Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:37

Dahi rus şairi Aleksandr Puşkinin dueldə ölümcül yaralanandan sonra can verdiyi divan tapılıb.

Bu barədə “Interfaks” agentliyi Leninqrad vilayətinin məhkəmə ekspertizası bürosunun rəis müavini Yuri Molinə istinadla məlumat yayıb.

Tapıntı şairin Sankt Peterburqda - Moyka çayı sahilində yerləşən ev-muzeyinin əməkdaşlarının xidmətidir.

Onların istəyilə məhkəmə ekspertizası mənzildəki divan üzərindəki qan ləkələrinin dahi şairə aid olub-olmadığını yoxlayıb.

Məlum olub ki, həmin ləkələrdəki qanla şairin yaralanan zaman əynində olmuş jiletindəki qan eyni qrupdandır.

Bundan başqa divandakı qanla şairin hazırda ev-muzeyində saxlanan baş tükləri eyni morfoloji əlamətlərə malikdir.

Divandakı qan izlərinin şairin bədənindəki yaraların yerinə uyğun gəlməsi də aydınlaşıb.

“Biz yaşı və bədən quruluşu Puşkinə uyğun olan bir həkimimizdən analoji divana uzanmasını xahiş etdik və bu bizim gümanlarımızı bir daha təsdiq etdi” – deyə Molin bildirib.

Sözügedən divan uzun müddət Dövlət Ermitajında saxlanıb, onu 1937-ci ildə ev-muzeyinə veriblər.

Amma divanın Puşkin ailəsinə məxsusluğu və şairin Moykadakı evindəki inventara aid olması ilə bağlı uzun zaman idi ki şübhələr vardı.

Məhkəmə ekspertizasının qərarı fevralın 8-də - Puşkinlə Dantesin duelinin ildönümü günü keçirilən konfransda açıqlanıb.

Aleksandr Puşkin (1799-1837) Moyka çayı sahilindəki mənzildə ömrünün son bir neçə ayını keçirib.

Danteslə duelə də həmin mənzildən gedib və ağır yaralı vəziyyətdə həmin mənzilə gətirilib. O fevralın 10-da öz kabinetində vəfat edib.

Həmçinin oxu

Jurnalistin türmə gündəliyi-4 (Kamerada buraxılan qəzet)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG