Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:43

Ukraynada inqilabçılar uduzdu, amma demokratiya qalib gəldi?


Viktor Yuşşenko və Yuliya Timoşenko, 29 yanvar 2010

Viktor Yuşşenko və Yuliya Timoşenko, 29 yanvar 2010

TİMOŞENKO TƏZƏDƏN SAYMAĞI TƏLƏB EDİR

Viktor Yanukoviçin partiyasını seçkini saxtalaşdırmaqda ittiham edən baş nazir Yuliya Timoşenkonun bloku ən azı bir neçə dairədə səsləri təzədən saymağı tələb edir.

Fevralın 7-də keçirilmiş prezident seçkisinin rəsmi elan edilən ilkin nəticələrə görə, Yanukoviç 49 faizə yaxın, Timoşenko isə 3 faiz az – 46 faizə yaxın səs toplayıb.

Timoşenkonun tərəfdarları ən azı bir milyon bülletenin saxtalaşdırıldığını deyir, Yanukoviçin tərəfdarları saxtalaşdırma ittihamlarını rədd edirlər.

Amma Timoşenkonun bu çək-çevirlə seçkinin yekun nəticələrinə hansısa təsir edəcəyi indi kiməsə ağlabatan görünmür. Uzağı bununla o, yeni prezidentin and içərək işə başlaması prosesini ləngidə bilər. Qanuna görə, nəticələr rəsmən elan ediləndən sonrakı ən geci 30 gün ərzində yeni prezident and içməlidir.

«NARINCI İNQİLAB»IN PREZİDENTİ VƏ BAŞ NAZİRİ GETDİ, NƏ QALDI?


Necə olsa da son altı ildə Ukraynada Qərb-Rusiya rəqabətinin simvolları kimi anılan «narıncı inqilab» tərəfdarları artıq Rusiya tərəfdarına uduzdu.
Amma təhlilçilər belə qənaətdədirlər ki, bununla da keçmiş sovet məkanında «narıncı inqilab»la gəlmiş dəyərlərinin öldüyünü demək hələ tezdir.

Boris Nemtsov
Rusiya müxalifətinin lideri Boris Nemtsov AzadlıqRadiosunun müxbirinə deyib ki, «Narıncı inqilab»ın Ukraynaya gətirdiyi dəyərlər indi prezidentin və baş nazirin məğlubiyyəti faktından daha qiymətlidir:

«Biz Ukraynada seçki prosesinin necə keçdiyinə qibtə edə bilərik. Biz onlarda olan söz azadlığına qibtə edə bilərik. Putin üsullu kütləvi saxtalaşdırmadan fərqli olaraq, rəqabətlə keçən seçkilərinə qibtə edə bilərik. Bunlar Ukrayna üçün fundamental uğurlardır. Bunlar «Narıncı inqilab»ın nəticələridir və artıq heç kim onları dəyişdirə bilməz».

Gürcüstanda siyasi təhlilçi Soso Tsiskarişvili də hesab edir ki, Ukraynada baş verənlərdən birinci nəticəni prezident Mixeil Saakaşvili çıxarmalıdır. Anlamalıdır ki, demokratik prinsiplərdən kənara çıxmaq olmaz.

Amma Rusiyada bəzi təhlilçilər hesab edirlər ki, ola bilsin, Yanukoviçin qələbəsi ilə uzun illər ərzində Ukraynada demokratiya təcrübələrinə də son qoyulur.

DAHA İNQİLAB OLMAYACAQ?


Bəs, Ukrayna təcrübəsinin keçmiş sovet respublikalarında demokratik proseslərə təsiri necə ola bilər?

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Pifer hesab edir ki, bu ölkənin seçki sisteminin necə təkmilləşdiyi başqalarına da nümunə ola bilər:

Stiven Pifer
«Ümid edirik ki, Ukrayna keçirilmiş sonuncu prezident seçkisi bir model olacaq. Bu cür demokratik seçkinin başqa keçmiş sovet respublikalarında da keçirilməsini istəyirik».

İndi təhlilçilər Ukrayna xarici siyasətinin Moskvaya yönələcəyini gözləyirlər. Amma onlar həm də deyirlər ki, bu, Kiyevin maraqlarının büsbütün itirilməsi demək olmayacaq. Siyasi ekspertlər müxbirimizlə söhbətdə deyiblər ki, böyük ehtimalla Ukraynanın NATO-ya üzvlük cəhdləri dondurulacaq. Amma Kiyev Avropa Birliyinə üzvlük cəhdlərini davam etdirəcək.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Pifer:

«İndi Ukraynanın tamamilə üzünü Moskvaya çevirəcəyini düşünən ruslar əvvəl-axır məyus olacaqlar. Yəqin ki, Kiyevlə Moskva arasında daha az münaqişə olacaq. Amma Ukraynanın siyasi elitasında çox adam və əhalinin böyük bir qismi Ukraynanın Avropanın tam bir parçası olmasını istəyirlər».

Pifer və başqa təhlilçilər nümunə kimi Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın adını çəkirlər. Onlar deyirlər ki, 1994-2004-cü illərdə prezident olmuş və Moskvameylli siyasətçi kimi tanınan Kuçma sonradan ölkənin NATO üzvlüyünün təşəbbüskarı oldu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG