Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:29

2176 yeni iş yeri açılıb


«Yeni Azərbaycan»:

Ötən il Nəsimi rayonunda 2176 yeni iş yeri açılıb

Ötən il Nəsimi rayonunda 2176 yeni iş yeri açılıb. Bu haqda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Məhəməliyev 2009-cu ilin yekunlarına həsr olunan hesabat yığıncaqda bildirib. Yığıncaqda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq ötən il rayonda açılmış iş yerlərindən 355-i yeni yaradılan, 191-i mövcud müəssisə və təşkilatlar, 5-i fəaliyyəti bərpa edilmiş, 1625-i fiziki şəxslər üzrə olub.

«Azadlıq»:

«Qar parkı» sakinlərdə narazılıq yaratdı

Füzuli küçəsi (keçmiş Basin) 58 ünvanında yaşayan sakinlər evlərindən çıxarılır. Sakinlərin bir qismi evlərindən köçürüləcəklərindən xəbərdar olsalar da, digər qismi tamamilə xəbərsizdir. Sakinlərin əksəriyyəti evlərindən çıxarılacaqlarını telekanallardan eşidiblər.
Binada təxminən 30-a yaxın ailə var ki, nə BŞIH-dən, nə də hansısa bir qurumdan kompensasiya ilə bağlı söhbət eşitməyib.
İstənilən halda zərbə sakinlərə dəyir. 2500 manat adıyla onlara 1500 dollar verilir.

«Yeni Müsavat»:

Ağ örtük altında qara rəzalət

Paytaxtın yol-körpü infrastrukturu yağan qara tab gətirmədi. Qarın yağmasından artıq bir həftə keçməsinə rəğmən, hələ də Bakının mərkəzi və ətraf ərazilərində avtomobil, eləcə də piyada yolları qar və buzdan təmizlənməyib. Onsuz da hər gün avtomobil qəzalarının baş verdiyi paytaxtda yol-nəqliyyat hadisələrinin sayı indi daha da artıb. Bundan əlavə, paytaxtın müxtəlif yerlərində işıq və yol işarəedici dirəklər aşıb.

Körpü-tunel komplekslərinin altında qazıntı işləri aparılıb. Fövqəladə Hallar, Nəqliyyat nazirlikləri, o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçdiklərini bəyan edib. Lakin yollarda təmizləmə işlərindən sonra qarın fəsadları aradan qalxmayıb.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov qəzetimizə açıqlamasında qarın yaratdığı problemlərin aradan qaldırılmasında təkcə Nəqliyyat Nazirliyinin məsuliyyət daşımadığını bildirmişdi.

«Azərbaycan»:

Köhnə qaz xətləri yeniləri ilə əvəz olunur


Şirvan şəhərində qaz itkisinin minimum həddə çatdırılması üçün korroziyaya uğramış mövcud qaz xətləri yeniləri ilə əvəz olunur. Bu işləri ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi həyata keçirir.
Bundan əlavə, təbii qazdan qeyri-qanuni istifadə edən abonentlər tərəfindən Şirvan Qaz İstismar Sahəsinə dəymiş ziyan hesablanıb, onun əksər hissəninin ödənilməsi təmin olunub. Dəymiş ziyanı ödəməyən abonentlərin mənzillərinin qaz təchizatı dayandırılıb. Keçən ay ərzində texniki səbəbdən istismara yararsız olan 43 qaz sayğacı yenisi ilə əvəz edilib. Abonentlər tərəfindən müdaxilə olunmuş 7 qaz sayğacı onların şəxsi vəsaitləri hesabına təzələnib.
Hazırda şəhərin Hacıqəhrəmanlı qəsəbəsinin qaz xətlərinin yenidən qurulması işləri aparılır. İri sərmayə tutumlu bu layihə çərçivəsində 27 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeniləri ilə əvəz olunması nəzərdə tutulub. Eyni zamanda, fərdi yaşayış evlərində əvvəllər quraşdırılmış qaz sayğaclarının həyətyanı sahələrdən küçəyə çıxarılması istiqamətində də tədbirlər görülür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG