Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:08
Şair Qulu Ağsəs səsinə vurulan yaşlı qadınlardan, Şeytana uyanlardan, təvazökar olmağın ziyanından, intim duyğularından danışır.

“SƏSİ YERİNDƏ OLMAYAN” OĞLAN


…- Amma səsiniz radiofonikdir.

- 24-25 yaşım var idi. «Letuçka»da Qara Tağızadə dedi ki, təzə bir kişi gəlib, mən istəyirəm müəyyən mətnləri o oxusun.

Mövlud məni ayağa qaldırdı. Qara müəllim küsdü. Dedi Mövlud müəllim nədi, məni dolamısan? O bir kişi var ey, Qulu Ağsəs, mən onu deyirəm.

Mövlud dedi ki, budu də o. Mən ağzımı açıb danışan kimi Qara Tağızadə dedi ki, yox, ay bala, ya sənin səsin yerində deyil, ya da görkəmin…

- Dinləyicilərdən vurulanlar olurdu sizə?

- Çoxlu qadın məktub yazırdı, məni görüşə çağırırdılar. Mən də xoruzlanırdım ki, məni sevirlər. Sən demə yaşlı qadınlarmış. Əli Zeynalovu və digərlərini sevən qadınlar indii də mənə vurulublar.

- Səsə vurulmuşdular.

- Hə də, mən səsimlə neyniyə bilərəm ki. Mənim səsimin radioya, efirə düşməsi, Allahın işidir. Mənim orada heç bir rolum yoxdur.

Qulu Ağsəs «Ulduz» jurnalının baş redaktorunun müavini, Azərbaycan radiosunda «Çağdaş qələmlər» ədəbi proqramının aparıcısıdır.

Ədəbiyyatçılar onu öz yaşıdları arasında ən istedadlılardan biri hesab edirlər. «Altay Alp», «Şahmar Əkbərzadə» və «Rəsul Rza» ədəbiyyat mükafatları laureatı, bir neçə şer kitabının müəllifi, prezident təqaüdçüsüdür.

- Tanınmış adam olmaq yaxşıdı?

- İtalyan yazıçısı Dino Budsati deyir ki, «sən küçə ilə gedirsən. Kimsə səni görüb ayaq saxlayır və deyir, bu filankəsdir. Populyarlıq vur–tut bax budur». İnsanlar çox asan populyar ola bilərlər. Amma tanınmaq o demək deyil ki, adam hər şeyə layiq, ləyaqətli adamdır, yox. Ləyqətsiz Adam da tanınmış ola bilər və olur. Yəni tanınmaq çox şeylərin göstəricisi deyil. Ən birinci istedadın göstəricisi deyil. Tanınmaq bir az sürüşkən və şərti məsələdir.

-Sözsüz şərti məsələdir. Amma söhbət ondan gedir ki, tanınmış adamlar var. Nə fərqi nə ilə tanınıb?

- (Gülür) Yox, mənim üçün fərqi var.

- Şeytanı da hamı tanıyır. Amma əlimizə düşsəydi onunla söhbət edərdik. Və bu o demək deyil ki, biz Allahdan imtina edirik.

- Şeytanla müsahibə eləmək maraqlı olardı hər halda. Çünki, onun hakimiyyəti daha güclüdür. Və daha dayanıqlıdır, onun tərəfdarları daha çoxdur. Bir anlıq təsəvvür eləsək ki, Allah və şeytan mitinq eləyir, yəqin ki, şeytanın mitinqinə daha çox Adam gələrdi.

-Nədən bu qənaətə gəldiniz ?

- Hər şeydə şeytanın əlaməti var də. Onun ideolojisini daşıyanlar, onun sözü ilə oturub duranların sayının çoxluğu. Dünyanın birdən birə bu qədər maddiləşməsi. Heç Kim indii öz Aləmi ilə maraqlanmır. Yəni adamlar daha çox başqaları ilə maraqlanırsa bu şeytan işidir.


- Rahat adam görəndə narahat olursuz...

- Hə. Bu mənim həyat tərzimdir. Bir qəbil adamlar var, çox rahatdılar. Mən onlara qibtə eləmirəm, mən onlara nifrət də eləmirəm, mən onlara heç nə eləmirəm. Amma onlar mənə nəsə eləyirlər.

- Amma onlar haqqında arada danışırsınız.

- Deyirəm onlar mənə nəsə eləyirlər. İnsan bu qədər rahat ola bilməz ki. Tutaq ki, sənin evində, ölkəndə hər şey yaxşıdır.

Amma açıb televizoru Haitidə zəlzələni, minlərlə adamın həlak olduğunu görəndə mütləq narahat olmalısan.

Nələrsə insanı bir az sıxma-boğmaya salmalıdır.

SADƏ OLMAĞIN ZİYANLARI

- Siz həm də həmişə sadə olmağın əleyhinəsiniz. Deyirsiniz ki, sadəlik Adama heç də həmişə baş ucalığı gətirmir.

- Bəli. Söhbət ondan gedir ki, bəzən elə adamlar sənin yanında elə mətləblərdən danışır ki, əlin ayağın yerdən üzülür.

Və təvazökarlıq edib ona demirsən ki, bu məsələdən ümumiyyətlə sənin xəbərin yoxdur, deyəsən bunu mən bilirəm.

Sən bu barədə danışma. Ona görə mən həmişə gənclərə də tövsiyyə edirəm ki, yaxşı bir şer, hekayə yazanda onu harasa təqdim eləməkdən, yeri gələndə – mən yazmışam -deməkdən çəkinməsinlər.

Əks təqdirdə onların yerini başqaları tutacaq. Yüzlərlə, minlərlə Azərbaycan ədəbiyyatında, publisistikasında insanlar var ki, öz yerlərində oturmadılar. Abırlı, talantlı, ləyaqətli adamlar, kənara çəkildilər, meydanı başqaları götürdü.

-Başqa nə düşünürsünüz?

- Bir də həmişə düşünürəm ki, mən başqa dünyalarda, başqa qalaktikalarda, kosmosda, kainatda, kimin, nəyin olduğunu bilmədən ölüb getsəm bu rüsvayçı bir ömür olacaq.

Bu həm də o deməkdir ki, əgər 3-cü minillikdə də insan bunu bilmədən dünyasını dəyişib gedirsə, düşünürəm ki, Allahın tapşırdığı işləri hələ biz görməmişik.

“GÖR AĞDAM HARACAN KİÇİLİB...”

- Ağdamda doğulmusunuz.

- Bəli.

- 1969-cu ildə.

- Bəli.

- Yoxdu indi Ağdam.

- Heç 69-cu il də yoxdur.

- Nə var indi?

- Quzanlıya tədbirə getmişdim (Quzanlı Ağdamın kəndidir. Ağdam işğal olunandan sonra dövlət idarələri bu kəndədə yerləşir-İ.R.). Orada bir mədəniyyət evi var idi, tavanında qaranquş yuva qurmuşdu.

Yadıma Ağdamın rayonlara xas olmayan möhtəşəm mədəniyyət evi düşdü. Quş quşluğu ilə girə bilməzdi ora.

Düşündüm ki, gör Ağdam haradan hara qədər kiçilib. Ağdamlı qüruru haradan hara kiçilib. Yardım alan ağdamlı, çörəkpuluna növbəyə dayanan ağdamlı.

Təxminən bir 90-91-ci illərdə hansı ağdamlıya desəydin ki, sən gedib düyüdən, yağdan ötrü növbəyə dayanacaqsan, Adamı tapança ilə vurmağa həvəsi olmasa, bıçaqla vurub öldürərdi ki, o heç vaxt ola bilməz.

- Gedib gəlirdiniz işğaldan əvvəl?

- Nə qədər Bakıda yaşasam da, ildə bir neçə dəfə kəndimizə gedərdim və elə bilərdim ki, mən hinduyam və atamın meşəsində gəzirəm. Mən özümü yenə də hindu adlandırardım. Amma meşəm yoxdursa, deməli hindu deyiləm. Ən çox qorxduğum odur ki, torpaqlar işğaldan azad olunandan sonra, qarabağlılıq, ağdamlılıq itə bilər. Bu çox ağır bir şey olar.

- Nəyi almaq olmaz sizdən?

- İstəməzdim ki, məndən kimsə təxəllüsümü alsın. Çünki Ağsəs mənim atamın adıdır. Və ondan qalan yeganə vərəsə odur. Çünui mən atamı görməmişəm. Bəlkə yeganə adamam ki, heç şəklini də görməmişəm. Ümumiyyətlə ata məndə gəzmədiyim meşədə yemədiyim meyvə kimidir.

Ona görə onu istəməzdim. Məndən, ailədən, nəsildən gələn xüsusiyyətləri istəməzdim alsınlar. Yazmaq vərdişi, istedadımı deyək, onu heç kimə vermək istəməzdim. Heç kimə. Heç balama da ki, o ancaq özümdə qalsın. Çünki o yazmağın içində mən insanın ölümsüzlüyünə inanıram. Elə bilirəm ki, mən onu bacaracam. Yazmağın içində mən o real dünyaya alternativ dünya yarada bilirəm.

- Şeir oxumaqla aranız necədir, əhval nə vaxt yaranır?

- Şeir demək də mənim üçün onu yazmaq kimi intim bir şeydir. Bu məsələdə o qədər də həvəsli deyiləm. Auditoriya olanda, biləndə ki, burada şer deyəcəm mütləq oradan qaçıram. Amma özümlə olanda, piyada yol gedəndə, qar olanda, yaxşı yağış yağanda, qəşəng külək əsəndə belə bir əhval yaranır.

“ALLAHA MÜNASİBƏTİM OĞULUN ATAYA MÜNASİBƏTİ KİMİDİR”

- Allahlı şeirləriniz az deyil.

- Mənim şeirlərimdə Allaha münasibət, oğulun ataya münasibəti kimidir. Düzdür buradan bir az xaçpərəstlik iyi gəlir….

- Bu İsa peyqəmbərin Allaha münasibəti ilə uyğun gəlmir ki?

- Bəli onunla uyğunlaşdırıblar da. Amma deyim ki, bu normal bir şeydir. Şeirdə hər şey tapmaq olar. Bunu da tapıblar. Mənim Allaha silsilə şeirlərim yazıldı.

O şeirlərdə mən artıq Allaha nə yaltaqlandım, nə yalvardım. Mən Ondan çox şeyləri, bilmədiklərimi və bilmək istədiklərimi soruşdum. Düzünü deyim ki, həmin vaxtı Allahdan başqa üz tutmağa heç ünvanım da yox idi.

O şeirlərə görə də başım ağrıdı. İşə bax ey, Allahdan maşın, ev, karyera istəyən adamlar şeirə görə məni Allahsızlıqda ittiham eləməyə başladılar ki, Onunla belə rəftar eləmək olmaz.

Halbuki, Mən Allahla son dərəcə səmimi olmuşam. Bunu Kim bilməsə də Allah bilir. Ona görə mən Ondan qorxmadım da. O bizim ikimizin söhbəti idi. Və ayıb olsun o adamlara ki, bizim söhbətimizə qarışmaq istədilər.

- Allahdan çox danışdıq, həyat, insanlar, ölüm yadıma düşdü. Nə vaxt öləcəksiniz?

- ………Çox ağır sualdı bu vallah…..Mən onu hardan bilə bilərəm. Amma hər gün ölüm haqqında düşünürəm. Ölümü düşünmək Adamı məcbur edir ki, bir çox şeylərdən imtina edəsən.

Amma yahamaq haqqında daha çox düşünürəm. Və elə biliriəm ki, yaşamaq mənim görə biləcəyim o ən əsas işlərdən biridir. Düzdü 1000 il yaşamaq mümkün deyil, amma uzun yaşamaq istəyirəm.

- Əvvəldə verə biləcəyim bir sual. Özünüz necəsiniz?

- Özüm də Allaha şükür, qar yabğıb, keyfim yaxşılaşıb. Qara baxırsan, fikirləşirsən ki, nə yaxşı atamın Adı Ağsəsdir.

Mənim ağ şeylərdən o qədər də xoşum gəlmir. Amma yeganə qarın ağlığı həddən artıq xoşuma gəlir.

Həm də qar yerlə göy arasındakı nə etibarlı və ən maraqlı rabitə növüdür. Belə havada təbiətdə olmaq ayrı aləmdir.

Amma öz meşəmizdə. Öz meşəmiz, olsun, öz tülkümüz, öz canavarımız, öz dovşanımız olsun. Heyif də, yoxdu o yerlər.

Həmçinin oxu!

“Türkiyədə ən çox tanınan əsər Sabirin “Qorxuram” şeiridir”

Nobel ödüllü yazıçı Britaniyanı “terrorçu inkubatoru” adlandırdı

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG