Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:42

Ermənilərin bir çoxu üçün İnternet «odnoklassniki»dən ibarətdir


«Bir çoxları İnternetin yalnız bu saytdan ibarət olduğunu düşünür»
«Bir çoxları İnternetin yalnız bu saytdan ibarət olduğunu düşünür»
Ermənistanda son aylar İnternet bumu yaşanır. İnternet xidməti təklif edən şirkətlərin sayı da artıb, rəqabət də. Əhalinin də İnternetə marağı yüksəlib.

İnformasiya təhlükəsizliyi sahəsində ekspert Samvel Martirosyan bu fikirdədir. Onun hesablamasına görə, hazırda Ermənistan əhalisinin 15-20 faizi İnternetdən istifadə edir, baxmayaraq ki, rəsmi rəqəmlər 6-7 faizi göstərir:

«Təəssüflər olsun ki, 15-20 faizin əksəriyyəti 2-3 sosial sayta girir, onlardan biri də «odnoklassniki»dir. Bir çoxları İnternetin yalnız bu saytdan ibarət olduğunu düşünür».

Martirosyan bunu maarifləndirmə və müvafiq biliklərin olmaması ilə əlaqələndirir:

«İnsanlar bilmir ki, İnternetdə «çatlaşmaqdan» başqa yararlı məlumatlar da tapmaq olar».

İnternet qiymətləri enməkdə olsa da, bu xidmət çoxları üçün bahalı əyləncədir. Üstəlik, kompüter və texnikanın qiyməti də yüksəkdir.

Yerevan Dövlət Universitetində mədəniyyət və sivilizasiyanı araşdırma mərkəzinin elmi işçisi Tiqran Matosyan İnternetin qiymət və keyfiyyətinin uyğunsuzluğundan danışır. Onun fikrincə, qiymət yüksəkdir, keyfiyyət aşağı:

«Bir çox qərb universitetləri İnternetdə öz leksiyalarını yerləşdirir və Ermənistanda ola-ola həmin saytlara daxil olmaq, materialları dinləmək mümkündür. Ancaq İnternetin keyfiyyəti buna imkan vermir. Tədqiqatçıların İnternetdən istifadə edərkən üzləşdiyi ikinci problem kitabların yüklənməsi ilə əlaqədardır. Bunun üçün də keyfiyyətli əlaqə tələb olunur. Ermənistanın dənizə birbaşa çıxışı yoxdur və kitabların ölkəyə gətirilməsi ilə bağlı məhdudiyyətlər var. Bu mənada İnternet qurtuluş olardı, ancaq keyfiyyət və qiymət buna imkanı vermir».

Ermənistan əhalisinin əksəriyyəti məlumatı hələ də televiziya və qəzetdən alır, İnternetdən yox
İnternetdən istifadəyə görə aylıq haqq təxminən 20-40 dollardır. Ancaq yüksək qiymət də keyfiyyətə zəmanət vermir. Ciddi tədqiqatlar üçün İnternetin keyfiyyəti problem olsa da, Yerevan universitetinin müəllimi Xaçik Qevirkyanın fikrincə, tələbələrin İnternetdən məlumat almaları üçün maneə yoxdur. Buna baxmayaraq, müxtəlif kurslarda keçirdiyi sorğuya əsasən, qrupdakı 30 tələbədən adətən 5-i elektron poçtdan istifadə edir.

«Tələbələrin kompüteri yoxdur deyə, internetə çıxışı yoxdur» fikri xeyli şişirdilib. Düzdür, elə tələbələr var kompüteri və elektron dünyaya daxil olmaq imkanı yoxdur. Ancaq tələbələrin əksəriyyəti mobil telefonlarından internetə qoşulur, sosial saytlardan, əsasən də «odnoklassniki»dən istifadə edir. Bu, əlbəttə, kədərləndirir».

Ermənistanda İnternet istifadəçilərinin çox az hissəsi informasiya saytlarından istifadə edir.

«Internews» ictimai təşkilatının saytının redaktoru Qexam Vardanyan deyir ki, ölkənin İnternet məkanında nəzarət və senzura yoxdur:

«Mən təzyiq hiss etmirəm. Bu sahədə senzura və təzyiqdən danışsaq, bu hal bircə dəfə - 2008-ci ildə mart 1-dən 20-nə kimi müşahidə olunub. Həmin müddətdə saytların fəaliyyəti dayandırılmış, Ermənistandan bəzi saytlara giriş məhdudlaşdırılmışdı. Hətta «Youtube»a giriş bağlanmışdı. Ancaq bu 20 gündə də insanlara təzyiq olmayıb. Bəziləri fövqəladə vəziyyətdə belə məlumat yerləşdirməkdə davam edirdi, ancaq hökumət onları məsuliyyətə cəlb etmədi».

2008-ci il martın 1-də Ermənistanda keçirilən prezident seçkisindən narazı qalan müxalifət paytaxtda mitinq keçirmişdi. Hüquq mühafizə orqanları ilə toqquşmada 10 nəfər ölmüşdür.

Qexam Vardanyan deyir ki, Ermənistan əhalisinin əksəriyyəti məlumatı hələ də televiziya və qəzetdən alır, İnternetdən yox. İnternet istifadəçilərinin çoxu isə xəbər yox, sosial şəbəkələrə üstünlük verir:

«Bu gün çox maraqlı tendensiya müşahidə olunur –çoxları evlərində İnterneti sadəcə «Skype» üçün istifadə edir. Böyük diasporumuz var və yaxınlarla danışmaq, onları eşitmək və görmək üçün evdə İnternetin olması çox münasibdir.
XS
SM
MD
LG