Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:49

Aleksand Dümaya işləyən yazıçılar...


Aleksandr Düma
Aleksandr Düma
Bəzi yazıçıların yaradıcılığının miqyası adamı dəhşətə gətirir. Məsələn, Lope de Veqa, Dikkens, Balzak, Düma, Zolya, Lev Tolstoy, Simenon, Aqata Kristi, Yulian Semyonov...

Onların qoyduğu irs onlarla cilddən, minlərlə səhifədən, milyonlarla sözdən ibarət xəzinədir. Adamda istər-istəməz belə bir şübhə yaranır – burada hər hansı “ədalətsiz oyun”dan söhbət getmir ki?

DÜMA MƏHKƏMƏDƏ...

1858-ci ildə Parisdə qalmaqallı məhkəmə prosesi başlayır. İddiaçı Ogüst Make Aleksandr Dümanı məhkəməyə verir, Dümanın 18 romanında onun da müəlliflik hüququnun tanınmasını tələb edir.

Make qalib gəlsəydi, həmin romanların bundan sonrakı nəşrindən əldə olunacaq gəlirlərin yarısı Makeyə çatmalı idi.

Düma bununla heç çür razılaşa bilməzdi. O deyirdi ki, Makeyə lazım olan qədər pul verib. Düma Makeyə məhkəmədə belə bir sual vermişdi: “Mən olmasaydım Makeni kim tanıyacaqdı?” Əlbəttə, Düma bunda haqlıydı.

Make varlı fabrik sahibinin oğlu idi.

O dostu Jerar de Nerval kimi ədəbiyyata böyük maraq göstərirdi. 1836-cı ildə Make “Renessans” teatrına “Karnaval gecəsi” dramını təklif edir.

Lakin teatr bu pyesi səhnəyə qoymaqdan imtina edir. Onda həmin vaxtlar Düma ilə işləyən dostu de Nerval bu əsəri Aleksandr Dümaya göstərmək qərarına gəlir.

Ogüst Make
Düma heç bir teatrın üzünə baxmadığı bu əsəri götürüb elə işləyə bilərdi ki, bütün teatrlar onu səhnələşdirməyə razı olardı. Həmin əsərdə Dümanı maraqlandıran, ona toxuna nəyinsə olması bəs idi.

Görünür ki, həmin kiçik nəsə Makenin əsərində olub. Ona görə də Düma əsəri götürür və dramı yenidən yazır. 1839-cu ildə əsərə “Batilda” adı verilir və səhnəyə qoyulur. Müəllif kimi isə Düma və Make göstərilir. Make bundan ruhlanır. Çox vaxt keçmir ki, Dümaya yeni romanlar gətirməyə başlayır.

“DAVAMI VAR” İXTİRASI...

1829-cu ildə Parisdə çıxan “Revyü de Pari” qəzetini çıxaran Veron ilk dəfə belə bir fikir axtarıb-tapır - “Davamı var”... Bu rubrikada o məşhur yazıçıların roman və felyetonlarını dərc etməyə başlayır. Tezliklə bu iş üzrə iki qəzet – Emil Jirardenin “Lya Press” və Ledrü Rollenin “Le Sekl” qəzetləri məşhurlaşır.

Ən çox tələbat “Parisin sirləri” əsəri ilə məşhurlaşmış keçmiş zabit Ejen Sü və və Aleksandr Dümaya idi.

Bu qəzetlər hər gün çıxdığından çoxlu sayda yeni əsərlərə tələb yaranırdı. Oturub daima işləməsi, xüsusilə də sürətlə yazması baxımından heç kim Dümaya rəqib sayıla bilməzdi. Bu sahədə ona çatan olmazdı.

O istənilən şəraitdə dayanmadan 14 saat işləyə bilərdi. İşi daha da sürətləndirmək üçün mavi rəngli daha böyük formatlı kağızlar sifariş verir. Böyük kağızlar sətrin uzun olmasına imkan verir və sətrdən-sətrə keçəndə əli az hərəkət etdirir, həm də vaxta qənaət edilir.

Mavi rəng isə gözün ağrımasının qarşısını almaq üçün idi. Düma vaxta qənaət üçün durğu işarələrini də qoymurdu, bunu onun əvəzində katibləri edirdi.

Yazıların məzmun baxımından keyfiyyətli olması üçün isə bir çox tarixi məlumatları dəqiqləşdirmək və axtarıb tapmaq lazım idi. Düma hesab edirdi ki, bu işi tarixi qəhrəmanları ədəbi qəhrəmanlar etməyi bacarmayanlara həvalə etmək olardı.

Elə Make kimi adamlara.

DÜMA İLƏ DÜMA-MAKENİN FƏRQİ

Beləliklə, onun Make ilə əməkdaşlığı başlayır. Make romanların eskizini gətirir, Düma da oları təzədən yazır. Ancaq nəşriyyata verəndə Düma iki müəllifin göstərilməsinə etiraz etmir. Lakin qəzetin sahibi Emil Jirarden deyir ki, Düma imzalı romanın sətirini 3 franka alıram. Ancaq Düma-Make imzalı romanın hər sətiri üçün isə 30 su verirəm. Özünüz seçin. Düma ilə Make fikirləşib razılığa gəlirlər.

Düma kitabı tək yazır və öz imzasını qoyur. Əvəzində Makeyə 8 min frank verir.

O vaxt üçün bu çox böyük məbləğ idi.

15 il ərzində - 1840-cı ildən 1855-ci ilə qədər Aleksandr Düma bu yolla yüzlərlə cild kitablar yazır. Əlbəttə, bu müddət ərzində bu qədər əsər yazmaq, hətta diqtə etmək mümkün deyildi. Düma işi belə qururdu.

Ogüst Make və Jerar de Nervalla yanaşı Dümaya başqaları da – Felisyen Malfil (o Jorj Sandla da işləyirdi), Pol Meris, Ogüst Vakeri (adəətən Viktor Hüqoyla işləyirdi), Anri Eskiros, Adrien Doza, Adolf de Leven əlyazmalarını təqdim edirdi.

Ancaq bir müddət sonra Dümanı “yıxıb-sürüyəm” yazılar işıq üzü görməyə başlayır.

250 FRANKA ALIB 10 MİN FRANKA SATIB?


Bunlardan ən böyük səs-küy salanı 1845-ci ildə işıq üzü görmüş Ejen de Merkuranın “Aleksandr Düma və Ko Ticarət Evinin Fabriklər Romanı” olur.

D"Artantan və üç muşketyor
Burda faktlarla yanaşı çoxlu şişirtmələr də vardı. Düma bundan çox qəzəblənir, müəllif Ejen de Merkuranı məhkəməyə verir. Ondan iddia etdiyi kimi əlyazmaları 250 franka alıb nəşriyyatlara 10 min franka satmasını sübut etməsini tələb edir.

Merkura bunu sübut eləyə bilmir və Dümadan üzr istəyir. Sonradan məlum olur ki, Merkur Dümadan onu da köməkçi kimi işə götürməsini istəyibmiş. Düma isə onun təklifini qəbul etməyibmiş.

Düma haqda belə yazılar yazılmağa başlananda ilk vaxtlar onun dostu və ortağı Make hələ ki Dümanın tərəfindəydi.

O hətta “Dümayla yazdığımız romanlarda öz müəllifliyimdən imtina edirəm. Düma mənə buna görə kifayət qədər pul verib” məzmunlu açıq məktub da yazmışdı. Həqiqətən də Dümanın “Üç müşketyor” və “Qraf Monte-Kristo” əsərlərinə Makenin həddindən artıq töhfəsi olub.

“Qraf Monte-Kristo”nun işıq üzü görməsi ilə Düma həddindən artıq varlanır. O əldə etdiyi gəlirdən özünə qəsr alır.

Make isə o qədər də baha olmayan villa alır. Bu villa ömrünün axırına qədər Makenin əlində qalır. Düma isə cəmi bir ildən sonra kreditorların, ailə üzvlərinin, qohum-əqrabasının ucbatından qəsrini satmalı olur.

MAKE VARLI ADAM KİMİ ÖLÜR, DÜMA İSƏ...

Satanda da sonradan Makenin ona qaytarması şərti ilə qəsrdə olan bəzi əşyaları ucuz qiymətə ona verməsiylə bağlı Make ilə razılaşır.

Sanki hər şey öz qaydasında gedirdi. Çünki Dümanın borca düşməsi çox olmuşdu.

Ancaq həmişə o belə çətin vəziyyətdən çıxmağı bacarırdı. Fikirləşirdi ki, uzağı üç roman yazıb yenə əvvəlki vəziyyətinə qayıdar. Bu vaxt Düma başa düşür ki, maliyyə cəhətdən Make onu aldadır və fırıldaq gəlir. Demək olar ki, onun pullarını oğurlayır. Düma bunu ona bağışlamır. Onunla əlaqələri tamam kəsir. Makenin sonralar təkbaşına yazdığı romanlar oxucularda heç bir reaksiya oyatmır.

Belə olanda Make müəlliflik hüquqlarından imtina etməsiylə bağlı yazdığı məktubdan təəssüflənir və Dümanı məhkəməyə verir. Düma məhkəmənin qərarıyla haqlı çıxır. Sonradan birgə işləmək üçün onları barışdırmağa cəhdlər olub. Ancaq barışmırlar.

Ölümündən sonra Aleksandr Dümanın oğlu Ögüst Makeyə yazıb ondan hər hansı iddiasının qalıb-qalmadığını soruşur.

Make belə bir ibrətamiz cavab yazır: “Bilin ki, atanızla mənim aramda pul məsələsiylə bağlı heç bir anlaşılmazlıq olmayıb. Onu da bilin ki, pul məsələsində biz haqq-hesab çəksəydik, o mənə yarım milyon borclu qalardı”.

Aleksandr Düma öz var-dövlətini sağa-sola xərcləyir, amma öləndə də heç nədən peşmançılıq çəkmir. Ogüst Make isə villasında varlı adam kimi ölür. Əsl şöhrətin ondan yan keçməsinə görə isə ömrünün axırına qədər heyfslənir.

Həmçinin oxu

“Allahdan ev, maşın istəyənlər məni allahsızlıqda ittiham etdilər”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG