Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:05

Qapalı cəmiyyətə doğru…


Azər Ayxan (sağda) məhkəmə binasının qarşısında, 10 fevral 2010

«Mən də, vəkilim də, digər media mütəxəssisləri də iddia edirik və sübut eləməyə hazırıq ki, məhkəmə predmeti olan məqalədə şərəf və ləyaqətə toxunan nəinki cümlə, söz belə yoxdur…»

Bunu fevralın 10-da məhkəmə qarşısına çıxan «Yeni Müsavat» qəzetinin baş redaktor müavini Azər Ayxan deyir. Onu prezident İlham Əliyevin əmisi Cəlal Əliyev «Yeni Müsavat» qəzetində yanvarın 5-də dərc olunan «Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı», «Bakı» mehmanxanası Cəlal Əliyevin imiş» başlıqlı məqaləyə görə məhkəməyə verib. Cəlal Əliyev iddia edir ki, məqalədə ona böhtan atılıb, şərəf və ləyaqəti təhqir olunub. Ona görə də jurnalistin həbs olunmasını istəyir.

SÖZ AZADLIĞINA YENİ ÇƏRÇİVƏ

Neçə vaxtdır ki, ATƏT, Avropa Şurası da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın Cinayət Məcəlləsindən diffamasiya ilə bağlı maddənin götürülməsini tələb edirlər. Ancaq Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, cəmiyyət buna hazır deyil.

Hüquq müdafiəçiləri deyirlər ki, söz və ifadə azadlığına yeni məhdudiyyət gözlənilir. Fevralın 12-də parlamentin iclasına «Kütləvi informasiya vasitələri» haqqında, «Məlumat azadlığı haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında», «İnformasiya əldə etmək» haqqında qanunlara əlavə və dəyişikliklər çıxarılacaq. Nəzərdə tutulan dəyişikliklərə görə, «KİV haqqında» qanunun 60-cı maddəsinə belə bir əlavə edilir:

«Əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilməsi, video və foto çəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur».

«Bu çox antidemokratik dəyişiklik olacaq. Bununla təkcə jurnalistlərin yox, vətəndaşların, turistlərin də imkanları məhdudlaşdırılacaq.
Arzu Abdullayeva
Hələ bunun altını çox çəkəcəyik».

«BU, AVROPA KONVENSİYASINA ZİDDİR»

İfadə Azadlığı Komitəsinin rəhbəri Arzu Abdullayeva bildirir ki, təklif edilmiş düzəlişlər ölkə Konstitusiyasına və İnsan Haqları üzrə Avropa Konvesiyasına ziddir. Bu düzəlişlər qəbul edilərsə, jurnalist fəaliyyəti yalnız könüllü verilən məlumatları toplamaq və yaymaqla məhdudlaşdırır. Nəticədə cəmiyyəti informasiya ilə təmin etmək funksiyasını yerinə yetirməkdə mətbuatın fəaliyyətinə ciddi əngələ çevrilir, vətəndaşların dolğun informasiya almaq hüququnu məhdudlaşdırır.

Millət vəkili İqbal Ağazadə müzakirələrdə bu təklifə qarşı çıxacağını bildirir:

«Jurnalist məmurlar, ictimai-siyasi xadimlər, hətta partiya rəhbəri, sıravi vətəndaşla rast gəldiyi məsələylə bağlı hər hansı bir məlumatı cəmiyyət üçün önəmli olan, hətta cinayət xarakterli əməli belə müstəqil şəkildə ictimaiyyətə təqdim edə bilməyəcək. Onun üçün həmin vətəndaşdan izn almalı olacaq, buna izn verilməyəcək. Bu da mahiyyət etibarilə qapalı cəmiyyət yaranmasına gətirib çıxaracaq».

PARLAMENT DƏ BƏYƏNİR

Ötən həftə bu sənədi parlamentin hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları komitələri təqdir edib. Millət vəkili Fəzail Ağamalı sənədin lehinədir. O deyir ki, ifadə azadlığının məhdudlaşdırılacağını deyənlər yanlış düşünür:

«Burda jurnalistlərin hüquqlarının məhdudlaşdırılmasından söhbət gedə bilməz. Jurnalistlər də daxil olmaqla bütün vətəndaşların məlumat toplamaq azadlığı təmin edilib. Bununla yanaşı insanların şəxsi həyatına müdaxilə etmək olmaz. Hər kəsin səsinin yazılmasına, videosunun, şəklinin çəkilməsinə razılığı olmalıdır. Söhbət bundan gedir».

Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov isə deyir ki, bu dəyişikliklərin qəbul olunmasından sonra Azərbaycan cəmiyyəti daha qapalı cəmiyyətə çevriləcək.
Müzəffər Baxışov
Bu da demokratik cəmiyyətin prinsiplərinin pozulmasına gətirib çıxaracaq:

MƏMURLARA SUİ-İSTİFADƏ ŞANSI?

«Kütləvi informasiya vasitələrində çalışan şəxslər vasitəsi ilə əldə etdiyimiz informasiyalara çıxış imkanlarımız məhdudlaşacaq. Qanunda bu müddəaların təsbit edilməsi ilə KİV-də çalışanlarla dövlət orqanlarında çalışan vəzifəli şəxslər arasında münaqişələr daha da artacaq. Özünün qanunsuz hərəkətlərini ört-basdır etmək istəyən vəzifəli şəxslər həmin qanunun müddəalarından sui-istifadə edərək jurnalistləri məhkəmələrə cəlb edəcəklər. Bu da müstəqil məhkəmə sisteminin olmadığı Azərbaycanda jurnalistləri hüquqlarının pozulmasına gətirib çıxaracaq. Son nəticədə cəmiyyət dürüst informasiya əldə etmək hüququndan məhrum olacaq. Gözüqıpıq və qapalı cəmiyyət formalaşacaq».

Hazırda Azərbaycanda iki qəzet redaktoru həbsdədir. Azadlıq qəzetinin xuliqanlıq ittihamıyla həbs olunmuş baş redaktoru Qənimət Zahid fevralın 10-da həbsxanada 47 yaşını qeyd edir. Eynulla Fətullayev isə terroru qızışdırma və vergidən yayınma ittihamıyla həbsdədir. Hər iki jurnalist yazılarına görə həbs olunduğunu deyir.

Şərhləri göstər

XS
SM
MD
LG