Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:52

Yüzdən yuxarı zəvvar Astara keçid məntəqəsində qalıb


Yüzdən yuxarı zəvvar Astara keçid məntəqəsində qalıb

Yüzdən yuxarı zəvvar Astara keçid məntəqəsində qalıb

İranın Məşhəd şəhərinə ziyarətə getmək istəyən yüzdən yuxarı zəvvar Astara keçid məntəqəsində qalıb. Zəvvarlar və sərhədi keçə bilməyən digər adamlar fevralın 9-da Astara rayon İcra Hakimiyyəti aparatına yürüş ediblər. Aksiya iştirakçıları AzadlıqRadiosuna deyiblər ki, Astara rayon İcra Hakimiyyəti aparatında onları heç kim qəbul etməyib.

Lənkəran rayon sakini Şahbaz Şükürov deyir ki, Məşhəd şəhərinə ziyarətə getmək istəyir. Bütün sənədləri düz olsa da sərhədi keçə bilmir:

«HƏM AZƏRBAYCAN HƏM DƏ İRAN TƏRƏFİ BİZİ İNCİDİR»

«Bizi ziyarətə buraxmamaq üçün müxtəlif bəhanələr gətirirlər. Azərbaycan tərəfi keçməyə icazə verəndə İran tərəfi bəhanə gətirir. Gündən-günə sərhəd qapısının qarşısında toplaşanları sayı artır. Hazırda burada min nəfərə yaxın adam var. Səhər dedilər ki, kompyuter xarabdır. Gözlədik. Sonra dedilər ki, tibbi arayışı olmayanları İran tərəfi buraxmır. İranın naziri demişdi ki, arayış lazım olmayacaq. Həm Azərbaycan həm də İran tərəfi bizi incidir».

Astara şəhər sakini Rufulla Axundov da ziyarətə getmək istədiyini söylədi:

«ZİYARƏTƏ GETMƏK İSTƏYƏN BİR YAŞLI QADININ ÜRƏYİ GETDİ»

«İran viza rejimini birtərəfli qaydada ləğv etdikdən sonra sərhəddə qeyri-müəyyən vəziyyət yaranıb. On gündür ki, bura gəlirik. Hər dəfə də bir söz deyirlər. Bir neçə dəfə yerli icra hakimiyyətinin inzibati binasına yürüş etmişik. Astara keçid məntəqəsinin önündə sahibsizlik var. Ziyarətə getmək istəyən bir yaşlı qadının ürəyi getdi. Desələr ki, keçid bağlanıb, adamlar dağılışarlar».

Astaranın Qum məscidindən bildirdilər ki, əvvəllər Məşhəd şəhərinə ziyarətə gedənlər qeydə alınırdılar, vətəndaşlar qrup şəklində ziyarətə göndərilirdi. İran viza rejimini birtərəfli qaydada ləğv etdikdən sonra daha buna ehtiyac qalmayıb. Ancaq fərdi ziyarət daha çox vaxt problem yaradır.

Astara rayon İcra Hakimiyyətinin birinci müavini Məzahim Hüseynov isə AzadlıqRadiosuna bildirib ki, zəvvarların yürüş etməsinə ehtiyac yoxdur. Çünki yerli icra orqanları gömrüyün və sərhədçilərin işinə qarışa bilməzlər. Onun sözlərinə görə, bu barədə icra hakimiyyəti aparatında müzakirələr olub:

«BU, BİZDƏN ASILI DEYİL»

«Biz də istəyirik ki, sərhəddə işlər qaydasına düşsün. Bu, bizdən asılı deyil».

İran tərəfi 2010-cu il fevralın 1-dən Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. İlk günlərdə İran tərəfi azərbaycanlılardan xarici pasportla yanaşı tibbi arayış da tələb edirdi. Sonradan arayış da ləğv olundu. Viza ləğv edilməmişdən əvvəl həftə ərzində Astara keçid məntəqəsindən minə yaxın azərbaycanlı o taya gedirdi. Eyni zamanda İrandan Azərbaycana gəlirdilər. Məşhəd şəhərinə ziyarətə gedənlər üçün şərait yaradılırdı. Viza rejiminin ləğvindən sonrasa gündə İrana yüz nəfərə yaxın adam buraxılır. İndi İran tərəfi keçiddən piyada istifadə edən azərbaycanlılardan tələb edir ki, 3 kiloqramdan artıq yük aparmasınlar. Lakin iranlılar qarşısında belə bir tələb qoyulmur.

İRAN VİZA REJİMİNİ LƏĞV EDİB, DİGƏR TƏRƏFDƏN ŞƏRTLƏR QOYUR»

İş adamı Baldadaş Nəzərov deyir ki, İranda ərzaq məhsullarının qiymətləri ilə Azərbaycanda satılan ərzaq məhsullarının qiymətləri arasında ciddi fərq yoxdur. Elə ərzaq məhsulu var ki, İranda bahadır. Kənd təsərrüfatı məhsullarının qiymətlərində isə az fərq var:

«Belə olduqda İran nə üçün narahatdır? Kimsə 1-2 kiloqram banan alır, bu olan işdir. İran onu da qoymur. İran viza rejimini ləğv edib, digər tərəfdən şərtlər qoyur».

Astara gömrük idarəsindən məsələ ilə bağlı münasibət öyrənə bilmədik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG