Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

Azərbaycanda 123 min ruhi xəstə var


Bəzən ruhi xəstəliklərdən toxunulmazlıq statusu kimi də istifadə olunur

Bəzən ruhi xəstəliklərdən toxunulmazlıq statusu kimi də istifadə olunur

«Azərbaycanda ruhi xəstələrin sayı ilbəil artır. Hər il 5 minə yaxın ruhi xəstə qeydə alınır».

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bu fikirləri ötən həftə Parlamentin iclasında səsləndirib. Onun dediyinə görə, qeydə alınan ruhi xəstələrin əksəriyyəti yeniyetmə və gənclərdir:

«Dövlət Statistika Komitəsinin 2008-ci il üçün açıqladığı məlumata görə, müalicə-proflaktika müəssisələrində qeydiyyatda duran xəstələrin sayı 123 min nəfərə yaxın olub. 2000-ci ildə isə bu rəqəm 97 min nəfərdən bir qədər çox olub».

Birinci dəfə müraciət edən ruhi xəstələrin sayında ən çox artım 2000-2003-cü illərdə olub. Həmin dövr ərzində hər il qeydə alınan xəstələrin sayı 7 minə yaxın olub. Sonraki iki ildə bir qədər azalma olsa da, bu rəqəm 6 mindən aşağı düşməyib. 2008-ildə qeydiyyata alınan ruhi xəstələrin sayı isə 5 mindən artıq olub.

TƏBƏQƏLƏŞMƏNİN RUHİ XƏSTƏLİYƏ TƏSİRİ

Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev hesab edir ki, ruhi xəstələrin sayının ilbəil çoxalması onların xəstəxanalara, psixoloqlara müraciət etməsilə əlaqədardır. Çünki əvvəllər insanlar psixoloqlara müraciət etməkdən çəkinirdikləri üçün bu sahədə vəziyyəti konkret rəqəmlərlə göstərmək olmurdu.

Dəyanət Rzayev ruhi xəstəliklərin çoxalmasının digər səbəbini irsi faktorlarda görür. Psixoloq Azərbaycanda yaxın qohumlarla evlənmə, ailə qurma hallarının ilbəil çoxaldığını deyir və əlavə edir ki, bu, həm ruhi xəstəliklərin, həm də talassemiya kimi qan xəstəliklərinin yaranmasına səbəb olur. Dəyanət Rzayev ölkədə gedən təbəqələşmənin də ruhi xəstəliklərə gətirib çıxardığını istisna etmir.

HÜQUQSUZLUQ DA BİR TƏRƏFDƏN…

Qurban Məmmədov
Vəkil Qurban Məmmədov isə ölkədə ruhi xəstəliklərdən əziyyət çəkənlərin sayındakı çoxalmanı insanların hüquqsuzluğu ilə əlaqələndirir:

«Mən qəti bu fikirdəyəm. Yəni son 10-15 ildə ölkədə yaranmış vəziyyət insanları tam müdafiəsiz hala salıb. İnsan qarşısında olan problemi həll edə bilməyəndə əsəb sistemi pozulur. Azərbaycanda elə ekstremal vəziyyət yaranıb ki, xüsusən də gənc qadınlar səhərdən axşama qədər fikirlərşir ki, övladına günorta, axşam yeməyə nə verəcək. Məktəbə gedən uşağına paltara ala biləcəkmi. Və bu suallar qarşısında əhalinin 80-90 faizi əzab çəkir. Bu isə əlbəttə insanın əsəb sistemini sıradan çıxarır. Mənim məhkəmələrdə rastlaşdığım hüquq pozuntuları, insan haqlarının tapdanması birbaşa əsəb xəstəliklərinin artmasının səbəbidir».

SAXTA RUHİ XƏSTƏLƏR…

Psixoloq Dəyanət Rzayevə görə, bəzən Azərbaycanda ruhi xəstəliklərdən toxunulmazlıq statusu kimi də istifadə olunur. Bununla insanlar həm hərbi xidmətdən yayına, həm də törətdiyi cinayətə görə məsuliyyətdən qaça bilirlər. Pensiya almaq üçün də ruhi xəstə kimi özünü təqdim edənlər var.

Amma hüquqşünas Qurban Məmmədov ruhi xəstələrin artımında şişirdilmiş rəqəmlərin olmasını istisna edir.

«Deyilən hallar rəqəmlərə elə də təsir edə bilməz. Lap deyək ki, min nəfərdən 50-100 nəfəri saxta sənədlər əldə eləsin, amma sözün əsil mənasında Azərbaycanda adamların əsəbləri gündəlik pozulur. Adam gedir hansısa müəssisəyə ərizə verib haqqın tələb edir saymırlar, adam qəbula düşə bilmir. Belə bir sistemdə insanların normal əsəb sisteminə malik olması qeyri-mümkündür. Toplum şəkildə dəli olmamışıq Allaha şükür eləməliyik».

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev problemlərin aradan qaldırılması üçün tezliklə «Ailə Məcəlləsi» nə dəyişikliklər edilməsini təklif edir. Deputat hesab edir ki, digər dəyişikliklər gözləyə də bilər, bu məsələyə isə parlamentdə tezliklə baxılmalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG