Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:25

«Azərbaycan xalqı ölənə qədər demokratiyadan əl çəkməz!»


Mehdi Məmmədov
Mehdi Məmmədov: «Azərbaycan xalqı ölənə qədər demokratiyadan əl çəkməz!»

(Bu, onun AzadlıqRadiosuna son sözləriydi...)

Azərbaycanda onun adını 1990-cı ilin 20 Yanvarından tanımağa başladılar. Tezcə məşhurlaşdı və sanki tezcə də unuduldu.

Kim idi Mehdi Məmmədov, özəlliyi nəydi? Niyə onun izinə düşmüşük? Adiliyi, ya adilikdən kənarlığı nəydi?

Gözləri ilə deyil, beyni və ürəyi ilə görməyə məhkum olan birini göz önünə gətirin. Bilin ki, Mehdi Məmmədovu görürsünüz. Mümkün olmayan şərtlərdə belə həyatsevərliyini, inamını, inancını qoruyan bir adamı təsəvvürünüzə gətirin. Bu, Mehdi Məmmədovdur!

Mehdi Məmmədov 1952-ci ildə Qazaxıstanın Cambul vilayətində sürgün olunmuş azərbaycanlı Mirzə Yarməmməd oğlunun ailəsində dünyaya gəlib. Əsilləri Hacıqabulun Meynivan kəndindəndir. Tanıyanların söylədiyinə görə, Mehdinin atası Mirzə kişi hərbçi və müsavatçı imiş. Bir sözlə, onun sürgünə göndərilməsi Stalin dönəminin bəsit məntiqinə tam uyğun gəlir. Mehdi də Cambulda qurulan bir ailədə dünyaya göz açıb.

ONUN EVİ AZADLIQRADİOSUNA ÇEVRİLMİŞDİ...

Əziz oxucu! Onun ailəsilə Cambuldan Bakıya köçməsi, atasının vaxtilə xüsusi mülkiyyəti olan evlərində 10 il kirayədə yaşadıqları, anasının faciəli ölümü, gözlərinin atılan adi bir daşa qurban getməsi, təhsil illəri, azadlıq hərəkatına qoşulduğu illər, evinin, özü demiş, AzadlıqRadiosunun Bakı bürosuna çevrildiyi vaxtlar...hər şey bu verilişdə əksini tapıb.

Mehdi müəllimlə mənim tanışlığım da elə bu veriliş sayəsində olub. «İz»i çox bəyənən Mehdi müəllim hər verilişdən sonra zəng çalar, təəssüratını bölüşərdi. Ancaq «Can Bakı» proqramı efirə çıxandan sonra yenə də bizə qulaq asan, hətta verilişə qonaq qismində qatılan Mehdi müəllim onu tərifləməzdi. Mən də bundan çox üzülərdim. Axırda bir dəfə söylədi ki, hələ tezdir, qoy oturuşsun. Ancaq ömrünün sonlarına yaxın «Can Bakı» haqqında da xoş sözlər deyib mənim könlümü almışdı Mehdi müəllim.

«ƏSİR AZƏRBAYCANIM»

Mehdi Məmmədov Araz Elsəsin Almas İldırımım sözlərinə yazdığı «Əsir Azərbaycanım» mahnısını çox sevirdi. Hər dəfə «Can Bakı» proqramında bu mahnını səsləndirəndən sonra mənə zəng çalıb təşəkürünü bildirərdi. Mən də niyə sevdiyini soruşmazdım.

Sürgündə doğulasan, 4 yaşında ata-baba yurduna dönəsən, 9 yaşından gözünün işığını itirəsən, Qırmızı imperiyanın iç üzünü görəsən, Azadlıq mübarizəsinin öncüllərindən olasan... Bu mahnını necə sevməyəydi ki?

«Azərbaycan, mənim baxtsız anam oy!

Neçə bir il həsrətinlə yanam, oy?!..»

misralarına necə biganə qalaydı Mehdi müəllim? Özünü və öz yurdunu azadlığa qovuşdurmağa necə can atmayaydı o böyük kişi?

Bir sözlə, əziz oxucu! Mehdi müəllim haqqında nə qədər yazsam da, ürəyimdəkilər bitib-tükənməz. O üzdən də, sizləri bu verilişə qulaq asmağa çağırıram.
Verilişdə onu jurnalist İradə Tuncay, Rauf Mirqədirov, Natiq Zeynalov, həyat yoldaşı Aida xanım, həm də biz—«İZ»çilər anırıq.

Mehdi müəllimin AzadlıqRadiosuna 18 il boyunca dediklərini də dinləmək imkanınız olacaq. Hətta onun ölümündən öncə verdiyi son müsahibəni də eşidəcəksiniz. 2008-ci ilin 20 Yanvar günü... Mehdi müəllim xəstəliyi səbəbindən güclə danışır. Amma o qısıq səslə belə «Azərbaycan xalqı demokratiyadan əl çəkməz!» söyləməyi unutmur.

2008-ci ilin 20 Yanvarından heç bir ay keçməmiş, fevralın 16-da AzadlıqRadiosunun sevimli Mehdi müəllimi-onun daimi dinləyicisi, sadiq dostu və tənqidçisi çox qısa sürən amansız xəstəlikdən 56 yaşında dünyayla əbədi vidalaşdı...

Elə bil ürəyinə dammışdı. 2007-nin payızında hər zaman verilişlərimizə telefonla qoşulan Mehdi müəllim bir qohumundan xahiş etmişdi ki, onu AzadlıqRadiosuna aparsın. Və biz hamımız həmin gün onunla üzbəüz görüşüb söhbətləşmişdik...

Kim idi Mehdi Məmmədov? Onun kim olduğunu bilmək üçün özümüzü tanısaq yetər!

Özəlliyi nə idi onun? Təkcə bacardığını deyil, bacarmadığını da gerçəkləşdirməyə can atmaq! Sınamaq, cəhd göstərmək, insanı alçaldan heç bir şeylə barışmamaq!

Niyə onun izinə düşmüşük? Çünki bu, ən ağır şərtlərdə də mənliyini, ləyaqətini qoruyanların, azadlıq və demokratiyanın yaradıcı gücünə inamını saxlayanların «İz»idir!

Hə, bir də istəyirəm biləsiniz ki, ölümündən sonra hazırladığımız bu «İz»də Mehdi müəllimin ən sevdiyi melodiyalardan istifadə etmişik...
Ruhu şad olsun!

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG