Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:24

Ən yaxşı gənc yazarların ayda neçə kitabı satılır?


Çap evi nəşriyyatı «ən yeni ədəbiyyat seriyası» adı ilə başladığı kitab çapı layihəsində əsərləri çap olunan ilk yazarlardan biri, Pərviz Cəbrayılla söhbət.

«YAZARIN İNQİLABİ BORCU YAXŞI YAZMAQDIR»

- Pərviz bəy, artıq sizin kitabınız çıxıb. Yəni romanlarınız çap olundu. Bundan sonra yazar üçün hansı vəziyyət yaranır?

- Bu böyük bir mərhələdir. Kitabın çapı, həm də müəllifin üzərinə bir başa maddi gücün düşməməsi şərtilə, bu çox yaxşı bir nəticədir. Ancaq əlbəttə ki, kitab çapı özü də böyük bir prosesdən sonra gələn mərhələdir. Bu baxımdan Şahbaz Xuduoğlunun (çap evinin direktoru İ.R.) başladığı bu iş sovetlər dönəmindən sonra Azərbabaycan kitabçılığında ən böyük addımdır.

- Çap olunmaq üçün, yəni o dediyiniz maddi yükdən azad edilməkdən ötrü yazar də nəsə etməlidir. Məsələn siz, haqqında danışılan həmin o «Yad dildə» və «Öləngi»romanlarınızın çapı üçün nə etməli oldunuz?

- Aydındı. Yazarın, mənə elə gəlir ki, «inqilabi borcu yaxşı yazmaqdır». Və təbii ki, seriyadan da göründüyü kimi hazırda yazan çoxdur. Amma hamı düşməyib ora.

- Deməli…

- Deməli Şahbaz Xuduoğlunun həmin layihəsinə daxil edilmək üçün yazar indiyəqədərki yazılarında, kitablarında nəsə ortaya qoymalı idi. Dediyim o yaxşı yazmaq borcunun öhdəsindən biz necə gəlmişik, onu əlbəttə kitabdan anlayanlar söyləyəcək. Amma özümüz də hər halda bilirik ki, kitabımız necədir.

YAZAR TİCARƏTLƏ MƏŞĞUL OLMAMALIDIR

- Kitabınız barədə məlumatın yayılması sizə hansısa formada –deyək ki, satışın həcmində, münasibət, yaxud müraciət və sair şəkildə özünü hiss elətdirir ya yox?

- Mən əlbəttə aldığım məktublardan bilirəm ki, kitabım necə satılır. Bunu yolum düşən dükanlardan soruşmaqla da müəyyən etmək olur. Eləcə də dostlar, tanışlar, tanımadığın adamlar səviyyəsində məlumatlar eşidirsən, bu da bir vasitədir. Bunlandan başqa Şahbaz bəyin nəşriyyatı özü satışla məşğuldur. Onlar da yarım aylıq hesabatlar alarlar. Həmçinin o hesabatlar əsasında da vəziyətin nə yerdə olduğu müəyyənləşir.

-İndiyə olan vəziyyət nə yerdədir?

- Sözün açığı satış yaxşı gedir. Düzünü deyim ki, Azərbaycan üçün mən bu nəticəni gözləmirdim. Nəşriyyatın kommersiya sirri ola biləcəyini nəzərə alıb konkret rəqəm demək istəməzdim. Amma bir şey deyə bilərəm ki, məsələn 1 ay ərzində Türkiyədə Orxan Pamukun 40 min, Azərbaycanda isə bir yazarın 100 kitabı satılırsa, bu 100 nüsxə o 40 minə bərabərdir.

-Sizcə yazar öz kitabının reklamı ilə məşğul olmalıdır?

- Məncə bu işlə –yəni reklam işinin qurulması ilə kitabı çap edən nəşriyyat məşğul olmalıdır. Çünki kitabçılıq da bir növ ticarətdir. Amma yazar ticarət adamı deyil və bu işlə məşğul ola bilməz. Bu onun üçün əlavə enerji, fikir itkisi və sairdir. Mən çox istərdim ki, bu gün Azərbaycan kitabçılığında həm oxucu, həm də kitab evləri sarıdan sərmayələr xarici ədəbiyyata yox, Azərbaycan ədəbiyyatına qoyulsun. Heç olmasa hər bir oxucuya Azərbaycan yazarının bir kitabını aldırmaq lazımdır. Deyək ki, o 5 manatla oxucu müflisləşməyəcək. Amam əvəzində kitabını aldığı yazarın növbəti əsərlərinə münasibəti müəyyənləşəcək.

ARTIQ NAŞİRLƏR DƏRK ETMƏYƏ BAŞLAYIBLAR Kİ….

- Bax indi sizin bir kitabınıza deyək ki, artıq həmin o 5 manat verilb. Yəni «Yad dildə» romanınız haqqında dolaşan və bizə də gəlib çatan informasiyalar sizin növbəti kitabınız olacaqsa, ona münasibət formalaşdıra bilir?

- Bu günlərdə naşirlərdən biri məni kənara çağırıb növbəti romanımın çapını onun nəşriyyatı vasitəsilə gerçəkləşdirməmi istədiyini bildirdi. Və xahiş etdi ki, bu işi başqa nəşriyyata həvalə etməyim.

- Bu artıq göstəricidir.

- Bu onun da göstəricidir ki, Azərbaycanda artıq nəşriyyatın öz hesabına kitab çap eləməsi və həm də ondan normal qaydada gəlir götürməsi işi relsə düşür.
Artıq naşirlər dərk etməyə başlayırlar ki, kitabı yazıçının hesabına çap edib deyək ki, 50 manat qazanmaqdansa, öz hesablarına bu işi görüb – yəni artıq pul qoyub deyək ki, 500 manat götürə bilərlər.

- Əvvəllər söhbət kitab çap etdirmək problemindən gedirdi. İndi artıq satışdan və nəşriyyatın yazara təklifindən danışırıq. Deməli artıq proses başlayıb. İndi yəqin ki, nədən yazmalı məsələsi aktuallaşır. Sizcə nədən yazmaq lazımdır?

- Əvvəla sifariş toplumdan deyil ilk növbədə yazarın içindən gəlir. Düzdü yazarın içində sifarişin formalaşmasına günün sosial, ictimai, siyasi reallıqları da təsir edir. Ancaq necə yazmaq sırf içəridə gedən prosesdir.

- Hər halda içəridən gələn sifariş səmərəli olmalıdır ki, çöldə nəticə versin.

- Hər halda bizim də yazarlar dünyada gedən proseslərin yönümünü nəzərə almalıdırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG