Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:53

NABUCCO kəməri üçün Bakının şərtləri


Prezident İlham Əliyev, Münxen, 5 fevral 2010

Prezident İlham Əliyev, Münxen, 5 fevral 2010

İlham Əliyev Münxendə 46-cı Beynəlxalq Təhlükəsizlik Konfransında bildirib ki, Türkiyə-Ermənistan normallaşması Qarabağ probleminin həlli ilə paralel və bir paket halında getməlidir. Çünki Qarabağ regionda ən ciddi münaqişədir və onu həll etmədən digər problemlərin etibarlı həlli mümkün deyil.

Azərbaycan prezidenti bir daha qeyd edib ki, Bakı Türkiyə ilə Ermənistanın münasibətlərinə qarışmaq niyyətində deyil. Amma məhz Qarabağ münaqişəsinə görə bu məsələyə biganə qala bilmirlər. İlham Əliyev misal kimi göstərib ki, Türkiyə Ermənistanla sərhədini Azərbaycanın Kəlbəcər rayonunun işğalına görə bağlayıb. İndi belə çıxır ki, səbəb qalır, işğal davam edir, amma nəticə aradan qalxır.

Azərbaycan prezidenti bu məsələdə Ankaraya inandıqlarını deyib.
“Xəzər qazının Avropaya çatdırılmasını nəzərdə tutan Nabuko qaz kəmərini dəstəkləməkdə davam edirsinizmi” sualına cavabında İlham Əliyev bildirib ki, Bakı bu layihəni tam müdafiə edir və bununla bağlı bütün sənədlərə də qoşulub. Amma kəmərin həyata keçirilməsi üçün açıq qalan suallara cavablar tapılmalıdır.

Azərbaycan prezidenti deyir ki, bu layihədə işitrak edən digər tərəfdaşlarının nə qədər ciddi olduqlarını bilmək istəyirlər. Çünki həmin tərəfdaşların çoxu həm də NABUCCOya rəqib olan Şimal Axını, Cənub Axını kimi başqa layihələrdə iştirak edirlər: “Bundan başqa, Bakı bilmək istəyir ki, NABUCCO konkret nə vaxt tikiləcək, maliyyələşməsi necə olacaq”.
Prezident İlham Əliyev (solda), Münxen, 5 fevral 2010

İlham Əliyev bildirib ki, hazırda Bakının əsas prioriteti özünün qaz yataqlarının işlənməsi üçün lazım olan 20 milyard dollar sərmayənin cəlb edilməsidir. Çünki Azərbaycanın qarşıdakı yüz ilə də çatacaq qədər qaz ehtiyatları var. Bakı bilir ki, Avropada qazının alıcıları da var. Ona görə də istehsalçı, tranzit və istehlakçı tərəflər arasında mümkün qədər tez razılaşmanın imzalanmasını gözləyir.

İlham Əliyev deyib ki, Bakı öz qazının istehsalı üçün lazım olacaq milyardlarla dollar sərmayəıni qoymağa hazırdır. Amma həmin qazın Avropaya çatdırılması üçün lazım olan sərmayənin mənbələri də müəyyən edilməlidir.

AzərTAc informasiya agentliyinin məlumatına görə İlham Əliyev bu gün Münxendə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Rəsmi məlumatda görüşdə Qarabağ münaqişəsi, regional və digər məsələlərin müzakirə edildiyi bildirilir.Münxendə

Agentlik prezidentin ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq ilə də görüşdüyünü, onların Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mbadiləsi apardıqlarını bildirir.

Bu gün Tbilisidən Münxenə gedərkən Ceyms Steynberq bildirmişdi ki, o, bugünlərdə Ermənistan prezidenti ilə Qarabağ münaqişəsinə dair müzakirələr aparıb. İlham Əliyevlə görüşdə də həmin müzakirələri davam etdirəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG