Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:42

Fevralın 13-də Bakı vaxtilə səhər 6-da Vankuverdə başlanacaq qiş olumpiadası ərəfəsində 30 idmançını qadağan olunmuş preparatlardan istifadə etdikləri üçün yarışlardan kənarlaşdırıblar.

Bu haqda Beynəlxalq Olimpiya Komitəsi bildirib.

Bunlar əsasən biatlon və uzun məsafələrə xizək sürmə yarışlarında çıxış edən idmançılardır.

Sözügedən qadağan edilmiş preparatlar idmançıların qan-damar sistemini və əzələlərini daha dözümlü edir, bununla da haqsız rəqabət yaradır.

AZƏRBAYCANI İKİ ƏCNƏBİ İDMANÇI TƏMSİL EDİR

Kanadadakı olimpiadada 80 ölkəni təmsil edən 2700-ə yaxın idmançı iştirak edəcək.

Azərbaycanı yenə də iki əcnəbi idmançı - isveçrəli Sedrik Notz və italiyalı Qaya Bassani təmsil edəcək. Olimpiyaçıların hər ikisi slalom – dağ xizək yarışmalarına qatılacaq.

Ümumilikdə 15 idman növü üzrə yarışmalar keçiriləcək.

Təşkilatçılar ümid edirlər ki, dopinqə görə yarışlardan kənarlaşdırılma cəzaları – olimpiadalardan sonra baş verən və qaliblərin medallardan məhrum edilməsi ilə nəticələnən qalmaqalları azaldacaq.

Hələ ki, cəzalandırılan idmançıların və təmsil etdikləri ölkələrin adları açıqlanmayıb. Təşkilatçılar bununla həmin idmançılara şikayət üçün bütün instansiyaları keçmək şəraiti yaradıblar.

Rusiya olimpiaçılarına kilsədə xeyir-dua verilir. 28 yanvar 2010

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq deyib ki, keçən il rus idmançılarının 11 qış idman növündə dopinqdən istifadə etməsi ilə bağlı məsələni Rusiya prezidenti Dmitri Medvedev və Rusiyanın idman naziri ilə də müzakirə edib.

"Dopinqdən istifadə hallarının çoxluğundan narahatıq.

Mən Rusiyanın idman naziri Vitali Mutko ilə görüşdüm.

Ona narahatlığımı çatdırdım, o söz verdi ki, vəziyyəti düzəltmək üçün imkanı daxilində hər şeyi edəcək.

Rusiya prezidenti Medvedevlə də görüşdüm. Mən dopinqlə bağlı qaydaların sərtləşdirilməsində təkid etdim. O vəd etdi ki, bunu edəcək və ondan sonra bəyanatlarında bununla bağlı çox açıq danışdı".

Olimpiadadan qabaq rusiyalı xokkeyçi Svetlana Terentyevaya xəbərdarlıq edilib, amma o yarışlardan uzaqlaşdırılmayıb.

ANTİ-DOPİNQ METODLARI TƏKMİLLƏŞİR

Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Tomas Bax deyib ki, Terentyevanın orqanizmində yüngül stimulyatorun izləri tapılıb. Həmin preparat yarışlardan kənarda qadağan edilməyib.

Terentyeva deyir ki, yanvarda soyuqdəymə zamanı “Rinofluimutsil” dərmanından həkimin yazdığı resept əsasında istifadə edib. Qadağan edilən maddə də həmin dərmanın tərkibində olub.

Əgər xokkeyçi həmin dərmandan olimpiada zamanı istifadə etsəydi, dərhal yarışlardan kənarlaşdırılardı.

Vankuver şəhəri

Jak Roq deyib ki, rus idmançılarıyla bağlı bu hallar həm də ona görə narahatlıq doğurur ki, növbəti qış olimpiadası – 2014-cü ildə Soçidə keçiriləcək.

Olimpiadanın davam edəcəyi iki həftə ərzində minlərlə dopinq testi keçiriləcək.

Dünya Anti-Dopinq Agentliyinin rəhbəri Con Feyhi deyib ki, texnika o qədər inkişaf edib ki, dopinq fırıldaqlarının üstünün açılmaması çox çətindir.

"Biz yeni metodlardan istifadə edirik, indiki imkanlarımız bir il əvvəlkindən daha yaxşıdır. Amma biz işimizi təkmilləşdirməkdə davam edəcəyik".

Qış idman növlərində ən güclü ölkələr Almaniya, ABŞ, Rusiya, Avstriya və Kanada sayılır və medalların çoxunu da elə onların qazanacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG