Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Yevlax məktəblərində nə baş verir?


Georgia -- Lesson in School No 51 in Tbilisi, undated
Georgia -- Lesson in School No 51 in Tbilisi, undated
«Salam! Mən bu məktubu Yevlax rayonundan yazıram. Orta məktəbdə müəllim işləyirəm.

Şikayətimizi, dərdimizi sizin radioyaya yazmaqdan başqa çarəmiz qalmayıb. Yevlax rayonunda məmur özbaşınalığı öz pik səviyyəsinə çatıb. Bir ay bundan əvvəl Respublika Maliyyə Nazirliyinin əməkdaşları rayonun təhsil və tibb müəssisələrində yoxlama apardılar. Onlar yoxlamanı qurtarıb Bakıya qayıdan kimi rayon məmurları sözün əsl mənasında müəllim və tibb işçilərinə zülm edirlər. Hər bir müəllim və tibb işçisinin halal əmək haqqından 70 faizini əllərindən alırlar. İş o yerə çatıb ki, məktəblərdə işləyən xadimənin də 80 manat əmək haqqını əlindən alıblar.

Söhbət milyon manatlardan gedir. Bütün bu işlərin başında rayon rəhbərliyi , o cümlədən rayon İcra Hakimiyyəti dayanır. Etiraz səsini qaldıranı, sözünü demək istəyəni həbs etməklə hədələyirlər»

Yevlax rayonunun şəhər və kənd orta məktəblərindən AzadliqRadiosuna bir neçə belə müraciət gəlib. Rayonun kəndlərindən birindən bizə müraciət edən və adının çəkilməsini istəməyən gənc xanımın dediyinə görə, onun müəllim işləyən valideynlərinin və yaxın qohumlarının maaşlarından 70 faizə yaxın pul tutulur:

HƏTTA XADİMƏLƏRİN MAAŞLARININ 70 FAİZİ TUTULUR

«Ən yaxın qohumlarım, valideynlərim müəllim işləyirlər, mən onlardan çox xahiş etsəm də, sizə müraciət etmək istəmədilər. Maaşların 70 faizini müəllimlərdən alırlar. Kartlara nəzarət edirlər. Hətta xadimələrin maaşlarının 70 faizi tutulur. Təkcə bizim kənd məktəbinə qoyulan plan 6 min manat idi».

Müəllimlərin maaşlarından pul tutulmaları ilə bağlı şikayətlər təkcə Yevlax rayonundan deyil. Zaqataladan AzadlıqRadiosuna müraciət edən müəllimlər də bildiriblər ki, rayona gələn yoxlamalardan sonra hər müəllimin maaşından 50 manat pul tutulub.

Yevlax rayonunun məktəbləri isə deyilənləri təkzib edirlər. 2 saylı orta məktəbin direktoru Mirismayıl Seyidov yazılanların həqiqət olmadığını bildirir:

GƏTİRİN «QURAN»A DA AND İÇİM

«Özüm seyidəm, özüm də 1993-cü ildə ziyarətdə də olmuşam. 40 ildən də çoxdur müəllim işləyirəm. Gətirin «Quran»a da and içim, əgər bizim müəllimlərin və ya mənim ağzımdan belə bir şey çıxıbsa və ya bizim məktəbdə belə bir şey olubsa. Müəllimlik bir yana dursun, seyid kimi niyə yalan danışım, Allah mənə cəza verə bilər. Əgər bizim məktəbdə varsa, mənim cəzamı versinlər, mən hazıram».

Yevlax şəhər 3 saylı orta məktəbin direktoru Nüşabə Hacıyeva isə deyir ki, Maliyyə Nazirliyinin yoxlamaları zamanı bəzi qanun pozuntuları üzə çıxıb. Onun sözlərinə görə, həmin yoxlamalarda fəaliyyətində nöqsanlar olan müəllimlərin maaşlarında müəyyən azalmalar olub və ola bilsin ki, elə müraciət edənlər də həmin müəllimlərdir.

Nüşabə Hacıyeva deyir ki, misal üçün xəstə uşaqlara dərs deməli olan müəllim iki saatlıq dərs yükünə görə maaşını alıb, amma yoxlamalar zamanı üzə çıxıb ki, həmin müəllim dərslərə getməyib, amma maaşı alıb. Sentyabrdan yanvara qədər iki saatlıq həmin dərsə görə, bəzi müəllimlər aldıqları 300-500 manatı geri - büdcəyə qaytarmalıdırlar.

Nüşabə Hacıyeva deyir ki, yoxlamalar nəticəsində belə məsələlər üzə çıxıb, bunu da bəzi müəllimlər onlardan pul yığılması kimi başa düşürlər. Məktəb direktoru hesab edir ki, elə mətbuata müraciət edən də həmin müəllimlər ola bilər:

«Birinin maaşında misal üçün bu ay 75 manat kəsir var. Gəlir mənim üstümə, mühasibin üstünə, deyir ki, niyə mənim maaşımda 75 manat azdır. Deyirik ki, bölünən dərsdə nöqsan olub, mənim də direktor kimi burda nəzarətim zəif olub. Biri bu gün gəlib yanıma deyir ki, niyə mənim 4 saatım tutulub. Mən də, mühasib də başa salır ki, sənin jurnalın doğru-düzgün yazılmayıb, vaxtında dərsə getməmisən, valideyn səndən şikayət edib. Buna görə də sənin bu saatın kəsilib. Bu, qanunu məsələdir».

PUL TUTULMALARI YOXLAMALAR ZAMANI ÜZƏ ÇIXAN NÖQSANLARLA BAĞLIDIR


Rayon Təhsil Şöbəsinin müdiri Raquf Mirzəyev Maliyyə Nazirliyinin yoxlamaları zamanı orta məktəblərdə müəyyən çatışmazlıqların üzə çıxdığını və müəllimlərdən pul tutulmalarını təsdiqləyir. Amma deyir ki, bu pul tutulmaları yoxlamalar zamanı üzə çıxan nöqsanlarla bağlıdır:

«Tutaq ki, stavkası mühasiblikdə səhv hesablanıb. Misal üçün 13-cü dərəcə ilə getməlidir, 14-cü dərəcə ilə gedib və bir neçə ay 10 manat neçə qəpik artıq alıb. İndi onu geri qaytarıb ödəməlidir. Bunu da ödəyir banka, burda başqa bir şey olmayıb. Belə şeylər olur, xırda-para».

Yevlax rayon İcra Hakimiyyəti isə müəllimlərdən, səhiyyə işçilərindən pul yığılmasını və bu məsələdə adlarının hallandırılmasıyla razılaşmır. Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Hümbət Əhmədov da müəllimlərin maaşlarından pul tutulmasının Maliyyə Nazirliyinin yoxlamaları zamanı üzə çıxan qanunsuzluqlarla bağlı olduğunu deyir:

«Mənim yoldaşım, qızım və gəlinim də müəllimdir, 5 nömrəli məktəbdə işləyirlər. Elə olsa o mənim də ailə büdcəmə ziyandır. Məmuram, ayda 340 manat maaş alıram. Maliyyə Nazirliyinin yoxlamaları zamanı üzə çıxan pozuntularla bağlı pul tutulmaları olub, o da banka köçürülüb».

«BÜTÜN MƏKTƏBLƏRDƏN PUL YIĞILIR, ÖZÜ DƏ YÜKSƏK FAİZLƏ»

Xalq Cəbhəsi Partiyasının Yevlax rayon təşkilatının sədri Şəkər İsgəndərli isə rayonda büdcə təşkilatlarında çalışanların hamısının maaşlarından pul tutulmasının adi bir hal olduğunu deyir:

«Bütün məktəblərdən pul yığılır, özü də yüksək faizlə. Dünən bir müəllim zəng eləmişdi, deyir 240 manat maaş alıram, onun 200 manatını əlimdən alıblar. Verməyəndə hədələyirlər, qorxudurlar, işdən çıxarmaq məsələsini qoyurlar».

Şəkər İsgəndərli deyir ki, müəllim və tibb işçilərindən pul tələb edən direktorlar seçki saxtakarlıqlarına yol verənlərdir. Seçkini necə saxtalaşdırıblarsa, pulu da elə yığırlar və sonra da təkzib edirlər.

Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyir ki, o məktəblərdə müəllimlərin maaşlarından hansısa faiz pul tutulmasına inanmır. Şöbə müdiri deyir ki, əgər elə bir müəllim varsa, çıxsın ortalığa və açıq şəkildə ondan pul alınmasını desin.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG