Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:56

Bakı göz yaşlarına inanmır! (Bakıya güzəran dalınca gələn, sonunda donub ölən iki fəhlənin ruhuna)


Sevda İsmayıllı

Sevda İsmayıllı

Bakı göz yaşlarına inanmır!

Hə, elə Moskva da.

Əslində, bütün böyük şəhərlər belədir. Üzü soyuq, amansız.

Ən çox da, yeni gələnə.

Ən çox da, bir parça çörək dalınca qaçana.

Ən çox da çarəsizə...

Amansızdır...Nə deyirsən-de, belədir.

Son qar Bakını lap hövsələdən çıxarıb.

Üzü bumbuzdur, bombozdur.

Bakı zülmətə qərq olub.

Qanı qapqaradır.

Bakı qatildir!

Son qarda bir evsiz-sərgərdana, elə çöldə gecələyənə məzar oldu.

İki sapsağlam fəhləni qoynunda dondurdu...

Onlar çarəsiz idilər. Əlacsız idilər. Bakıya bir parça çörək dalınca gəlmişdilər. Ən ağır işdən yapışmışdılar. Adam çox yorğun birini görəndə deyir: Elə bil daş daşıyıb. Onların orada nə iş gördüyünü bilməsəm də, təxmin edirəm. Daş karxanasında çalışırdılar. Bəlkə də, elə daş daşıyırdılar...

Həmin çovğunlu-qarlı gecədə evlərinə tərəf yola çıxmışdılar. İrəliləməyin mümkün olmadığını görüb, geri qayıtmağa məcbur oldular. İki nəfər qayıtmadı. Biri övladları üçün darıxdığını, o biri xəstəsi olduğu üçün rayona pul çatdırmalı olduğunu deyib yoluna davam etdi.

«Çənlibel» deyilən düzəngahda ikisi də dondu.

Böyük Bakı onları uddu.

Birinin 36, o birinin 40 yaşı var idi.

Birinin adı Şəhmir, o birininki Hüseyn idi.

Hələ bitmədi. Ən ürək sızladan nüansı indi deyirəm: donmuşların hərəsinin cibindən 50 manat pul çıxdı (Lent.Az).

Onlar gözü yolda qalmışlara cəmi 50 manat aparırdılar. Vur-tut, 50 manat...Ölümün qiyməti. O pula nə qədər dolanmaq olardı? Bir gün? İki gün? Üç gün?

50 manat üçün ölməyə dəyərdimi? 50 manat üçün Bakıya - bu amansız şəhərə gəlməyə, «Çənlibel»də donmağa dəyərdimi?

Biri ömrü boyu övladlarını gözü yolda qoydu.

O biri xəstəsinə pul çatdıra bilmədi.

İki ailənin gözündə Bakı lənətlənmiş şəhər olub qaldı.

«Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır!».

Fevralın 6-da bu sözlər söylənəndə, Şəhmirlə Hüseynin üstü qarla örtülmüş cəsədləri hələ təpəcikdə idi.

Onların donmuş cəsədini 3 gün sonra tapmaq mümkün oldu.

Yaxşı yaşayan birisi Balakəndən Bakıya 50 manat uğrunda gələrdimi?

Və ya bəlkə mən anlamıram, Azərbaycanda yaxşı yaşayanlar kimlərdir?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG