Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:05

Yanukoviç prezident olsa…


Viktor Yanukoviç, 5 fevral 2010
Viktor Yanukoviç, 5 fevral 2010
Prezident İlham Əliyev Ukraynanı Azərbaycanın strateji tərəfdaşı adlandırır. Prezidentlik dönəmini artıq başa vuran Ukrayna prezidenti Viktor Yuşşenko da 2009-ci ilin iyununda Bakıya səfəri zaman iki dövlət arasında münasibətlərin sürətli inkişafına tərəfdar olduğunu bildirmişdi.

Ukraynada prezident seçkisinin nəticələri rəsmən elan edilməsə də, artıq ana müxalifətin lideri Viktor Yanukoviçin kiçik üstünlüklə də olsa seçkini qazanacağı gözlənilir. Həm rəsmi nəticələrə, həm də «exit-poll» hesablamalarına görə, o, Yuşşenko hökumətinin başçısı Yuliya Timoşenkonu təxminən 2 faiz üstələyir.

Bəs Ukraynada müxalifət liderinin hakimiyyətə gəlişi ölkənin Güney Qafqaz, o sıradan Azərbaycan siyasətinə hər hansı dəyişiklik gətirə bilərmi?

Politoloq Eldar Namazov düşünür ki, bu məsələdə namizədlər arasındakı fərqin bunca az olması olduqca önəmli amildir:

PRİNSİPİAL MƏQAM ONUN SEÇKİNİ HANSI FƏRQLƏ BAŞA VURACAĞIDIR


Eldar Namazov
- Müşahidəçilər seçkidən öncə də bildirirdilər ki, Yanukoviçin qalib gələcəyi ehtimalı böyük olsa da, prinsipial məqam onun seçkini hansı fərqlə başa vuracağıdır. Əgər bu fərq böyük olacaqdısa, o zaman Yanukoviç öz siyasətini yürütmək üçün mandat əldə edəcəkdi. Ancaq nəticələr arasında fərq çox az olduğundan o, «narıncı düşərgə»nin mövqeyini də nəzərə almağa məcburdur. Yanukoviçin qələbəsi şərtsiz qələbə sayıla bilməz. Bu səbəbdən Ukraynanın xarici siyasətində hansısa ciddi dəyişikliklər gözlənilən deyil. Əgər Yanukoviç heç olmasa, 10 faiz fərqlə qalib gəlsəydi, o zaman hansısa dəyişiklikləri ehtimal etmək mümkün olardı.

«Atlas» Araşdırmalar Mərkəzinin başçısı Elxan Şahinoğlu isə düşünür ki, prezidentlik Yanukoviçin indiyə qədərki siyasi görüşlərinə reallığın tələb etdiyi dəyişikliklər gətirəcək:

DÜŞÜNMÜRƏM Kİ, YANUKOVİÇ RUSİYANIN İSTƏDİYİNİ EDƏCƏK


- Mən düşünmürəm ki, Yanukoviç Rusiyanin istədiyini edəcək. Məncə, o, xarici siyasətlə bağlı addımlarında daha ehtiyatlı davranmağa üstünlük verəcək. Ukraynanın qərb bölgələri ölkənin Avropaya, şərqi isə daha çox Rusiyaya yaxınlaşmasının tərəfdarıdır. Bəllidir ki, Yanukoviç daha çox şərqlilərin dəstəyilə qalib gəlibsə də, qərblilərin də istəklərini nəzərə almalıdır.

Seçkiöncəsi çıxışlarında Ukraynanın da təmsil olunduğu GUAM-la bağlı fikirlərini açıqlayan Yanukoviç bildirmişdi ki, ölkənin bu qurumda qalıb-qalmamağı gündəmə gələ bilər. Çünki GUAM bir neçə ildir yaransa da, hədəflərinə çata bilmir. Bununla bağlı fikirlərini açıqlayan Elxan Şahinoğlu düşünür ki, bu fikirlərə yalnız prezidentliyə namizəd şəxsin mövqeyi kimi yanaşmaq gərəkdir. Prezidentlik məsuliyyəti bu fikri dəyişə də bilər:

VORONİN DƏ BELƏ AÇIQLAMALAR VERİRDİ


Elxan Şahinoğlu
- Yanukoviç prezident seçilsə, Ukraynanın dərhal GUAM-dan ayrılacağını düşünmək doğru olmazdı. Moldovada prezident kommunist Voronin də GUAM-ın önəmsizliyilə bağlı açıqlamalar verirdi. Ancaq sonradan nəinki Moldova qurumdan ayrıldı, əksinə GUAM-ın bir neçə toplantısına ev sahibliyi etdi. GUAM-ın effektiv qurum olub-olmaması məsələsinə toxunmayaraq düşünürəm ki, Yanukoviç Ukraynanı bu qurumdan geri çəkməyə tələsməyəcək. O, Qərblə Rusiyanın maraqları arasında balanslı siyasət yürütməyə çalışacaq. Yanukoviç Odessa-Brodi kəməri ilə Azərbaycan neftinin Avropa bazarlarına daşınması məsələsini də gündəmə gətirmişdi. Bu, onun Azərbaycanla gələcək işbirliyinə önəm verməsindən irəli gəlir. Bununla o, həm də ona işarə vurur ki, Ukraynanın Azərbaycanın enerji resurslarına ehtiyacı var. Ona görə də düşünürəm ki, bu yöndə o, Yuşşenkonun siyasətini davam etdirəcək.

Tarixçi alim Musa Qasımlı da Ukrayna-Azərbaycan münasibətlərinin gələcəyinə nikbin yanaşır. Onun sözlərinə görə, Yanukoviç seçilsə, o, MDB dövlətlərilə sıx tərəfdaşlığa söykənən xarici siyasət yürüdəcək:

UKRAYNADA HAKİMİYYƏTDƏ KİMİN OLMASINDAN ASILI OLMAYARAQ…


- Ukraynanın yeni prezidenti Qərblə Rusiya arasında daha tarazlaşdırılmış siyasət yürüdəcək. Təkqütblü siyasət Ukraynada son seçilərə qədərki dönəmin təkrarlanmasına səbəb ola bilər. Cəmiyyət siyasi partiyalar, liderlər arasında gedən qarşıdurmadan usanıb. Ukraynada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycanla isti münasibətlərin davam etdirilməsi bu ölkənin maraqlarına uyğundur.

Musa Qasımlı deyir ki, Ukrayna Avropa ailəsinin bir üzvü, Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində önəmli rolu olan ölkədir. Bu səbəbdən onun fikrincə, Ukraynanın maraqları Azərbaycanla bağlı indiyə qədərki siyasətinin daha da inkişafını tələb edir.
XS
SM
MD
LG