Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:14

Fotoqraf Avropa Məhkəməsinə üz tuta bilər!


Tahir Cəfərov: «Avropa Məhkəməsinə ona görə müraciət etmək istəyirəm ki, belə restoranlar cəzasını alsınlar»

Tahir Cəfərov: «Avropa Məhkəməsinə ona görə müraciət etmək istəyirəm ki, belə restoranlar cəzasını alsınlar»

Təəccübləndiniz, deyilmi? Düşündünüz ki, fotoqraf hara - Avropa məhkəməsi hara? Jurnalist deyil, hüquq müdafiəçisi deyil... siyahını artırmaq da olardı. Keçək Bakı sakini Tahir Cəfərovun başına gələnlərə. Əvvəlcə onu deyək ki, bu, onun peşə fəaliyyəti ilə bağlı deyil. Tahir Cəfərov qeyri-adi bir iş tutmayıb. Sadəcə, hamı kimi il yarım öncə oğluna toy etmək istəyib. 2008-ci il avqustun 25-də Bakının şadlıq saraylarının birində oğluna toy çaldırıb. Hər şey də, elə burdan başlayıb, atalar demiş, toydan sonra mərəkə... Yox, yaxşısı budur, hər şeyi onun öz dilindən eşidək.

- Tahir bəy, eşitdik Avropa məhkəməsinə müraciət etmək istəyirsiniz?
- Bəli, artıq son mərhələdəyəm.

- Gəlin, əvvəldən başlayaq. Əhvalat necə oldu?
- Oğluma toy eləmişəm. Lazım olan məbləği ödəmişəm. Ancaq...

- Hansı şadlıq sarayını seçmişdiniz?
- «Mübarək» şadlıq sarayını. O «Şükür» MMC-yə məxsusdur.

- Necə keçdi toy?
- 150 nəfərlik yer sifariş vermişdim. Mənə dedilər ki, 50 yer də artıq ödəməlisən. Ən əsası, müqavilə bağlamadılar. Dedilər, axırda eləyəcəyik. Axırda da bağlamadılar. Mənə çek də vermədilər. Həm də, aldatdılar. Məsələn, şampan şərabı süzməliydilər bəylə-gəlinin qədəhlərinə, əvəzində su süzdülər...

- Nə danışırsınız?
- Hələ bu harasıdır? Saymaqla qurtarmaz. Nəzərdə tutulan yeməklərin bəzisi verilmədi. Süfrəyə bahalı araq əvəzinə ucuzunu qoydular. Toyda zəhərlənənlər oldu. Halbuki demişdilər ki, biz hacıyıq, keyfiyyətsiz ərzaq olsa, pulu geri qaytaracağıq. Müğənni çox gec gəldi çıxdı. Toya xidmət göstərənlər əsl mənada dilənçilik etdilər, qonaqlarla kobud davrandılar, ofisiantlar oğurluq etdilər. Peşəkar fotoqraf olduğuma baxmayaraq, qəsdən mənə çəkiliş etməyə icazə vermədilər. Sürücü və çalğıçılar bəylə-gəlini evə aparmaq üçün əlavə pul tələb etdilər. Yeməklər vaxtında çatdırılmadı. Tort verməlidirlər, əvəzində maketini verdilər. Halbuki natural tortun pulunu ödəmişdim. Gətirdilər qəşəng, adam əl də vurmaq istəmir ki, əli batar. Sən demə, kağızdan imiş! Özü də, bu maketi bütün toylarda işlədirlər. Bunların hamısını məhkəmədə şahidlər də dedilər.

- Hansı məhkəmədə?
- Xətai rayon məhkəməsində. Hakim Azad İmanov əvvəlcə dedi ki, sizə inanırıq, şahidlər yalan danışmırlar və s. Axırda da mənim hüquqlarımı pozdu. Başa düşdüm ki, bu məni müdafiə eləməyəcək. Başqa orqanlara müraciət etdim. İstehlakçı Hüquqlarını Müdafiə Cəmiyyəti mənə kömək etmək istədi. Onları da elə günə saldılar ki... Apellyasiya məhkəməsində mənə heç söz də vermədilər. Sözümü kəsib, qarşı tərəfi dindirdilər. Qarşı tərəf də, hər şeyi boynundan atdı. Dedi, bunlar yalan deyir. Bildirçin əti əvəzinə göyərçin əti verdilər elə oradaca sübut elədim ki, bu göyərçin ətidir. Kiyev kotletini barmaq boyda bişirib gətirdilər. İstehlakçılar cəmiyyətinin eksperti dedi ki, bunun çəkisi 300 qrama yaxın olmalıdır. Dedi, biz belə bişiririk, nə istəyirsən elə. Toyu 2 saat gecikdirdilər...

- Niyə gecikdirdilər? Məqsəd nə idi?
- Sürücü deyir, təkərim partlayıb. Çalan deyir qarmonum xarab olub. Qonaqlar da gözləyir. Məhkəmədə də mənə və şahidlərə dedilər ki, nə olsun gec başladı, sizin əlinizdən yeməyi alan vardı? Bəli, stolun üstünə yeməklər qoyulmuşdu. Ancaq çox yönsüz şeylər idi. İki saatdan sonra toyuğu gətirdilər. Bir az keçən kimi başladı iy verməyə... Restoranda bir nəfər mənə dedi, çox çığır-bağır salma, müqavimət göstərmə. Belə etsən, səni də, oğlunu da, apararlar polisə, cibindəkiləri də alarlar, başına da oyun açarlar. Oğlunu da elə günə salarlar ki, bəyliyi yaddan çıxar...

- Necə yəni, deyəydiniz ki, mən öz hüquqlarımı qoruyuram...
- Restoranda məndən sifariş vermədiyim 50 yerin davasını eləyirdilər, oradakı polis dedi ki, verməlisən!

- Verdinizmi?
- Məcbur olub verdim.

- Niyə?
- Dedi bu saat səni aparacağıq polisə. Ofisiant da mənə demişdi ki, aparacaqlar, elə günə salacaqlar ki… Fikirləşdim ki, bir oğlum var, toyu qırğınla qurtarmasın. Dedim, pulu verirəm, ancaq burnunuzdan gətirəcəyəm. İndi mən onlara qarşı mənəvi ziyan maddəsi ilə isk qaldırmışam. Hansı məhkəmədən soruşuram, deyirlər, bizdə mənəvi ziyan verilmir. Ancaq ötən il mayında istehlakçı hüquqlarının pozulması ilə bağlı prezident fərmanı var. Orada yazılıb ki, hüquqları pozulan istehlakçıya mənəvi ziyan ödənilməlidir... Təsəvvür edin ki, bu restoranda 3 toy təşkil olunubsa, üçündə də dava gedir. Heç belə şey olar?

- İndi məsələ nə yerdədir?
- Apellyasiya məhkəməsindən keçdim. Orada da onları müdafiə etdilər. İndi qalıb Ali Məhkəmə. O da şikayətimi təmin etməsə, Avropa Məhkəməsinə müraciət edəcəyəm. Tək özümə görə yox. Başqalarını da fikirləşmək gərəkdir. Toylarda zəhərlənib evlərə daşınan insanlara görə kim cəzalanmalıdır?

- Tahir bəy, ötən il bir toyda mənim də başıma gəldi bu...
- Avropa Məhkəməsinə ona görə müraciət etmək istəyirəm ki, belə restoranlar cəzasını alsınlar.

Şərhləri göstər

XS
SM
MD
LG