Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:42

Nəriman Əbdürrəhmanlı "Ağ bayraq" (HEKAYƏ)


…Gözlərinin qabağında ərinin ağ bayraq kimi yellənən ağ saçlı başına baxa-baxa beynindən keçirdi ki, ömür ötdü daha olmuşlar olmayacaq, istəsə də, istəməsə də bununla barışmalıdı,

çünki nə ötənləri qaytarmağa qüdrəti, nə də yaşadığı həyata görə, təəssüflənməyə həvəsi var, zamanında da belə şeylər barədə fikirləşməyə həvəsi var, zamanında, sadəcə, gənclik ehtirasından gözləri korlana-korlana yaşamışdı,

yəni tanışlıqlarının ilk aylarında onun könlünə girməkdən ötrü cürbəcür dona girmişdi, ağıl-kamalını, gələcək karyerasını, üstəlik ailələrinin maddi imkanını yetərincə dəyərləndirmişdi,

hətta onu tanıyana qədər münasibət qurduğu adamlardan da vaz keçmişdi, həmin vaxtlar böyük ehtimalla əri olacaq adamda özünün də izah eləyə bilmədiyi nəsə görmüşdü,

bilirdi ki, seçdiyi kəs onun yar-yaraşığı, inadı, naz-qəmzəsi qarşısında duruş gətirə bilməyəcək, bundan sonrasısa asandı – elə ki, kəndiri boğazına keçirdi, ömrünün axırınacan mələyə-mələyə arxasınca gəzəcək, heç təsir eləməyə, dediyini yeritməkdən ötrü cürbücür üsullar axtarıb tapmağa, dava-dalaş salmağa lüzum olmayacaq,

illah da vəzifəyə – filana öyrəşəndən, uşaqları doğulandan, qadın mehrinə alışandan sonra qazandıqlarının hamısını itirməmək xətrinə çox şeyin başına ip salmamağa, əksinə, olanların da üstünü malalamağa, başqalarının gözündə xoşbəxt ailə başçısı, xoşbəxt kişi rolunu oynamağa çalışacaq – bu təxminləri sonralar həqiqət olanda özü də özünün uzaqgörənliyinə heyran qaldı:

elə ömrünün, bir dam altında keçirəcəyinə qərar verəndən sonra onu hər şeydə doyumsuz eləməyə başladı – əri çox şey eləyə bilərdi, amma o istədiyinin nə vaxt, necə yerinə yetəcəyi artıq ondan asılı deyildi.

Bütün bunlar barədə özü qərar verirdi, həm də ərinin istədiyini hər şeyin məhz bu cür olmalı olduğuna inandıra-inandıra, səbrini son hüduda çatdıra-çatdıra, olub-keçənlərə zərurət yox, güzəşt, mərhəmət çaları qata-qata yerinə yetirirdi,

bilirdi ki, bütün bunlar ər dediyi adama bəs eləyəcək, öz hökmünü göstərməyə nə cəsarəti çatacaq, nə də belə şeylə nələrisə qazanacağına inanacaq, üstəlik, elə evliliklərinin başlanğıcından onun ipini bir az boş tutmuşdu,

yəni «cızığından çıxmağına» bir-iki köhnə tanışıyla yaxınlıq eləməsinə imkan vermişdi – bunu bir dəfə qatı ətir qoxusundan, bir dəfə də kürəyindəki cırmaq yerindən sezmişdi, amma üzə vurmamışdı, tamaşa düzəldib, oyun çıxarmamışdı,

əksinə öz-özlüyündə bir qədər rahatlanmışdı – buynuz çıxardıb hökmünü göstərməyə çalışsaydı, əlində onu yerində oturdacaq, fikirləşdiyi kimi buynuzunu sındıracaq tutalğası varıdı,

o tutalğasını sözarası ər dediyinə eyhamla qandıranda gözlərinin dərinliyindəki qorxunu, miskinliyi, məzlumluğu açıq-aşkar görüb əməlli-başlı ləzzət almışdı,

əmin olmuşdu ki, həyatını birləşdirdiyi adam günahının faş olduğunu bilir, bundan sonra elə addım atmaz ki, o ötəri əlaqələrdən uzağa getsin, uzaqbaşı hərdən gizlin-gizlin bu cür əməllərə baş qoşacaq,

onda da bir yastığa baş qoyduğu qadının qorxusu uzun müddət canından çəkilib getməyəcək,

həmin müddətdə də daha həlim, daha məzlum, daha sözəbaxan olacaq, bunusa əslində, onun üzündəki döyülmüş it görkəminə oxşayan ifadədən bilirdi,

o ifadə çəkilib gedənəcən ər dediyinin yaxasından yapışıb istədiyi yerə darta, istədiyini elətdirə bilərdi, elətdirırdi də: borc pul götürtdürüb evini şəhərin sanballı rayonuna dəyişdirmişdi,

o borcdan qurtarmamış yenə borca salıb evin içini tamam təzələmişdi, bir iz özünə gələn kimi bağ evi aldırıb, əməlli-başlı abıra saldırmışdı, qardaşını nüfuzlu şirkətə işə düzəltdirib, bacısına yaxşıca toy eləmişdi,

hər yayın bir ayını xarici kurortlarda keçirmişdi, iki uşağını – bir oğlan, bir qızın «bərkgedən» mətkəblərdə oxumasını, işə düzəlməsini, ailə qurmaq qayğılarını onun belinə yükləmişdi, o da etiraz eləməyi, şikayətlənməyi ağlına gətirmədən (bəlkə də ağlına gətirirdi, amma arvadının əlindəki tutalğanın müqabilində susmaqdan ayrı çarəsi yoxudu) qoşqu atı kimi bu yükü çəkirdi,

üstəlik yükü çəkməkdən özünü xoşbəxt saydığını göstərməkdən ötrü əməlli-başlı rola girirdi,

məsələn, can-ciyərinin də, uşaqlarının da ad günlərini, şad günlərini sanballı restoranlarda, «yüksək səviyyədə» keçirmək naminə ortaya çıxan çətinlikləri cürbəcür yollarla – dost-tanışlarının köməyilə – borca girməklə, işiylə bağlı «hərifləmə» əməliyyatlarında daha qətiyyətli, daha insafsız, daha tədbirli olmaqla, yaxud «dar gün» üçün, yəni arvadının çox ustalıqla xəbər tutduğu o «tutalğa»nın adına ayırdığı özü demiş, «ehtiyat fond»dan xərcləməli olurdu,

belə vaxtlarda təbii ki, yanaşı durub dünyanın ən xoşbəxt cütlüyü, ata-anası, ümumiyyətlə, məxluqu obrazını bacarıqla yaradırdılar, yalnız tək qalanda üzlərindən o maskaları atmağa cəhd göstərib eləmədən, kimin kim olduğunu çox yaxşı anlaya-anlaya bir-birinə çox mübhəm, həm də möhkəm tellərlə bağlı olduqlarını, ömürlərinin axırınacan beləcə yaşayacaqlarını ağıllarından keçirirdilər,

qadın baş yoldaşı seçməkdə düzgün yol tutduğuna bir daha əmin olurdu, çünki sevgi-filan ötəri şeylərdi, olsa-olsa, gənclik romantikasının duyğularla ifadə olunan formasıdı,

özünü kitablarda oxuduğun, kinolarda gördüyün, macəralarını eşitdiyin qəhrəmanlara oxşatmaqdı, o duyğular həyatın reallığıyla toqquşan anda pərən-pərən düşür, yəni sevgi yaxşı şeydi,

amma sevdiyin adamla abırlı yaşamağa yerin, istədiyin kimi həyat sürməyə imkanın, bir kərə gəldiyin bu fani dünyadan yetərincə zövq almağa amanın yoxdusa, onda o sevginin nə dadı olacaq,

yaxud olacaqsa, o dadın ömrü nə vaxtacan çəkəcək, sənin o sevgi dediyin şeyi gözün-könlün dolusu yaşamağa, yaşadığın müddətdə də ləzzətini duymağa, bəhrəsini görməyə macalın, daha doğrusu, taqətin olacaqmı – bu sualın cavabında «hə» deyən tapılar, amma o «hə»nin səmimiliyinə inanmaq çətindi, çünki insan həmişə rahatlamağa can atan məxluqdu, daim instinktinin arxasınca düşüb hər şeyin əlverişisinin seçməyə çalışır,

sevdiklərinin də ötəri yox, uzunmüddətli olmasına can atır, əgər əzab-əziyyətlərə dözürsə, deməli, bu dözdükləri onun istədikləri şey deyil, boynuna qəfil düşən, altından qaçmağa amanı, ya da iqtidarı olmayan yükdü, imkanı olsaydı, gözünü də qırpmadan o əzablardan canını qurtarardı,

ya da əgər əzab-əziyyəti könüllü çəkirsə, bu, onda dərrakə-filandan zərrə qədər də əlamət olmadığının sübutudu, çünki ağlı başında olan adam sevginin çox şərti bir zad olduğunu qəbul eləyər, kor-koranə vurğunluq yox, ölçülü-biçili bağlılıq olduğunu anlayar, yəni sevgi deyilən məsələ təkcə ruhi, hissi, cismani şeylərdən ibarət deyil, bunun sosial tərəfi də var, daha dəqiqi, o sevgi azarına tutulanlar bu cəmiyyət deyilən reallıqdan qıraqda, ulu əcdadlarımız kimi mağarlarda, zamanın ortaya qoyduqlarından bixəbər yaşamırlar,

kim onların hamı kimi, ürəkləri istəyən evə, maşina, vəzifəyə, rahat yaşayışa sahib olmaq istəmədiklərini deyirsə, gözünün içinəcən yalan söyləyir, üstəlik, nə qədər dəlicəsinə sevirsən sev, reallıqla üz-üzə gəldiyin məqamda o sevgi qurtarır,

qurtarmasa da, üstünə kölgə düşür, ən yaxşı halda çətin dözülən əzaba çevrilir, o əzaba tab gətirməyə də yüzdə yox, milyonda birinin dözümü çatır – elə eşidib – bildiyimiz məhəbbət əfsanələri də o dözənlərin həyatından yaranır – həmin milyonda biri olmaq da kimin bəxtinə düşə, bunu təkcə Allah bilir,

SONU BURDA

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG