual, lazımlıdır; birində 1980-ci illər, digərində 90-cı illər, üstəlik Qarabağ, millətçilik, millət və mənəviyyat savaşı.

Mən “Qiyamçı”ya üstünlük verdim; bir başqası digərlərindən birini seçsə, mahiyyətcə çox şey dəyişməz; yəni üslublar ayrı və hər birinin öz məziyyəti olsa da altqatda eyni estetika işləyir: təkin daxili aləminə yad mühitə müqaviməti, mücadiləsi, əzab-ağrılardan keçən mənəvi savaş örnəyi.

SONU BURADA

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG